Əslində bitki qalıqları müxtəlif üzvi maddələrin və qida elementlərin ən vacib resurslarından biri hesab olunur.
Bu fikirləri hafta.az-a AMEA-nın müxbir üzvü, “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev deyib.
Onun sözlərinə görə, onlarla düzgün və səmərəli davranmaq torpağın münbitliyini artırmaq, strukturunun, rütubət tutumunu yaxşılaşdırmaqla olduqca yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir:
"Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, humus qatının zədələnməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Belə ki, kövşənliyi və ya samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım elementlər Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir etməsinə gətirib çıxarır. Kövşənliyin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə müqayisədə daha az məhsul götürür. Amma bəzi fermerlər hesab edirlər ki, bu addımla onlar alaq otlarının məhv olmasına şərait yaradırlar. Onlar dərk etmirlər ki, həmin sahələrin yandırılması həm də meşələr, ətraf ərazilər üçün təhlükə mənbəyidir. Azərbaycanda təqribən 600-ə yaxın meşə sahələri fermerlərin əraziləri ilə sərhəddir. Yəni, bu ərazilərə yaxın sahələr yandırıldıqda həmin yanğının meşə sahələrinə keçmə riski də böyük olur”.
Ekspert vurğulayıb ki, əkin sahələrinin yandırılması eyni zamanda, atmosferə küllü miqdarda zərərli tullantıların atılması deməkdir:
“Bu addım həm də qoşulduğumuz Paris anlaşmasına, İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına ziddir.Bu olduqca ziyanlı addımdır. Bizim də bu yöndə kitabımız var. Eyni zamanda, bir neçə il bundan əvvəl layihəmiz də var idi, fermerlərlə müvafiq söhbətlər aparmışdıq.
Bizim layihə ərazimiz Şamaxıdan başlayıb Şəkidə başa çatırdı. Biz təbliğatdan sonra monitorinq də həyata keçirmişdik və nəticə olaraq həmin vaxt sözügedən ərazilərdə əkin sahələrinin yandırılmadığını müşahidə etmişdik. Deməli, bununla bağlı davamlı olaraq maarifləndirmə tədbirləri görülməlidir ki, fermerlər də biçindən sonra əkin sahələrinin yandırılmasının nə qədər fəsadlı olduğunu öyrənsinlər”.