Xəbər verdiyimiz kimi, artıq iki gündür, banklarda dollar satışında müəyyən məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərin davamı kimi debet dollar kartlarda hesab artırmaq mümkünsüzləşib. Banklar “online” hesab köçürmələrin dolların satışına qoyulan məhdudiyyətlə əsaslandırırlar.
Problemlə üzləşən müştərilərin sözləeinə görə, dollar hesablı bank kartları daha çoc elektron ticarətdə istifadə edilir. Belə bir məhdudiyyətin qoyulması isə elektron ticarət sahəsində ixtisaslaşan sahibkarların maddi itkilərlə üzləşməsi və biznes əlaqələrinin zədələnməsinə səbəb olur.
İqtisadçı ekspert Natiq Cəfərli hafta.az-a açıqlamasında dedi ki, bu vəziyyətdə bankların və Mərkəzi Bankın üzərinə böyük məsuliyyət düşür. Bu təşkilatlar indiki dövrdə ölkədə təşvişin yaranmasının qarşısını almalıdırlar:
“Təəssüf ki, atılan addımlar bunun əksini göstərir. Belə ki, şaiyələrin artması, əssasız informasiyaların yaranmasının birmənalı şəkildə günahı banklardadır. İndiki şəraitdə bankın edəcəyi iş vətəndaş əlindəki pulu istənilən valyutaya dəyişmək və müəyyən məhduddiyyətlərin qoyuluşunu aradan qaldırmaqdır. Artıq dolların satışında banklar belə bir məhdudiyyət tətbiq edib. Bank kartlarına dollar hesabın artırılmasını dayandırıblar. Bu proses birinci və ikinci devalvasiyada da hökm sürmüşdü. Bank sistemi nəticə çıxarmağı bacarmır. Səhvləri aradan qaldırmır. Əvvəllər belə situasiya yaranmışdı. Bu da ölkə iqtisadiyyatına ziyan vurdu. Ona görə də Mərkəzi Bank və banklar şaiyələrin artmaması üçün artıq addımlar atmağa başlamalıdır. Əvvəl vətəndaş istənilən qədər valyuta alıb, dəyişə, dollar kartlarını rahat istifadə edə bilirdisə vəziyyət yenə elə olmalıdır. Əks halda vəziyyət göründüyündən daha da riskli olacaq. Azərbaycanın bank sektoruna böyük ziyan dəyə bilər. Çünki insanların milyardlarla manat depoziti var. Şaiyələr artacaqsa, insanlar o məbləği xarici valyutaya çevirməyə başlayacaq".
Ekspert dollar kartının dondurulması və məhdudiyyətlərin qoyulmasının nağdsız alışa olan güvənin itəcəyinə səbəb olacağı qənaətindədir:
“Hər şey davdanış qaydalarından asılı olacaq. İki devalvasiyadan sonra Azərbaycanda banklara qarşı güvənsizlik yaranmışdı. Sonra addım-addım güvən bərpa olunmaq üzrə idi. Yenidən vəziyyətin belə olması güvənsizlik problemini çox genişləndirəcək. Bunun ən böyük ziyanı isə bankların özünə dəyəcək. Ona görə də məhdudiyyətlərin aradan qaldırlması üçün banklar və Mərkəzi Bank vaxt itirməli deyil. Yeni dalğalar gələcək. Valyuta problemi yaranarsa, xarici vətəndaşların da narahatçılığı baş qaldıra bilər”.