Hər il Azərbaycandan yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrə üz tutur. Bəzən böyük arzularla çıxdıqları bu yol məyusluqla sonlanır. Belə ki, gənclər universitetə daxil olur, illik təhsil haqqı ödəyir, imtahanlarda iştirak edib diplom alırlar, amma ölkəyə qayıdandan sonra diplomların tanınmaması problemi ilə üzləşirlər. Demək olar, hər il xaricdə təhsil alan yüzlərlə məzunun diplomu ölkədə tanınmır. Ali təhsil haqqında sənədi tanınmayanlar arasında Rusiya, Ukrayna, Türkiyə, Belarus və Gürcüstan universitetlərində təhsil alanlar üstünlük təşkil edir.
Qeyd edək ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması həmin dövlətlərin səlahiyyətli orqanlarının verdiyi, ali təhsil proqramının uğurla bitirilməsini təsdiqləyən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqidir. Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və təsdiqinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Bəs, görəsən, Azərbaycanda tanınan universitetlərin siyahısı hansı kriteriyalarla müəyyənləşdirilir? Bu il həmin siyahıda dəyişiklik varmı?
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi və ya Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin konkret siyahısı yoxdur: “Düzdür, bu qurumlar universitet siyahısını verməsə də, istinad edə biləcəyəmiz müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik. Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var.TKTA diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur. Bunun məqsədi odur ki, TKTA tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Çalışmaq lazımdır ki, üzrlü səbəblər istisna olmaqla, tələbə daha çox zamanını təhsil aldığı ölkədə keçirsin. Digər önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz”.
Mütəxəssis həmçinin bildirib ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distanat və ya individual qrafik üzrə təhsil almağa üz tuturlar: "Təbii ki, bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər. Düzdür, həmin universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Həmin şirkətlər valideyin və abituriyentə Elm və Təhsil Nazirliyi tərəfindən universitetin tanındığını göstərir. Bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil. Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr ərzində olmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, diplomlarının tanınmasında imtina olunur.
Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər”.
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, son dövrlər xaricdə təhsil almaq istəyən tələbələrin sayı artmaqdadır: “Bunun da başlıca səbəbi ölkəmizdə qəbul ola bilməyən şəxslərin müəyyən şirkətlər vasitəsilə onların xarici üniversitetlərdə attestat vasitəsi ilə qəbulunu həyata keçirmələridir. Bu da qeyri-qanuni yoldur. Belə olduqda onların diplomları tanınması ilə bağlı problemlər üzə çıxır. Təbii ki, qanuni yolla qəbul olub beynəlxalq dərəcəli sertifikartlar alan, ölkənin keçirdiyi qəbul imtahanında iştirak edənlərin diplomlarının tanınmasında hər hansı bir problem yaranmır. Əsasən diplomların tanınması probleminə ən çox attestatla qəbul alan şəxslərdə rast gəlinir. Belə olduğu təqdirdə həmin şəxslər işbazların qurbanına çevrilə bilərlər. Təsadüfi deyil ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi müvafiq olaraq diplomla bağlı sorğuları elan etdiyi zaman biz hər dəfə 150-ə yaxın şəxsin diplomlarının tanınmamasının şahidi oluruq. Bunun da başlıca səbəbi sadaladığım faktlara əsaslanır. Burada vətəndaşlar diqqətli olmalıdırlar. Qəbul olmaq istədikləri universitetlərin reytinq siyahısında yer alıb-almadıqlarını yoxlamalıdırlar. Təhsil aldıqları ixtisasa ölkəmizin əmək bazarında nə dərəcə ehtiyac duyub-duyulmadığını yoxlamalıdırlar. Hansı dildə təhsil alırlarsa, o dili müəyyən qədər bilməlidirlər və s.”.