“Dövlət müxtəlif iqtisadi sektorlara vergi güzəştləri və vergi tətilləri verəcək” - Millət vəkili

17:10 02.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, COVID -19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan işçi qrup sahibkarlığa və vətəndaşlara dəstək vermək məqsədilə 10 proqram hazırlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, İşçi Qrupun əsas məqsədi bu təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, eləcə də iqtisadiyyata, biznes subyektlərinə dəstək paketinin formalaşdırılmasıdır.

Nazir vurğulayıb ki, həmin proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib. Dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edən bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən millət vəkili Aydın Hüseynov bildirib ki, dəstək proqramlarının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir:

“Bir məqamı qeyd edim ki, işçi qrupun fəaliyyətinin əsas hədəflərində və ölkə başçısının sərəncamında verilən tapşırıqlarda yalnız qısa müddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin ortamüddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib. Bu baxımdan, işçi qrupun hədəflərindən biri də koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektorunun yenidən sürətli inkişaf tempini təmin etməkdir. Qəbul edilmiş dövlət proqramları dövlətin ümumi iqtisadi-sosial siyasətinin mühüm tərkib hissəsi olmaqla önəmli antiböhran proqramları hesab edilə bilər. Məlum məsələdir ki, qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. Dövlətin dəstək proqramı məhz bu baxımdan çoxsahəlidir, zərər çəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur. Hökumətin dəstək paketi zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Hökumətin yanında fəaliyyət göstərən işçi qrup müxtəlif sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib. Dərin araşdırma nəticəsində iqtisadi və sosial sektorlarda ən çox, əhəmiyyətli və minimum ziyan çəkən sahələr müəyyən edilib. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır. Bu isə birbaşa bu məsələdə dövlətin ədalətliliyini və humanizmini nümayiş etdirir”.

Deputat onu da vurğulayıb ki, iqtisadi fəallığın qorunub saxlanmasını nəzərdə tutan iqtisadi dəstək mexanizmlərindən biri kimi, ilk növbədə, 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır: “Hazırda Azərbaycanda 1,6 milyonadək muzdlu işçinin 915 min nəfəri dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaş alır. Qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əməkhaqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Bu zaman əsas meyar ölkə üzrə orta aylıq əməkhaqqı əmsalı 712 manat götürüləcək. Yəni, işlədiyi müəssisədə rəsmi əmək münasibətlərinə malik olan hər bir işçi bu məbləği əldə edəcək. Bundan başqa, ölkəmizdə 290 min mikrosahibkar dövlət dəstəyindən yararlanacaq. Bu zaman da onların 2019-cu ildə ödədikləri verginin məbləği götürüləcək və buna uyğun dəstək veriləcək”.

A.Hüseynov habelə qeyd edib ki, Azərbaycan dövlət bu proqramları qəbul etməklə özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirib: “Bir sıra ölkələr Beynəlxalq Valyuta Fondu və Dünya Bankından, digər beynəlxalq qurumlardan yardım üçün müraciət etsə də, Azərbaycan özünün gücü hesabına bunun öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirməkdədir. Azərbaycan dövləti koronavirusla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Bu, ölkəmizin güclü olduğunu təsdiqləyir. Azərbaycan dövləti bu proqramları qəbul etməklə özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi. Bu, ölkəmizin güclü olduğunu təsdiqləyir”.

Deputat bildirib ki, dövlət müxtəlif iqtisadi sektorlara vergi güzəştləri və vergi tətilləri də verəcək. Bu isə həmin sahələrin öz resurslarını səfərbər edərək inkişafını davam etdirməsinə imkan verəcək: “Proqramlardan biri sosial dəstəklə bağlıdır. Dövlət, ilk növbədə, insanların sosial rifahını prioritet hesab edərək onlara sosial dəstək göstərəcək. Dövlət başçısının da vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Oxunma sayı 37
İqtisadiyyat rubrikasından digər xəbərlər