İranda hicab qaydalarının yumşaldılması xəbəri böyük səs-küylə qarşılandı və müxtəlif aspektlərdə müzakirələrə çıxarıldı. Xatırladaq ki, 2022-ci ildə İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlar xüsusən gənclər və qadınlar arasında ciddi sosial təlatüm yaratmışdı. Dövlət bu hərəkatı tam boğa bilmədi və ictimai narazılıq “səssiz müqavimət” formasında davam etdi: qadınlar hicabsız küçəyə çıxmağa davam etdilər… Bu qədər fasilədən sonra bu gün hicab qaydalarının yumşaldılması qərarının gündəmə gəlməsi ictimaiyyətdə belə bir fikir formalaşdırdı ki, məhz 2022-ci il proseslərinin nəticəsi olaraq, hakimiyyət müəyyən dərəcədə kompromis addım ataraq sərt nəzarəti yumşaltmağa məcbur qalıb. Düşünmək olar ki, Qərblə, xüsusən Avropa ilə diplomatik əlaqələri bərpa etmək, “yumşaq imic” yaratmaq İran üçün strateji məqsədə çevrilib. Eyni zamanda, bu, daxili sabitliyi qorumaq və beynəlxalq münasibətləri düzəltmək üçün taktiki addım kimi dəyərləndirilir.
Azərbaycandan İrandakı bu proseslər necə görünür? Baş verənlərin ölkəmizə nə kimi təsiri ola bilər?
Hafta.az olaraq siyasi və dini yanaşmalar etdik.
“Bu yumşalma Pezeşkian hökumətinin hədəflərindən biri ola bilər”
Millət vəkili Fazil Mustafa İranda belə bir qərarın qəbul olunmasının hələ ki, öz təsdiqini tapmadığını bildirir. Qeyd edir ki, qanunvericilikdə belə bir dəyişiklik yoxdur.

Deputat hesab edir ki, hicabla bağlı məlumat ziddiyyətli ola bilər: “Ola bilsin, hökumət qərarı ilə hansısa yumşalma nəzərdə tutulsun, amma bunun hələ ki, hansı formada həyata keçirilməsi bəlli deyil. Bu, prinsip kimi həll olunmalıdır. Düşünürəm, belə bir yumşalma əslində Pezeşkian hökumətinin hədəflərindən biri ola bilər. Daha çox liberal cinahı təmsil etdiyinə görə, insanlara belə bir hürriyyətin verilməsi və cəmiyyətdə də bunun nə qədər böyük təlatümlər yaratdığını artıq hamı bilir. Bu baxımdan, hicabla bağlı bu qərar verilərsə və reallıqda tətbiqi mümkün olarsa, bu, İran cəmiyyətində ən azı qadınların elementar hüquqlarının həyata keçirmə imkanlarının yaranması mənasına gələcək”.
F.Mustafa bildirir ki, bunun siyasi detalları qaçılmazdır. Belə ki, hər hansı bir siyasi cinah bundan divident götürməyə çalışacaq:
“Bu, dividenddən başqa, həm də bir xalqın əhəmiyyətli hissəsini təşkil edən qadınların vacib saydığı məsələlərdən biridir. Eyni zamanda, təkcə qadınları yox, elə ailə strukturuna aid olan böyük bir sıxıntı yaradan məsələdir. Ona görə də bunun nə dərəcədə diskriminasiya mövzusu olacağı qərar qəbul olunandan sonra daha aydın görünəcək. Ola bilsin ki, belə bir hüquq verilər, amma onun tətbiqi problem olar. Hər halda, bu, İranın daxili işləri olsa da, həm də siyasi cəhətdən imici üçün vacibdir. Bunu çox vaxt zorakı din rejimi kimi qiymətləndirən Avropa və ABŞ-nin mövqeyinə də bu əhəmiyyətli şəkildə təsir göstərəcək”.
Deputat İranın belə bir qərarının Azərbaycanla əlaqələndirilməsi məsələsinə də toxunub. Bildirib ki, Azərbaycanda əslində bürünmə və başqa geyim formaları könüllüdür:
“Bizdə insanları buna məcbur edən hansısa bir qanunvericilik nümunəsi yoxdur. Eyni zamanda, başını bağlayan insanlara da hər hansı bir şəkildə diskriminasiya yoxdur. Bunu ideoloji simgəyə çevirən İran rejimi var və daha çox onun tərəfdarları bunu tez-tez gündəmə gətirmək üçün istifadə edirlər. Düşünürəm, bu məsələnin bizim cəmiyyətdə qanunvericilik baxımından heç bir problemi yoxdur. Buna əməl etməyə görə, yaxud kiminsə əməl etməməsinə görə də heç bir məsuliyyət yoxdur. Ona görə də bizdə narahatçılıq keçirməyə əsas yoxdur”.
Deputat vurğulayır ki, İranda İslam dininin ucuzlaşdırılması məhz geyimlə, ya da məcburi ibadətlə özünü büruzə verir. Bu da İslamın özünə ziyan gətirir:
“Ona görə də çalışmaq lazımdır ki, İslama ziyan gətirən məsələləri siyasi ambisiyaların bir vasitəsinə çevrilməsinə yol verilməsin. Dünyəvi dövlətlərdə bu problem olmur. Dünyəvi olmayan dövlətlərdə həmişə belə bir problemlə qarşı-qarşıya qalmaq mümkündür”.
“İran hökuməti, sadəcə, reallıqla barışdığını etiraf etdi”
İlahiyyatçı Tural İrfan bildirir ki, ümumiyyətlə, din, inanc məsələsi könüllüdür və heç kəsi hansısa inanca, yaxud geyimə məcbur etmək islami hökmlərdə yoxdur.

İlahiyyatçının fikrincə, sadəcə, İran kimi mühafizəkar rejimlərdə din adı altında əhalini idarə etmək üçün bəzi qaydalar icad edərək tətbiq edirlər. Buna da xalq haqlı olaraq etiraz edir:
“İnsanlar dini bilir və onu da qəbul edir ki, bu cür sərt qaydalar dinin yox, rejimin tələbidir. Xatırlayırsınızsa, Məhsa Əmini adlı iranlı qadının bu məsələyə etirazı üzərindən böyük iğtişaşlar baş verdi və nəticədə qadınlar hicabdan kütləvi şəkildə imtina etdilər. İranın Orta əsrlərə dayanan teokratik quruluşu nəticə etibarilə xalqı dindən uzaq salır və din adı ilə tətbiq etdiyi qaydalar vasitəsilə İslamdan ikrah etdirir. İrana qarşı beynəlxalq təzyiqlər, habelə daxildəki etirazlar şiddətlənir. Onsuz da bu qərardan əvvəl də xalq məcburi hicabdan imtina etmişdi. Hökumət sadəcə reallıqla barışdığını etiraf etdi. Nə vəhy gəldi, nə də İmam Mehdi zühur etdi, yalnız özlərindən din adı ilə təqdim etdikləri qərardan vaz keçdilər”.
T.İrfan qeyd edir ki, ABŞ-nin və Avropanın sanksiyaları yaxınlaşdığı bir ərəfədə İranın daxili auditoriyanın könlünü almaq xarakteri daşıyan bu qərarının davamlı olması zəruridir. Onun sözlərinə görə, başqa məsələlərdə də yumşalmalar labüd və qaçılmazdır:
“Şübhəsiz, bu, dini deyil, siyasi qərardır. İran dini siyasiləşdirməklə İslama və müsəlmanlara böyük zərər vurur. Siyasi qərarlara məcbur olarkən dini təhrif etməyə də vadar olur. Xurafat və mövhumat elə bir zəhərdir ki, kənardan cəlbedici və şirin görünür. Elə ki, ona düçar olundu, bir müddət davam edir. Müəyyən zamandan sonra İrandakı kimi əhali ayılır və bundan kütləvi şəkildə imtina edir. Bizdə isə xurafat və mövhumat hələ təzə yayılır. Ona görə cəlbedici görünür. Beləcə, müəyyən bir kütlə bürünməyə, radikallığa, mühafizəkarlığa meyllidir. Lakin müəyyən dövr keçdikdən sonra dərk edib mahiyyətini anlayanda görəcəklər ki, İslam məcburiyyət qəbul etmir, xurafatı, mövhumatı rədd edir, dünyəviliyi, inkişafı, elmi vacib sayır. Özünü dünyadan, müasir sosial həyatdan təcrid etməyi qəbul etmir”.
T.İrfan vurğulayır ki, İranın bu qərarında Prezident Pezeşkianın da böyük rolu var:
“İslahatçı ümidlərlə hakimiyyətə gələn prezident bu reallığın qaçılmaz olduğunu mollalara qəbul etdirə bildi. Əgər söhbət dindən gedirsə, dində də islahatların olması vacibdir. Həmçinin reformun həyata keçirilməsi zəruri və labüddür. Hökmlər zamana, tələblərə, dövrə uyğun olmayanda cəmiyyət bundan qaçır, uzaqlaşır. Nəticədə, mühafizəkarlar bu hökmləri Əfqanıstanda olduğu kimi zorla tətbiq etməyə cəhd edirlər. Bu da bir müddət sonra siyasi partlayış və üsyanlarla, etirazlarla nəticələnir. Ona görə də dinin hökmlərinin zamana, dövrə, ehtiyaclara uyğun olaraq tətbiq edilməsi önəmlidir. Bunun üçün də din alimləri islahat aparmalı, dində reform edilməlidir. Ərəb milli adəti olan çarşaba bürünməyi İslamın tələbi kimi zorla qəbul etdirməyi artıq müasir və təhsilli müsəlmanlar qəbul etmir. Ölkəmizdə dini maarifçilikdə vaxtilə yol verilmiş müəyyən boşluqlar İranın siyasi İslamının, sələfiliyin mühafizəkar əhkamlarının, xurafi və radikal təsirlərin ayaq açmasına şərait yaradıb. Ölkədə müasirliklə, milli dəyərlərimizlə ayaqlaşan, elmi, mədəni İslam təbliğ olunmalıdır. Ölkəmizdə bürünməyi əmr edən dini cərəyanlar, əsasən, İran din modelini və sələfi – vəhabi etiqadını təmsil edənlərdir ki, bunların da yerli, ənənəvi dinlə əlaqəsi yoxdur, xarici təsirlərdən doğan cərəyanlardır. Milli qadın geyimlərimiz əvəzinə, ərəblərin milli geyimini, bədəvilik adətlərini təqdim edirlər. Ona görə də milli din modelimiz formalaşmalıdır. Əks halda, xaricdən qaynaqlanan din modellərini təmsil edənlər cəmiyyəti çaşdıracaq, ikitirəliyə, Orta əsrlərə aparacaq”.