Düşənbədə “Sübh hikmətinin nuru – kitab” müsabiqəsinə start verilib

08:20 12.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünəndən Tacikistanın paytaxtı Düşənbədə “Sübh hikmətinin nuru – kitab” Respublika müsabiqəsinin şəhər mərhələsinə start verilib.

Hafta.az-ın yazdığına görə, müsabiqə Tacikistan prezidenti Emoməli Rəhmonun himayəsi altında keçirilir və artıq yeddinci ildir ki, çox sayda iştirakçını mütaliəyə və kitaba cəlb edir.

Bu mərhələdə beş nominasiya üzrə paytaxtın dörd rayonundan - İsmayıllı Somoni, Sino, Firdavsi və Şoxmansur rayonlarının qalibləri iştirak edirlər. Poeziya və nəsr sahəsində təcrübəli mütəxəssis və ekspertlərdən, tanınmış şair, yazıçı və digər mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti müsabiqə iştirakçılarının biliyini qiymətləndirir.

Yarışın vaxtında və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığı və onun gedişinə aidiyyəti orqanlar tərəfindən nəzarət edildiyi bildirilir.

Təsdiq olunmuş qrafikə əsasən, şəhər mərhələsi 2025-ci il avqustun 11-dən 23-dək davam edəcək.

Müsabiqənin əsas məqsədi mütaliəyə marağı artırmaq, yeni istedadlı natiqləri və söz bilicilərini üzə çıxarmaq, milli-mədəni dəyərləri qoruyub saxlamaq və inkişaf etdirmək, yaradıcılığa təkan vermək, özünüdərk hissini gücləndirmək, söz ehtiyatını zənginləşdirmək, mənəvi aləmini inkişaf etdirmək və cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən məktəblilər, tələbələr və ölkə vətəndaşları arasında dil biliklərini genişləndirməkdir.