Çox istəyərdim ki, mən də "Xarı bülbül" festivalında iştirak edim. Mahnım ilə açılış olur, amma məni yada salmırlar. Həmişə dövlət tədbirlərində iştirak edirdik. Son illər bizi yada salmırlar. Nə dəyişib ki? Həmin adamam da.
Bu fikirləri hafta.az-a açıqlamasında əfsanəvi "Qarabağ bülbülləri" ansamblının yaradıcısı, məşhur "Bayatı-Şiraz" muğamının improvizəsinin müəllifi Murad Rzayev səsləndirib. Onun sözlərinə görə, festivala dəvət almadığına görə çox inciyib:
"Düzdür, biz az səhhətimdə problemlər var. Dəvət etsəydilər, yenə də gedərdim. Gedib canlı izləyərdim. Bəlkə o zaman bütün ağrılarımı da unudardım. Mən 50 ilə yaxındır ki, bu dövlətə xidmət edirəm. Özü də heç bir təmənna güdmədən. Çəkdiyim əziyyəti heç kim çəkməyib. Nə zülmlə kollektiv toplamışam. O vaxt uşaqları yığmaq üçün kəndbəkənd, qapı-qapı gəzirdim. Bilirsiniz, necə çətinliklərlə üz-üzə qalırdım? Ömrümün 50 ilini sənətə qurban vermişəm. Uşaq yaşlarımdan teatrda aktyorluq eləmişəm. Bu vaxta qədər üç iş yeri dəyişmişəm – mədəniyyət evində fəhlə, bədii rəhbər və müdir. 21 yaşımdan müdir işləyirəm. 15 respublikanın əməkdar müəllimiyəm. Bundan böyük ad var? Əməkdar, xalq artisti adları mənə aid deyil, onu tələbələrim alır. Həm də elə adamlara xalq artisti adı veriblər ki, onların cərgəsinə qoşulmaq istəmərəm. Fəxri adım "əməkdar incəsənət xadimi” olmalıdır.
Mən müəlliməm, bəstəkaram. Mədəniyyətimizə, musiqi xəzinəmizə neçə-neçə bülbülsəsli sənətçilər bəxş etmişəm. Tələbələrim “əməkdar”, “xalq artist”ləridir, sağlıqlarına qismət, yaxşı ev-eşikləri var, amma mənə dövlət tərəfindən heç bir fəxri ad verilməyib. Hazırda da öz vəsaitim hesabına kirayə qalıram. Heç kimə də ağız açmaq fikrim yoxdur. Əfülfəz Qarayev nazir olanda bir neçə dəfə vəziyyətimlə bağlı müraciət etdim. Onlar da hər dəfə mənə məktub göndərirdilər ki, sizi diqqətimizdə saxlayacağıq. Qeyd edirdilər ki, gördüyünüz işlər təqdirəlayiqdir. Bir dəfə də nazir müavinlərindən biri bura zəng etdi. Dedi “İstəyirəm ora gəlim, “Qarabağ bülbülləri” və sizinlə tanış olum, görüm kimsiniz”. Dedim, əgər nazir müavini Murad Rzayevi və “Qarabağ bülbülləri”ni tanımırsa, heç mən onunla danışmaq istəmirəm. Bununla da hər şey bitdi. Əbülfəz Qarayev beləcə məni aldatdı".