Misirdə arxeoloqlar ölümündən sonrakı həyatının bir hissəsini simvolizə edən mifoloji qızıl dilli mumiyaların olduğu qədim məzarlıq tapıblar.
Hafta.az-ın yazdığına görə, yüzlərlə məzarlığın yer aldığı Qevasinada tapılan mumiyaların sayının kifayət qədər çox olduğu bildirilir. Mütəxəssislərin fikrincə, mumiyalanmış insanların dilləri yerindən qoparılıb və qızıl dil daxil edilib. Səbəb olduqca maraqlıdır: by yolla o dünyada yeraltı dünyanın tanrısı olan Osirislə danışmaq olardı.

Qədim Misir mifologiyasında Osiris “yeraltı dünyasının hökmdarı” kimi tanınır. Qədim inanca görə, Osiris qızıl dilinə görə insanlara mərhəmət edirmiş. Mumiyaların yanından qızıldan düzəldilmiş tarakana bənzəyən lopalar və nilufər çiçəkləri, eyni zamanda mumiyalama üçün istifadə edildiyi düşünülən dəfn ornamenti, heyvan fiqurlu daş və saxsı qablar tapılıb.
Bununla belə, arxeoloji dünya mumiyaların pis vəziyyətə düşərək dağılmasından bir qədər məyus olub. Bəzi mumiyaların dilləri tamamilə dağılıb.
Mütəxəssislərin fikrincə, qəbiristanlıq şəhərciyində 3 müxtəlif səviyyəli məzarlar var və onlar məhz öz səviyyələrinə görə düzülüblər.
Xatırladaq ki, ötən ilin fevral ayında da misirli arxeoloqlar 2 min illik Taposiris Magna qəbiristanlığında qızıl dilli mumiya tapmışdılar. Eyni zamanda, bu ərazidə Misirin ən məşhur kraliçalarından olan Kleopatranın məzarının olduğu da ehtimal edilir.