Pakistan-Əfqanıstan sərhədində Taliban ilə atışmada 6 Pakistan vətəndaşı həlak olub. Hafta.az-ın “Aamaj News” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiq bildirib.
Agentliyin məlumatına görə, Taliban da öz növbəsində bildirir ki, bu münaqişə zamanı onların bir nəfəri həlak olub, üç mülki şəxs də daxil olmaqla, 13 nəfər yaralanıb.
Pakistan Xarici İşlər Nazirliyi sosial mediada yaydığı bəyanatda "bu cür xoşagəlməz hadisələrin iki ölkənin qardaşlıq münasibətlərinə uyğun olmadığını" qeyd edərək münaqişəni pisləyib.
Pakistan tərəfinin məlumatına görə, silahlı qarşıdurma bir gün əvvəl Spinboldak sərhəd keçid məntəqəsi (Qəndəhar əyaləti) yaxınlığında Taliban hərəkatının yeni nəzarət-buraxılış məntəqələri tikmək istəməsindən, lakin Pakistan qoşunlarının maneəsi ilə üzləşdikdən sonra başlayıb.