Dollar qıtlığı gözlənilir? - Açıqlama

16:17 15.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların bankomatları və terminalları vasitəsilə ABŞ dolları əsginaslarının qəbulu bir müddətdir dayandırılıb. Buna səbəb dövriyyədə saxta əsginasların olmasıdır. Mərkəzi Bankdan həmçinin bildirilib ki, AMB tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 271 ədəd milli və 125 ədəd xarici valyutada saxta pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb.

Onu da nəzərinizə çatdıraq ki, təxmini 1 ilə yaxındır valyutası dollarla olan bank kartlarının bankomatlar vasitəsi ilə manatla artırmaq mümkün olmur. Buna görə də vətəndaşlar banka gedib, uzun növbənin ardından manatı dollara çevirib kart hesablarını artırmalı olurdular. İndi bu yorucu proseslə də dollarla olan bank hesabını artırmaq mümkün olmayacaq.  Bəs görəsən insanlar niyə manatla dollar hesabının balansını artıra bilmirlər? Bu hal nə vaxta kimi davam edəcək?

Məsələ ilə bağlı hafta.az-a danışan  bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bu onunla bağlıdır ki, Azərbaycanda uzun müddətdir dollar alışı ilə bağlı qeyri-rəsmi limit var. Bu təbii ki, qanuna uyğun deyil:

“Heç bir dövlət orqanı buna görə məsuliyyəti öz üzərinə götürmür. Bu dəqiqə banklarda tək dollar deyil, istənilən xarici valyutanın - avro, rubl və lirənin alışında da 20000 manatlıq limit var. Banklar 20000-i ötən kimi ya məsələyə baxmırlar, ya da çoxsaylı suallar verirlər. Qeyri-rəsmi şəkildə bu məbləğ həddini aşmamaq barədə tapşırıq aldıqlarını bildirirlər. Tutaq ki, mən dollar hesabımı manatla artıran zaman dollar almış oluram. Bu zaman bankomat limiti aşıb-aşmadığıma nəzarət edə bilmir. Ona görə də ümumiyyətlə qəbul etmir. Bu da ölkəmizdə qeyri-rəsmi olaraq dollar alışına məhdudiyyət olduğunu göstərir”.

Yaranmış vəziyyəti və qarşıdan da Zəfər günü, Yeni il kimi bayramların gəldiyini nəzərə alsaq onda ortaya belə bir sual çıxır. Görəsən növbəti aylarda ölkədə dollar qıtlığı yarana bilərmi? Ə.Həsənov irəliləyən zamanda dollar qıtlığının yaranacağını güman etmir:

“Fikrimcə dollara qıtlıq yaranmaz. Çünki sadə vətəndaşların dollara ehtiyacı yoxdur. Bu yalnız varlı şəxslər üçündür. Belə izah edə bilərəm ki, bir şeyə harada məhdudiyyət varsa, deməli orada onu əyri yollarla daha baha əldə edirlər. Ona görə də, ölkəmizdə dollar qıtlığının yaşanacağını düşünmürəm”.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı banklar əhalidən 931,926 mln. nağd ABŞ dolları alıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur. Təkcə avqust ayında isə əhali banklara 124,015 mln. nağd dollar satıb ki, bu da aylıq ifadədə 4,1% çoxdur.

Oxunma sayı 215