Ədliyyə Nazirliyinin yeni innovativ uğuru – “mobil əhali”

14:48 29.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son illər ərzində Respublikamızda elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən, fəaliyyətin təşkili və əlaqələndirilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi sahəsində inkişaf etmiş dünya ölkələri ilə rəqabət aparılacaq dərəcədə böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikasında dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün  “ elektron hökumət” portalı yaradılmışdır.

Prezident cənab İlham Əliyevin rəqəmsal Cəmiyyətin inkişafı, müasir İKT-dən istifadə etməklə əhaliyə elektron xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinə xüsusi önəm verilir. Buna misal  əhalinin hüquqi biliklərinin artırılması məqsədi ilə vahid elektron bazası ( e-qanun.az),  “ elekton məhkəmə” informasiya sistemi.,  e-məhkəmənin tərkib hissəsi olan “elektron icra” sistemi.,  böyük vətəndaş məmnunluğu doğuran “mobil notariat” tətbiqi istifadəyə verilmişdir.

Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında 23.09.2020-ci il tarixli, 1160 nömrəli fərman imzalamış və ötən il  “Mobil notariat” tətbiqinin alt-sistemi kimi “Mobil əhali” istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Mobil əhali” tətbiqi həm ölkə daxilində, həm  xaricdə yaşayan soydaşlarımızın smart texnologiya vasitəsilə məkandan asılı olmayaraq və növbədə gözləmədən xidmətləri daha tez və rahat şəkildə əldə etmələrini təmin edir. “Mobil əhali” tətbiqi vasitəsilə vətəndaşlar  doğumun və ölümün elektron qaydada qeydə alınmasını, ailə vəziyyəti və ailə tərkibi haqqında arayışları əldə edə bilərlər.

Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti  və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər müraciət edə bilər. Doğumun dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə  və icra hakimiyyətinin  nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Müraciət edən şəxs olduğu məkanı tərk etmədən tətbiq üzərindən şəxsi kabinetinə daxil olaraq doğum haqqında şəhadətnamə əldə edə bilər. Doğumun elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür.  Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən 1 ay ərzində müraciət edilə bilər. Üzrlü səbəb olmadan  doğumun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra tətbiq vasitəsi ilə müraciət etmək mümkün deyil. Bu zaman doğumun qeydə alınması üçün vətəndaş Ədliyyə Nazirliyinin hər hansı bir qeydiyyat şöbəsinə və yaxud “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Ədliyyə nazirliyinin qeydiyyat şöbələrinə müraciət edə bilər. Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rusumu ödənilmir.

Ölümün elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür.

Ölümün dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, icra hakimiyyətinin nümayəndəliyinə və konsulluq idarəsinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Ölümün qeydə alınması üçün ölənin yaxın qohumları tətbiq üzərindən şəxsi kabinetə daxil olaraq zəruri sənədləri təqdim edir. Şəxsin arzusundan asılı olaraq müvafiq  şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilir. Ölümün elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən  edilir. Bu halda “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikasının  Ədliyyə Nazirliyinin  informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa  əsasən ölümün qeydiyyatı aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə  öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı  hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rusumu ödənilmir.

6 saylı Bakı “ASAN xidmət” mərkəzində

Ədliyyə Nazirliyini qeydiyyat şöbəsinin rəisi

Firuzə Əhmədova