2023-cü ildə Samsung 18-ci il ardıcıl olaraq televizor bazarının lideri olub. Bu barədə SamMobile Omdia analitik firmasının yeni hesabatına istinadən xəbər verir.
Omdia hesabatına görə, Samsung-un qlobal televizor bazarındakı payı 2023-cü ildə 30,1% təşkil edib. Şirkət ötən il 8,31 milyon QLED və Neo QLED televizor satıb. Üstəlik, 2017-ci ildə ilk QLED televizorlarını təqdim edəndən bəri Samsung 44 milyondan çox belə cihaz satıb.
Cənubi Koreya şirkəti premium TV seqmentində də lider mövqeyini qoruyub. 2023-cü ilin sonuna olan məlumata görə, Samsung bu seqmentdə böyük bazar payına sahibdir - 60,5%. Bu, 2022-ci illə müqayisədə 12,2% çoxdur.
2022-ci ildə OLED televizorlarının ilk buraxılışından bəri Samsung bazarın 22,7%-ni ələ keçirərək bir milyondan çox OLED televizor satıb. Şirkət daha böyük ekran ölçülərinə malik cihazlar hesabına bu il OLED televizorlarının satışlarının artacağını gözləyir.
Samsung Electronics-in televiziya bölməsinin prezidenti Yeon Seok-woo bildirib ki, şirkət yaxın illərdə Micro LED ekranlı televizorları daha sərfəli etmək üçün çalışacaq. İlk növbədə, bu cür cihazların qiymətində endirimlərə ekran diaqonalını azaltmaqla nail olunacaq.