Kabildə müxtəlif ölkələrin səfirləri, regional və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşən Əfqanıstanın xarici işlər naziri Əmirxan Müttəki TAPI və digər infrastruktur layihələri üzrə sahə işlərinin başlaması ilə Əfqanıstanın və region ölkələrinin iqtisadi artıma nail olacağını bildirib.
Hafta.az-ın yazdığına görə, Müttəki çıxışında bildirib ki, İslam Əmirliyi Əfqanıstanı Mərkəzi Asiya və Avropa ölkələri ilə birləşdirəcək Lapis Lazuli marşrutunu aktivləşdirməyə hazırdır.
Əfqanıstanda TAPI layihəsinin başlanmasına toxunan xarici işlər naziri Müttəki bu layihənin başlanmasının mühüm iqtisadi inkişaflardan biri olduğunu bildirib.
Müttəki vurğulayıb ki, TAPI layihəsi, fiber optika və dəmir yolu tikintisi təkcə Əfqanıstan üçün deyil, Pakistan və Hindistan da daxil olmaqla TAPI-ya daxil olan ölkələr üçün də mühüm rol oynayır.
Əmirxan Müttaki həmçinin deyib: “Keçən həftə türkmən dostlarımızla birlikdə təkcə TAPI layihəsinin deyil, həm də yükləmə-boşaltma qabiliyyətinin artırılmasına yönəlmiş Torqundi dəmir yolu layihəsinin bir hissəsi olan TAPI layihəsinin mühüm fiber optik ayağının açılışını etdik. Torqundi-Herat dəmir yolunda işlər davam edir”.
Müttəki bəyan edib ki, İslam Əmirliyi Lapis Lazuli marşrutu ilə Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa ölkələrinə qoşulmağa hazırdır. O, əlavə edib ki, Bədəxşan əyalətinin şimalında yerləşən və Əfqanıstanın Çinə qapısı olan Vahan dəhlizinin tikintisi Əfqanıstan və İranı birbaşa Çinlə birləşdirəcək.
"Biz Əfqanıstanı Lapis Lazuli marşurutu ilə Türkmənistan və Azərbaycandan keçməklə Türkiyə və Avropaya birləşdirməyə hazırıq. İslam Əmirliyinin qətiyyətli işi, yaxşı planlaşdırması və yüksək səviyyəli təhlükəsizlik qüvvələrinin mövcudluğu hərtərəfli təhlükəsizliyi təmin edib”, - nazir deyib.
Ötən həftə Əfqanıstanda TAPI layihəsinin 153 kilometr uzunluğunda birinci mərhələsinin açılışı olub və layihənin yaxın iki il ərzində başa çatdırılması planlaşdırılır.