Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə ilk gündən ciddi dost yardımları göstərən Əlcəzair hökuməti dünyaya örnək olacaq daha bir addım atıb.
Hafta.az-ın yazdığına görə, Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun sərəncamı ilə qardaş ölkəyə 30 milyon dollar maddi vəsait ayrılıb. Prezidentin sərəncamı ilə zərərçəkmişlərə maddi dəstək məqsədilə Suriyaya da 15 milyon dollar veriləcək.
Əlcəzairin Türkiyə və Suriya ilə tam həmrəy olduğu vurğulanaraq, “bu iki qardaş ölkəyə yardımların davam edəcəyi” qeyd edilib.
Qeyd edək ki, zəlzələdən sonra prezident Tebbun həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəsinin Türkiyə ilə tam həmrəylik üçün hər cür yardımı təklif etməyə hazır olduğunu bildirib.
Tebbunun göstərişi ilə Türkiyəyə göndərilən 86 nəfərlik axtarış-xilasetmə qrupuna əlavə olaraq, Əlcəzair Qızıl Aypara Cəmiyyətinin tibbi heyəti və 95 ton yardım materialı Türkiyədəki zəlzələ bölgəsinə göndərilib.
Əlcəzairdə, eləcə də dağıdıcı zəlzələlərdən zərər çəkənlərlə həmrəylik göstərmək məqsədilə sosial media platformalarında başlayan dəstək qısa zamanda idmançıların, siyasətçilərin və xeyriyyəçilərin iştirakı ilə hərtərəfli yardım kampaniyalarına çevrilib. Əlcəzairdə vətəndaş təşəbbüsləri ilə yanaşı dövlət qurumları da Türkiyəyə dəstək üçün hərəkətə keçib. Bu çərçivədə ölkənin qabaqcıl yardım təşkilatlarından olan "Al-Bereket" Humanitar Yardım Təşkilatı, "Əlcəzair Milli Sağlamlıq və Araşdırma və İnkişaf Fondu (Forem)" və "Əlcəzair Humanitar Yardım Təşkilatı" zəlzələ qurbanlarına dəstək üçün yardım kampaniyaları başladıb.
"Forem" Vəqfinin prezidenti Mustafa Həyyati dağıdıcı zəlzələnin onlara dərindən təsir etdiyini bildirib. Hayyati, Əlcəzair Milli Apteklər Dərnəyi ilə koordinasiyalı şəkildə ölkə daxilində yardım toplamağa başladıqlarını və 3 gün əvvəl başlayan kampaniya çərçivəsində artıq tonlarla yardımın toplandığını bildirib. Dərman, isti odyallar, paltar və müxtəlif yardım materiallarının xeyriyyəçilər tərəfindən vəqfə çatdırıldığını deyən Həyyati çox ciddi ictimai dəstəyin olduğunu vurğulayıb.
İlk mərhələdə toplanan yardımların artıq zəlzələ bölgəsinə göndərildiyini bildirən Hayyati, Əlcəzair xalqının zəlzələdən zərər çəkənlərə kömək etməyə davam edəcəyini bildirib.
"Al-Bereket" Humanitar Yardım Təşkilatı da fevralın 6-dan etibarən qardaş ölkəyə həmrəylik məqsədilə “Qardaşlıq Kampaniyası” adı altında həyata keçirdiyi yardım fəaliyyətləri çərçivəsində tonlarla yardım materialı toplayıb.
"Al-Bereket" Humanitar Yardım Təşkilatının prezidenti Əhməd İbrahimi Türkiyə və Suriya xalqlarının Əlcəzairlilər üçün qardaş xalqlar olduğuna işarə edərək, qardaşlığın həmrəylik tələb etdiyini bildirib. O, "Zəlzələnin təsirlərini öz gözlərimizlə gördük və zərər çəkən xalqımızın yanında olmalıyıq" deyib.
Həm də Qüds və Fələstin Xalqına Yardım Ümumdünya Koalisiyasının vitse-prezidenti olan İbrahimi, zəlzələdən dərhal sonra hərəkətə keçdiklərini və isti yemək, odyal, çadır və dərmanlardan ibarət bəzi yardım materiallarını zəlzələ bölgəsində ehtiyaclılara paylamağa başladıqlarını qeyd edib.