Dolların köhnəsi, yoxsa yenisi? - Məzənnə  

18:59 08.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son günlər bəzi banklar və valyutadəyişmə məntəqələrində buraxılış ili köhnə olan dollar əsginaslarının qəbul edilmədiyinə dair məlumatlar yayılıb. Səbəb kimi isə yeni əsginasların dövriyyədə olması göstərilir. Yeri gəlmişkən, Azərbaycanda 2024-cü ilin yanvar və fevral aylarında xarici valyutaya tələbatın yüksəlməsi davam edib. Təbii ki, ölkədə dollara tələbatın artdığı bir dövrdə mübadilə məntəqələrinin atdığı bu addım sual doğurmaya bilməz.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov məsələyə aydınlıq gətirərkən deyib ki, hazırda Azərbaycanda dövriyyədə olan dollar əsginazların köhnə və təzə məsələsi yoxdur: “Bizim bazarda köhnə, təzə dollarlar kağızının rənginə və istehsal ilinə görə təsnifləşdirilir. Buna baxmayaraq istehsalı 2006-cı ilədək olan dollarlar və 2006-cı ildən sonra olan dollarlar rahat dövriyyə olunurlar və qəbulunda heç bir problem yoxdur. Kimsə bu barədə məsələ qaldırıb və əhali banklardan bu dollarları almır. Nəticədə həmin pullar bankda qalır. Banklar da bu pulları xaricə göndərir və yeni pullar sifariş edir. Bu məsələdə banklar müəyyən komissiya ödəyirlər”.

Mövzu ilə bağlı bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov isə bizimlə söhbətində qeyd edib ki, əslində heç bir Azərbaycan bankının hansısa xarici valyutanı alıb-satmaq və dəyişmək öhdəliyi yoxdur: “Lakin bankların milli valyutada əməliyyat aparması məcburidir. Bank istəsə, dollar və yaxud başqa valyutanı alıb-sata və dəyişdirə bilər. İstəməsə buna görə heç kim həmin bankı qınaya bilməz, çünki bank kommersiya qurumudur. O bütün fəaliyyətini kommersiya maraqları üzərində qurur. Ona görə də bank maraqlıdırsa istədiyi valyutanın alqı-satqısını və dəyişdirilməsini həyata keçirə bilər. Bu mənada istənilən bankın köhnə dolları götürməmək hüququ var. Məsələn, bank elan edə bilər ki, filan nominallı və filan ildə buraxılmış dolları qəbul edirəm və yaxud etmirəm. Bəzi hallarda vətəndaş banklarda mübadilə zamanı təzə çap edilmiş dollar və yaxud digər valyutanı tələb edir. Belə vəziyyətdə bank aldığı köhnə əsginası nə etməlidir? Əgər aldığı məhsulu sata bilmirsə, onda bank bəzi təkliflərdən imtina edə bilər. Sual oluna bilər ki, bu halda vətəndaş nə etməlidir? Belə vəziyyətdə vətəndaş, ancaq köhnə dollarları ABŞ-a gedən hansısa tanışına verib, onun orada dəyişdirilməsini xahiş edə bilər. Bütün mərkəzi banklar zaman-zaman köhnə əsginasları dövriyyədən çıxarırlar.

O cümlədən də bizim Mərkəzi Bankın belə bir öhdəliyi var. Bu öhdəlikdən irəli gələn vəzifəni icra etmək üçün dövriyyədə olan köhnə və zədələnmiş manatlar qəbul edilir və nominal dəyəri də geri qaytarılır. Amma xarici valyutada belə bir öhdəlik yoxdur”.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov vurğulayıb ki, yeni əsginasların dövriyyədə olması nisbətən köhnələrin yararsız olması anlamına gəlmir: “Xatırladaq ki, 2013-cü il oktyabrın 8-də ABŞ-da yeni 100 dollarlıq əsginaslar dövriyyəyə buraxılıb. Məqsəd dolların saxtalaşdırılmasının qarşısını almaq üçün yeni təhlükəszilik elemenetlərindən istifadə etmək idi. Mavi rəngin daxil edildiyi yeni əsginasda misrəngli mürəkkəbqabı da qeyd olunur".

Onun sözlərinə görə, satış zamanı həmin “köhnə” deyilən dollarları banklar yenidən vətəndaşlara təqdim edir: “ABŞ Federal Ehtiyatlar Sistemi (FED) məhz köhnə əsginasların dövriyyədə istifadəsinin davam etdiyini və edəcəyini bəyan edib. Təəssüf ki, bu tip hallarda əksər Azərbaycan bankları daha çox gəlir əldə etməyə çalışırlar.Yəni “köhnə dollarlar” əksər banklar üçün yeni və asan gəlir mənbəyinə çevrilib. Xatırladaq ki, bir müddət öncə 500 avro əsginasın emissiyası dayandırılanda da oxşar problem müşahidə olundu. Hələ də həmin əsginaslar aşağı məzənnə ilə qəbul olunur. Maraqlıdır ki, köhnə dolları qəbul etməyən banklar çox asanlıqla həmin pulları müştərilərə təqdim edirlər”.

O, həmçinin diqqətə çatdırıb ki, ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi olmasa da belə, bu məsələdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir: “Mərkəzi Bankın valyuta bazarında və eləcə də valyuta mübadiləsi ilə bağlı istənilən ictimai əhəmiyyət daşıyan məsələlərə çevik reaksiyası çox önəmlidir. Unutmayaq ki, bu gün banklarda olan depozitlərin 14 milyard 721 milyon manatı xarici valyutadadır və böyük əksəriyyəti də ABŞ dolları ilə saxlanılır. Deməli, söhbət heç də kiçik dövriyyədən getmir”.