Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 21-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumata əsasən ölkədə 5 776 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 165 nəfər reanimasiyada, 37 nəfər isə süni tənəffüs cihazındadır.
Bölgələrdə Covid-19-a yoluxanlar Bakıya gətirilir. Çünki Bakıda bir sıra xəstəxanalarda o xəstələr üçün şərait yaradılıb. Bəs rayonlarda süni tənəffüs aparatların quraşdırılması lazımdırmı?
Həkim terapevt Rasif Bağırov hafta.az-a açıqlamasında dedi ki, süni tənəffüs aparatları rayon xəstəxanalarında vardır, cərrahi əməliyyatlar zamanı istifadə olunur:
“Xəstələr ağır əməliyyatlar zamanı süni tənəffüs aparatlarına qoşulur. Covid-19-a yoluxmuş xəstələrə görə Avropa praktikasında süni tənəffüs aparatı elə də əhəmiyyətli məsələ deyil. Onlar heç o xəstələri aparata qoşmurlar. Aparat o zaman xəstəyə qoşulur ki, onu qurtarmaq mümkün olacaq. Əgər dərmanla yardımla etmək mümkün deyilsə aparat xəstəni qurtara bilməyəcək. Ona görə də süni tənəffüs aparatına bir nömrəli vasitə kimi baxmağın mənası yoxdur”.