Dünyada ən çox dollar milyonçusu yaşayan şəhərlər

11:32 19.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Henley & Partners konsaltinq şirkəti dollar milyonçularının yaşadığı şəhərlərin siyahısını təqdim edən "Dünyanın ən zəngin şəhərləri 2023" hesabatını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, hesabata əsasən, dollar milyonçularının yaşamaq üçün 1 nömrəli seçimi ABŞ-ın Nyu-York şəhəridir. Burada 340 min dollar milyonçusu yaşayır ki, bu da şəhər əhalisinin 4 faizi deməkdir.

Dollar milyonçularının ikinci seçimi Yaponiyanın paytaxtı Tokiodur. Siyahıda üçüncü pilləni yenə ABŞ şəhəri San Fransisko tutur. İlk onluqda ən diqqət çəkən şəhər Sidneydir.

Siyahıda qardaş ölkə Türkiyədən yeganə şəhər olaraq İstanbul qeyd olunub. Meqapolis 16300 dollar milyonçusu ilə siyahıda 51-ci yerdədir. Yəni rəsmən 16 milyon civarında əhalisi olan İstanbulda hər min nəfərdən biri dollar milyonçusudur.

2010-2020-ci illər arasında dünyada dollar milyonçularının sayı 65 faiz artıb. Çinin Hançjou və ABŞ-ın Ostin şəhərlərində dollar milyonçularının sayı çoxalıb. Bu gün Ostin 30500 dollar milyonçusu ilə siyahıda 34-cü, Hançjou isə 30400 milyonçu ilə 35-ci yerdədir.

Son 20 il ərzində Çin milyonçularının sayının artması diqqət çəkir.

İnkişaf etməkdə olan iqtisadiyyatlarda dollar milyonçularının sayını artıran digər iki ölkə Hindistan və Vyetnamdır. Bengaluru şəhərində milyoçuların sayı 88 faiz artarkən, bu nisbət Heydərabadda 78 faiz, Vyetnamın Ho Şi Min şəhərində isə 82 faiz təşkil edib.

Rusiya dollar milyonçularını itirən ölkəyə çevrilib. Moskva və Sankt-Peterburqda dollar milyonçularının sayı 40 faiz azalıb.

Hesabatda dollar milyonçularının da İstanbuldan qaçdığı göstərilir. Siyahıya görə, 2012-2022-ci illər arasında İstanbuldakı dollar milyonçularının 35 faizi dünyanın digər bölgələrinə gedib.