Dollar bahalaşacaq?  

13:06 19.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 3 faiz artırıblar. Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na əsasən, bu ilin I yarısında Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6950 manatdan alıb, 1,7021 manata satıb. Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 71 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6955 manatdan alıb, 1,7024 manata satıb, bununla da, hər 100 dolların alqı-satqısından 69 qəpik gəlir əldə edib.

Bəs, görəsən, bankların valyuta mübadiləsi üzrə gəlir marjasını artırmasına səbəb nədir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, bu məsələdə banklara sərbəstlik verilib: Q”anunvericilikdə bununla bağlı hansısa məhdudiyyət yoxdur. Banklar valyuta mübadiləsi üzrə gəlir marjasını təyin etməkdə sərbətdirlər. Bu sahədə bazarda rəqabət də var. Yəni, vətəndaşlar istədikləri bankda valyuta mübadiləsi edə bilərlər. Amma ədalət naminə vurğulamalıyam ki, xarici təcrübədə valyuta mübadiləsi üzrə gəlir marjası olduqca yüksəkdir. Xaricdə buna normal proses kimi baxırlar. Yerli bankların isə bu əməliyyatdan əldə etdiyi gəlirlər yüksək deyil. Azərbaycan bankları əsasən, kreditlərdən qazanır. Bizdə kredit faizləri həddindən artıq yüksəkdir. Məsələn, Avropa ölkələri ilə müqayisə etsək, o ölkələrdə kredit faizləri Azərbaycanla müqayisədə daha aşağıdır. Ona görə də Avropada pul köçürməsi, pulun nağdlaşdırılması, valyuta mübadiləsi kimi bank əməliyyatları üzrə xərclər yüksəkdir. Bizdə isə bunun əksinədir”.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, bankların valyuta mübadiləsi üzrə gəlir marjasının artması bu qurumların əlavə qazanc əldə etməsindən xəbər verir: “Hazırda bank sektorunda vəziyyət qənaətbəxş deyil. Hökumət istəyir ki, bankların sağlamlaşdırılmasını həyata keçirsin, bir qrup bank üçün əsl imtahan dövrüdür. Mərkəzi Bank da bankların valyuta dayanıqlığını, maliyyə imkanlarını genişləndirmək məqsədilə onların mənfəətinin artması üçün şərait yaradır”.