“Deyirlər ki, Trampın siyasəti kollektiv Qərbin, NATO-nun parçalanmasına qarşı yönəlib. Bilirsiz, Şimali Atlantika Alyansı, yəni NATO kiminsə, bir nəfərin addımlarıyla dağıla biləcək bir qurum deyil. Ümumi götürəndə NATO 1949-cu ildə SSRİ-yə qarşı yaranıb, amma 1991-ci ilədək onun qoşunları Sovet İttifaqının hər hansı bir ölkəyə təcavüzünə qarşı birbaşa istifadə olunmayıb, bir güllə də atmayıb. 1991-ci ildən bəri isə NATO-nun hərbi birləşmələri antiterror əməliyyatlarında və ya müxtəlif münaqişə zonalarında çəkindirici qüvvə kimi iştirak edib. Və onu da deyim ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra bir müddət NATO-nun nüfuzu və çəkisi artdı. Çünki Finlandiya və İsveç bu quruma daxil oldu. NATO hələlik bir dəyənək kimi, Avropanın, Qərbin təhlükəsizliyi baxımından önəmli bir qurumdur”.
Bu fikirləri hafta.az-a açıqlamasında ABŞ-nin hakimiyyətə gəlişindən bir ay ötmüş yeni lideri Donald Trampın Ukrayna və Avropa ilə bağlı ziddiyyətli çıxış və addımlarına münasibət bildirərkən beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
“Trampın NATO ilə bağlı Avropadan tələblərinə gəldikdə, o maliyyə baxımından belə danışır. Yəni deyir ki, zəhmət çəkin, təhlükəsizliyiniz üçün artıq vəsait ayırın. Hazırkı Amerika lideri eyni zamanda Cənubi Koreyada da ABŞ qoşunlarını saxlamaq istəyir, amma deyir ki, onların təminatını rəsmi Seul öz üzərinə götürsün. Əslində Trampın Ukrayna ilə bağlı apardığı bu siyasət və söylədiyi fikirlərdə mənim üçün təəccüblü bir şey yoxdur. Ona görə ki, Tramp bunları əvvəlcədən deyirdi və ya bunlara işarə edirdi. O, 2016-2020-ci illərdəki ilk prezidentlik dövründə də Ukrayna ilə bağlı müəyyən dərəcədə balanslı siyasət aparırdı. Bundan əlavə, Tramp öz kitabında da yazıb ki, NATO-ya və s. qurumlara çəkilən xərclərlə bağlı ABŞ-nin yükü çoxdur və bunlar azaldılmalıdır, eyni zamanda NATO-ya üzv dövlətlərin xərcləri artırılmalıdır. Məsələn, birinci prezidentliyi zamanı Merkelə təzyiq edirdi ki, Almaniya Şimali Atlantika Alyansının bir sıra xərclərini öz üzərinə götürdü. Və ABŞ prezidenti bu addımında uğur qazandı. Doğrudan da Almaniya NATO-nun bir sıra xərclərini öz üzərinə götürdü”, - deyə davamında həmsöhbətimiz bildirib.
“Trampın kollektiv Qərbi parçalamaq siyasətinə gəldikdə, bəli, onun Avropa dövlətləri ilə kifayət qədər fikir ayrılıqları var. Xüsusən də Ukrayna məsələsində... Bilirsiniz ki, Münhen Təhlükəsizlik Konfransından sonra Makronun təşkilatçılığıyla Parisdə Avropa liderlərinin görüşü oldu. Hesab edirəm ki, Avropa ölkələri Ukraynada Rusiya ilə savaşda maddi dəstək vermək üçün həm maraqlıdırlar, həm maraqlı deyillər. Amma mənim üçün diqqətçəkən məqam odur ki, son vaxtlar Fransa bu məsələlərdə daha aktiv rol oynayır, Ukraynaya dəstək verir. Və o da var ki,Tramp və Avropa dövlətlərinin liderləri Rusiya-Ukrayna cəbhəsində atəşkəs əldə edilməsi fikrində ortaqdırlar. Bütün bunlarla belə, mən düşünmürəm ki, hazırkı ABŞ prezidentinin siyasəti nəticəsində Avropa Birliyində və ya NATO-da parçalanma olacaq. ABŞ vitse-prezidenti Münxen Təhlükəsizlik Konfransında Avropa ölkələrinə üzünü tutub dedi ki, sizin düşməniniz nə Rusiyadır, nə də Çin, sizin düşməniniz öz daxilinizdəki problemlərdir...
Bilirsiz, Tramp sadəcə bazarlıq edir, bir biznesmen kimi davranır. Avropa dövlətlərinə təzyiq edərək Amerikanın istehsal etdiyi və nəzarətində olan silahları satmaq məqsədi güdür. Məsələn, o, birinci prezidentlik dövründə də bu yollarla “F-35”-ləri satdırırdı. Bu gün də Tramp eyni siyasəti davam etdirir”, -deyə analitik vurğulayıb.