Azərbaycana yaxın bölgələrdə cərəyan edən hadisələr, Rusiyada baş verən son terror aktı ölkəmizdə də dini təhlükəsizlik məsələsinə diqqəti artırıb. İstər şimal qonşumuzda yaşanan olaylar, istərsə də cənub qonşumuzdan daim gözlədiyimiz təhlükənin yaratdığı reallıqlar və digər məsələlər ətrafında Milli Məclisin deputatı Ceyhun Məmmədovla söhbətləşdik:
– Cənubi Qafqazda marağı olan qüvvələrin - Qərbin, Avropanın Azərbaycan-Ermənistan üzərindən bölgədəki vəziyyətin gərginləşməsinə yönəlik addımlarında din amilindən necə istifadə olunur?
– Vətən müharibəsində əldə olunan qələbədən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atıldığı halda, Qərb bölgəmizdəki proseslərə aqressiv müdaxilə edir. Bu, bölgədəki hazırkı vəziyyətin gərginləşməsinə yönələn, Qərbin bölgəmizdə möhkəmlənməsi üçün atdığı addımlar kimi dəyərləndirilməlidir. Brüssel görüşü həmin prosesin tərkib hissəsi idi. Azərbaycanın iştirakı olmadan regionla bağlı atılan bütün addımlar heç bir effekt verməyəcək.
Azərbaycan ilk gündən münaqişənin dini zəmində baş qaldırdığını qəti şəkildə rədd edib. Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistan bu amildən Azərbaycan əleyhinə istifadə edir və davamlı olaraq münaqişənin dini müstəvidə olması barədə təbliğat aparır. Ermənilər dünyaya səs salmağa çalışırlar ki, guya Cənubi Qafqazda müsəlmanlar xristianları qətlə yetirirlər. Xüsusilə də dini təəssübkeşliyi yüksək olan qruplar, insanlar bu fikri qəbul edib etiraz bildirirlər. Əslində isə bu münaqişənin Ermənistan tərəfindən hansı məkrli torpaq iddiaları əsasında yarandığı hər kəsə yaxşı bəllidir. Aydın məsələdir ki, Ermənistan Azərbaycana qarşı dini müstəvidə hücumların olmasına çalışır. Bu mənada bir çox Qərb ölkələrindən Ermənistana olan dəstəyin arxasında dini təəssübkeşlik durur.
– Avropa İttifaqı, ABŞ-nin regionda Ermənistanın yanında olduğunu ifadə edən Brüssel görüşündən sonra Paşinyan Azərbaycanla bağlı öhdəliklərini yerinə yetirməkdən imtina etməyə başladı, sərhəddə təxribatlar törətdilər. Belə bir fonda dinimiz bir olan, qonşu İranın susqunluğu, əksinə, İsraillə bağlı Azərbaycanı hədələməsi nədən xəbər verir?
– Azərbaycanla İran arasında münasibətlərin normallaşması üçün hər iki dövlət tərəfindən addımlar atılır. İranda, hətta Azərbaycan Səfirliyinin bərpası istiqamətində də müəyyən addımlar var. Sadəcə olaraq bir müddət bundan əvvəl Brüssel görüşü ərəfəsində İranın bu məsələyə susqun mövqe nümayiş etdirməsi bizdə suallar yaratmışdı. Əslində, gözləntimiz bu idi ki, İran məsələyə çox sərt reaksiya verəcək. Ermənistanın bölgəmizə kənar qüvvələrin gətirilməsinə heç bir reaksiya göstərmədi. Qeyd etmək lazımdır ki, sonrakı mərhələdə biz İranın məsələ ilə bağlı münasibət bildirdiyinin şahidi olduq.
Bütün hallarda Azərbaycan bölgədə gərginliyin artmasının tərəfdarı deyil. İran yaxın qonşumuzdur və münasibətlərin normallaşmasında maraqlıyıq. İran özü də Azərbaycanın regionla bağlı narahatlığını nəzərə almalı və öz siyasətində bu kimi məqamlara həssas yanaşmalıdır.
– Bölgədə vəziyyətin gərginləşməsi fonunda İran Azərbaycandakı proksi qüvvələrini fəallasdıra bilərmi?
– İran Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Ona görə də hazırkı dövrdə hər hansı gərginliyin yaranmasını istəmir. Eyni zamanda hesab edirəm, İranın daxilindən Azərbaycana qarşı yönəlmiş müəyyən əks-təbliğatlar var. İran bu təbliğatın qarşısını almalı, Azərbaycanın daxilində dini proseslərə müdaxilə etməkdən çəkinməlidir.
İranın dövlət nizamının əsas mahiyyəti, məqsəd və məramı, həm də İslam inqilabının digər müsəlman ölkələrinə ixracıdır. Bunun üçün də İran zaman-zaman müxtəlif ölkələrdə bir sıra addımlar atır və tədbirlər həyata keçirir. İran uzun illər Azərbaycanda da bu siyasəti həyata keçirmək üçün özünə müəyyən bir bazanı formalaşdırmağa çalışıb. Təbii ki, dövlətimiz bu istiqamətdə müəyyən tədbirlər görüb.
– Azərbaycanda “İslam dini” anlayışı insanların geyimlərindəki qapanmalar, görünüşlərində baş verən digər dəyişikliklərlə daha çox müşahidə olunur. Bu durum nə ilə əlaqələndirərdiniz?
– Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da dinə qayıdış var. Hesab edirəm, dinə qayıdan insanların sayı getdikcə artır. Bu proses bir tərəfdən, müsbət olsa da, digər tərəfdən mənfidir. Bu prosesdən istifadə edən ayrı-ayrı ölkələr özləri üçün müəyyən bir dini elektorat formalaşdırmağa çalışırlar. Bu mənada, İran da Azərbaycanda dini proseslərə müdaxilə edərək öz elektoratını formalaşdırmağa çalışır. Dövlət bu istiqamətdə ciddi addımlar ataraq belə halların qarşısını alır. Biz din siyasətimizi elə bir formada aparmalıyıq ki, əlavə gərginliklər yaranmasın.
– Nardaran-Gəncə hadisələri fonunda İranın təxribatçı fəaliyyətinin şahidi olmuşuq. Geosiyasi gərginliyin artması fonunda bu məsələyə nəzər salsaq, belə qüvvələri nə dərəcədə zərərsizləşdirə bilmişik?
– Ötən müddətdə Azərbaycanın müvafiq dövlət qurumları - Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi bu istiqamətdə xeyli işlər görüb. Həm Gəncədə, həm Nardaranda baş verəcək təxribatların qarşısı dövlət qurumlarımız tərəfindən alınıb. Proses tam bitməyib. Gələcəkdə də belə halların baş verməməsi, yenidən təkrarlanmaması üçün dini sahədə çoxlu islahat aparmalı, tədbirlər həyata keçirilməlidir. Bu cür dini təxribatçı cəhdlər olub və gözlənilən odur ki, yenə də olacaq. Bunların baş verməməsi üçün dini təhlükəsizliyimizi gücləndirməliyik.
– Azərbaycandakı radikal dini cərəyanlar mövcudluğunu necə qoruyur və onlara qarşı daha hansı addımlar atılmalıdir?
– Hər bir radikal qrupun yekun məqsədi siyasi hakimiyyəti ələ keçirməkdir. İŞİD, “Taliban”, “əl-Qaidə” və digər dini qruplar bu siyasətlə hərəkət edib. Ona görə də bu məsələlərdə diqqətli olmalı və elə etməliyik ki, gələcəkdə problemlər yaşamayaq.
Hazırda ölkəmizdə özünü hər hansı formada göstərən dini radikallıq yoxdur. Dövlət güclü olduğuna görə və dövlət strukturları ciddi addımlar atdığı üçün radikal qüvvələr hansısa açıq fəaliyyətdən çəkinirlər. Onlar daha çox çalışırlar ki, öz elektoratlarını gələcəyə hesablanmış planlarına əsasən gücləndirsinlər. Hazırda dini radikal qruplar görünmür. Görünməz olmaları belə qrupların heç olmadığı anlamına gəlmir. Onlar sadəcə olaraq gələcəkdə baş qaldırmaları üçün münbit şərait gözləyirlər. Biz bu prosesə elə formada hazırlaşmalıyıq ki, gələcəkdə onun əziyyətini çəkməyək.
– Bu sahədə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulurmu?
– Qanunvericilik kifayət qədər güclüdür. Bizim qanunvericilik bazası ilə bağlı heç bir problemimiz yoxdur. Hesab edirəm, biz dövlət-din siyasəti konsepsiyasını qəbul etməli, ümumi strategiyanı müəyyənləşdirməli, eyni zamanda, güclü dini maarifləndirmə işi aparmalıyıq ki, gələcək problemlərdən özümüzü sığortalaya bilək. Profilaktik tədbirlərlə paralel olaraq maarifləndirmə işləri də aparılmalıdır.
– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində rəhbər dəyişikliyi baş verdi. Həmin qurumun fəaliyyətində hansı dəyişikliklərə zərurət var?
– Bu, davamlı olaraq həyata keçrilən bir siyasətdir. Cənab Prezidentin özünün sərəncamına əsasən dəyişiklik edildi. Görünür, dəyişikliyin baş verməsi üçün hansısa ciddi əsaslar var idi. Görünən odur ki, din sahəsində cərəyan edən proseslər səngimir. Əksinə, getdikcə daha da gərginləşir. Belə bir addımın atılması, din sahəsində islahatların keçirilməsi, problemlərin qarşısının alınması üçün atılmış addımdır. Dinlə bağlı həyata keçirilən islahatlar məsələsini təhlil edəndə görürük ki, insanlarımızın din haqqında kifayət qədər məlumatı yoxdur. Bu da onların zərərli dini təriqətlərin qurbanına çevrilməsinə aparıb çıxarır. Ona görə də dini maarifləndirmə işləri maksimum formada sürətləndirilməlidir. Eyni zamanda qeyd etdiyimiz kimi, islahatlar aparılmalıdır. Məscidlərdə təmizlənmə işləri aparılmalıdır. Bəzi məscidlərimizdə bu kimi problemlər qalır. Onların qarşısını almaq üçün real addımlar atılmasına ehtiyac var. Dini konsepsiyanın, strategiyanın radikal qruplarla mübarizə istiqamətində tədbirlər planının hazırlanmasına da ehtiyac var.
– Daxili sabitliyin pozulmasına yönələn dini radikal cərəyanların gizli fəaliyyətini aşkara çıxarmaq və yaxud gənclərin din adı altında yanlış istiqamətərə yuvarlanmaması üçün istər orta, istər ali təhsil müəssisələrində, ailə institutları ilə aparılan işlər nə dərəcədə qaneedicidir?
– Məktəblərdə din məsələləri Həyat bilgisi dərsliyində verilir. Hesab edirəm ki, bu, yetərli deyil. Biz orta məktəblərdə, ali təhsil müəssisələrində uşaqlara, gənclərə din haqqında bilgilər verməliyik. Söhbət dinin tədrisindən getmir. Söhbət din haqqında məlumatların, bilgilərin verilməsindən gedir. Bu prosesə ölçülmüş-biçilmiş, ağıllı formada yanaşmalıyıq.
Eləcə də vətəndaş cəmiyyətləri bu sahədə böyük işlər görə bilərlər. Onların bu sahədə çox geniş imkanları var. Bu istiqamətdə vətəndaş cəmiyyətlərinin gördüyü işlər qaneedici deyil. Vətəndaş cəmiyyətləri bu sahəyə daha çox töhfə verməyə çalışmalıdırlar.