Dollar 120 rubladək bahalaşa bilər

10:30 26.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya İqtisadi İnkişaf Nazirliyinin üç il üçün makro proqnozlarının müzakirə olunduğu “stress ssenarisi”ndə ən pis ssenari, orta müddətli perspektivdə dolların məzənnəsinin 120 rublu keçməsi ehtimalı da nəzərə alınıb.

Hafta.az-ın yazdığına görə, mətbuatda əksini tapan hesabatda vurğulanır ki, “Qərbin sanksiyaları güclənərsə və neftin qiyməti azalarsa, Rusiya iqtisadiyyatının artımı dayanacaq və məzənnədə daha da enmə ola bilər”.

Neftin bir barelinin 65 dollardan hesablandığı baza ssenarisində İqtisadi İnkişaf Nazirliyi Rusiyanın ÜDM-nin gələn il 2,3 faiz, bir il sonra 2,3 faiz və 2027-ci ildə 2,4 faiz artacağını gözləyir. Bu dövrdə rublun tədricən zəifləyərək 2025-ci ildə 98,6 rubla, 2026-cı ildə 101,2 rubla, 2027-ci ildə 103,8 rubla qədər ucuzlaşacağı gözlənilir.

Mənfi stress ssenarisi Rusiya neftinin qiymətinin gələn il 51,8 dollar/barelə, sonra isə 2027-ci ildə 45 dollar/barelə düşəcəyini görür. Bu şərtlər daxilində dolların 2025-ci ildə 106,9 rubla, 2026-cı ildə 115,1 rubla, 2027-ci ildə isə 120,1 rubla yüksəlməsi ehtimalı irəli sürülür.

İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, ucuz neft satışı ilə Rusiyaya hər il təxminən 100 milyard dollar ixrac gəliri itirəcək.