Diplomatik etimadın təzahürü

15:30 10.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 16-dan etibarən Azərbaycan və Çin Xalq Respublikası arasında ümumvətəndaş pasportuna malik şəxslərin vizasız gediş-gəlişini təmin edən saziş qüvvəyə minəcək. Sənədə əsasən, Azərbaycan və Çin vətəndaşları qarşılıqlı olaraq, hər 180 gündə 90 günədək vizasız səfər edə biləcəklər. Bu addım Azərbaycanın qlobal diplomatik xəritədə fəallığını və strateji baxışını bir daha nümayiş etdirir. Sözügedən saziş təkcə iki ölkə arasında texniki gediş-gəliş məsələsi deyil, həm də Azərbaycanın region ölkələri və beynəlxalq güc mərkəzləri ilə artan əməkdaşlığının bariz nümunəsidir. Azərbaycan və Çin arasında vizasız rejimə keçid, hər iki dövlətin daha açıq, çevik və müasir diplomatik yanaşma sərgilədiyini göstərir.

Qeyd edək ki, müasir Azərbaycanla Çin münasibətlərinin tarixi 1991-ci ildən başlayıb. Çin Xalq Respublikası ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Çinlə Azərbaycan arasında diplomatik münasibətlər isə 1992-ci il aprelin 2-də qurulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri isə bugünkü münasibətlərin dayanıqlı təməlini qoyub. Ulu Öndərin Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənərək, daha sürətli inkişaf mərhələsinə qədəm qoyub.

Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı hər iki ölkənin dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. Şərq-Qərb qarşılıqlı əlaqələrində əsas həlqə kimi mühüm geostrateji əhəmiyyətə malik olan Azərbaycan Çin ilə hərtərəfli əlaqələr qurub və bu əlaqələr daim artan dinamika üzrə inkişaf etməkdədir. Azərbaycanla Çin arasında münasibətlər “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Ticari-iqtisadi və tranzit-logistika layihələrinin reallaşdırılması ilə yanaşı, elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir. Bu baxımdan görünən odur ki, yaxın perspektivdə Azərbaycanla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, adıçəkilən sahələrdə də səmərəli fəaliyyət intensivləşəcək.

İkitərəfli münasibətlərdə iqtisadi məsələlərin xüsusi yer tutduğu statistik rəqəmlərdə də özünü büruzə verir. Məsələn, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib və ölkəmizin ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir. Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. Ölkəmizin isə Çinə sərmayə qoyuluşu bundan təqribən 2 dəfə çoxdur. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Avropa ilə Asiya arasında ticarət yollarının yeni marşrutlarının yaranması prosesi Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini xeyli artırıb. Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və alternativ enerji sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində danışıqlar davam etdirilir.

Millət vəkili Azər Allahverənov hesab edir ki, Çinlə vizanın ləğv edilməsi iki ölkə arasında miqrasiya mübadiləsinin genişlənməsinə şərait yaradır:

“2024-cü ildə Azərbaycan Çin vətəndaşları üçün bir qayda olaraq viza rejimini aradan qaldırmışdı. Bu da nəticə etibarilə, son bir neçə ay ərzində ölkəmizə səfər edən Çin vətəndaşlarının sayının artmasına gətirib çıxardı. Qeyd edim ki, miqrasiya mübadiləsi intensiv olduğu təqdirdə, bu, hava nəqliyyatı üçün də müsbət hadisəyə çevrilir. Aviareyslərin sayının artırılması, beynəlxalq hava limanlarının şəbəkəsinin böyüdülməsi sərnişindaşıma və yükdaşımada mühüm detallardır. Digər tərəfdən, hər iki ölkənin vətəndaşları səfər edərkən turizm infrastrukturundan geniş şəkildə istifadə etmək imkanı qazanır və bu, daha çox mənfəət deməkdir. Burada həm də mədəniyyətlərarası dialoq məsələsi var. Şübhəsiz ki, son qərar xalqlararası mübadilənin yüksək səviyyədə olması, mədəniyyətlərarası dialoqun qurulması üçün əlverişli imkanlar yaradır. Azərbaycanla Çin arasında olan müsbət tendensiyalar intensiv xarakter alacaq. Bunlarla yanaşı, qeyd olunan sənəd, biznes dairələrinin, müxtəlif şirkət və təsisat rəhbərlərinin, nümayəndələrinin prosesdə fəal iştirak etməsinə, sonrakı mərhələdə yeni investisiyaların cəlb olunmasına yol açacaq”.

İqtisadçı-ekspert Ruslan Atakişiyev deyir ki, Çin Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşlarından biridir:

“Biz Çindən daha çox idxal edirik. Hər iki ölkə arasında viza rejiminin ləğv olunması insanların, sahibkarların, həm də məşğulluqla bağlı olaraq işləmək istəyənlərin qarşılıqlı mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Yəni Azərbaycanın iş adamları da Çinə çox səfər edirlər və oradan məhsulların gətirilməsində iştirak edirlər. Viza rejiminin ləğvi onlar üçün də əhəmiyyət daşıyır. Təbii ki, bu, Çindən olan insanların da bura gəlməsinə gətirib çıxarır. Ümumiyyətlə, viza rejiminin ləğv olunmasının məqsədi ondan ibarətdir ki, çinli turistlərin Azərbaycana gəlməsinə təşviq olsun. Onlar gəlib Azərbaycanın turzim imkanlarından istifadə edərək burada həmin sektorun inkişafına dəstək olmuş olacaqlar”.

Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan qlobal miqyasda əsas güc mərkəzlərindən birinə çevrilir:

“Vacib məqamlardan biri Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi bağlı işlər sürətlənib. Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyon tondan 5 milyon tona çatdırılır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyası və geoiqtisadi mövqeyinin daha da güclənməsindən xəbər verir. Bu isə Azərbaycanın qlobal miqyasda əsas güc mərkəzlərindən birinə çevrilməsi deməkdir”.

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyir ki, son dövrlər Azərbaycanla Çin arasında iqtisadi və siyasi yaxınlaşma müşahidə olunur:

“Bu prosesin mühüm addımlarından biri kimi, ötən il Azərbaycan Çin vətəndaşları üçün viza rejimini aradan qaldırmışdı. Bu ildən isə Çin hökumətinin qərarı ilə Azərbaycan vətəndaşları üçün də vizasız gediş imkanları yaradılacaq. Bu, iki ölkə arasında turist axınının artmasına ciddi töhfə verəcək. Çindən Azərbaycana turistlərin axını ölkəmizin maraqları çərçivəsindədir. Çin Azərbaycanın hədəf turizm bazarlarından biridir. Bununla bağlı olaraq, birbaşa viza rejiminin ləğvindən əlavə, birbaşa uçuşların sayı və günləri də artırılır. Bu isə Çindən gələn turistlərin sayına müsbət təsir göstərir. Artıq ötən ilin birinci rübü ilə müqayisədə Çindən Azərbaycana gələn turistlərin sayında 1,8 faiz artım qeydə alınıb və bu göstəricinin gələcəkdə daha da yüksələcəyi gözlənilir’’.

Ekspert vurğulayır ki, Çin dünyada turizm xərclərinə görə birinci yeri tutur:

“Təkcə 2019-cu ildə çinli turistlər xaricə səfərlərinə 250 milyard dollar xərcləyiblər. Onların əsas xüsusiyyətlərindən biri böyük qruplar halında səyahət etmələri və alış-verişə xüsusi maraq göstərmələridir. Bu amili nəzərə alan bir çox ölkələr Çin turizm bazarından pay almağa çalışır və Azərbaycan da bu istiqamətdə mühüm addımlar atmaqdadır. Strateji baxımdan arzuolunandır ki, gələcəkdə Azərbaycan viza prosedurlarını daha da sadələşdirərək, birbaşa uçuşların coğrafiyasını genişləndirsin. Bu, yalnız Bakıya deyil, həm də ölkənin digər beynəlxalq hava limanlarına münasib qiymətlərlə strateji uçuşların həyata keçirilməsinə imkan verəcək”.