Əfqanıstanda qadınların etirazlarını işıqlandıran üç jurnalist həbs edilib

18:53 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kabildə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının tərəfdarları qadınların etiraz aksiyalarını işıqlandıran 3 jurnalisti saxlayıb. Bu barədə hafta.az “Aamaj News” agentliyinə istinadən xəbər verir.

Agentlik mənbələrinin məlumatına görə, müxbirlərdən başqa, Taliban Əfqanıstanda ali təhsil müəssisələrində qız tələbələrin təhsilinin dayandırılması qərarına etiraz edən 5 qadını da həbs edib. Aksiyanı zorla yatırmağa çalışan radikallar tərəfindən saxlanılan şəxslər fiziki zorakılığa məruz qalıblar.

TOLO News xəbər verir ki, onlarla qız tələbə Kabil küçələrinə çıxıb.
Çərşənbə axşamı Ariana News xəbər verib ki, Taliban növbəti xəbərdarlığa qədər qız tələbələr üçün dərslərin dayandırılmasını əmr edib. Əfqanıstanın təhsil naziri bəyan edib ki, qadınların təhsili Əmir Amanullah (1919-1929-cu illərdə Əfqanıstanı idarə edib) və Padişah Məhəmməd Zahir Şah (1933-1973-cü illərdə hakimiyyətdə olub) tərəfindən ölkəyə gətirilən yad mədəniyyətin bir hissəsidir.