Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının həyəcanı davam edən bir axtda "The Guardian"da dünyanı şoka salacaq iddia yayımlanıb.
Hafta.az-ın yazdığına görə, "The Guardian" yazıb ki, Qətərdə ötən ilki qeydlərə əsasən ən azı 6500 işçi əmək fəaliyyəti zamanı həlak olub. Çempionata hazırlıq üzrə təşkilat komitəsinin məlumatına görə isə, Dünya Kuboku obyektlərinin tikintisində çalışan 37 fəhlə həyatını itirib. Onlardan yalnız 3 nəfəri tikintidə istehsalat qəzası zamanı həlak olub.
Orta hesabla 2 milyon əməkçi miqrantın olduğu Qətərdə yüksək səviyyəli icraçı Nasser əl-Xater "Reuters"ə əlavə təfərrüatlar vermədən bir işçinin öldüyünü təsdiqləyib.
Qəribədir ki, Xater açıqlamasında miqrant işçilərin ölümünə səbəb verənləri deyil, bu işi araşdırıb üzə çıxaran jurnalistləri qınayıb: "İstər işdə, istərsə də yuxuda ölüm həyatın təbii hissəsidir. Biz Dünya Kubokunun ortasındayıq və uğurlu bir Dünya Kuboku keçiririk. Bəs siz nə edirsiniz, danışmaq istədiyiniz budur?".
"The Guardian" rəsmi qeydlərə əsaslanaraq ötən il Qətərdə ən azı 6500 işçinin öldüyünü iddia edərkən yazır: "Bu işçilərin çoxu yəqin ki, Dünya Çempionatına hazırlıq üçün işləyirdi. Qətərin tədbiri təşkil etmək hüququ qazanmasından sonra 6500 işçinin öldüyü üzə çıxdı".
"The Guardian"ın məqaləsinə əlavələrlə çıxış edən Türkiyənin "Yeni çağ" qəzeti də yazıb ki, ölən işçilər Hindistan, Pakistan, Nepal, Banqladeş, Şri-Lanka kimi Cənubi Asiya ölkələrinin çörəkpulu ardıyla Qətərə işləməyə gəlmiş vətəndaşlarıdır. “2010-cu ilin dekabrında Doha küçələrinin Qətərin qələbəsini qeyd edən coşğulu izdihamla dolduğu vaxtdan bəri bu 5 Cənubi Asiya ölkəsindən hər həftə orta hesabla 12 əməkçi miqrant ölüb”, - qəzet qeyd edib.
"Hindistan, Banqladeş, Nepal və Şri-Lanka hökumətləri 2011-2020-ci illər ərzində bu ölkədə əməkçi miqrant olan 5927 vətəndaşlarının həlak olduğunu bildirib. Pakistanın Qətərdəki səfirliyi də 2010-2020-ci illər arasında 824 pakistanlı işçinin öldüyünü açıqlayıb. Ümumi ölənlərin sayı daha çox ola bilər, çünki bu rəqəmlərə Filippin və Keniya da daxil olmaqla bir çox ölkədən Qətərə göndərilən çox sayda işçinin ölümləri daxil deyil. Bundan əlavə, 2020-ci ilin son aylarında baş verən ölüm halları bu rəqəmə daxil edilməyib. Hətta bəzi mənbələr 14 min işçinin öldüyünü bildirir", - məlumat mənbəyi qeyd edib.
"Yeni çağ" əlavə edib ki, o işçilər yeddi yeni stadion, eləcə də yeni hava limanı, yeni yollar, yeni ictimai nəqliyyat sistemləri, yeni otellər, dünya kubokunun finalına ev sahibliyi edəcək yeni şəhər tikərkən ölüblər. Hərəsinin də bir ölüm səbəbi olub: biri yıxılıb, digərinin başı harasa dəyib, birinin damarları kəsilib, o biri dəmirə ilişib, başqa birini elektrik cərəyanı vurub və sair.
"Yeni çağ" məqaləsini bu sonluqla bitirib: "Lənətə gəlmiş Kubokda 22 nəfərin vurduğu top deyil, 6500 işçinin kəlləsidir"...