Əlcəzairdə ənənəvi Yeni il bayramı - Yennayer 2971

11:40 12.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair bu çərşənbə axşamı "Yennayer" (bəzi bölgələrdə "Yennar") adlanan Amaziq Yeni ilinin başlanğıcını qeyd edir. Bu bayram hər il Qriqori təqvimi ilə 12 yanvara təsadüf edir. Bərbər kralı I Şeşonqun (bərbər dilində Şaşnaq) zəfəri və eramızdan əvvəl 950-ci ildə qədim Misirin fironu kimi taxta çıxması münasibətilə qeyd olunan bu bayram, 2021-ci ildə "Yennayer 2971" adlanır.

Hafta.az yazır ki, aqrar təqvimə əsaslanan Amaziq Yeni ili əsasən, məhsuldar və bolluq üçündə bir mövsümün başlanğıcını xəbər vermək üçün qeyd olunur. Şənliklər ölkənin hər bölgəsinə xas olan adət və ənənələrini əhatə edərsə, bayram mərasimlərinin rəmzi ortaq olaraq qalır və yeni il məmnunluq, sevinc və dostluqla, karnavallar, paradlar, mahnılar və ziyafət yeməkləri ilə qarşılanır.

“Kuskus” və ya bərbər dilində “seksu” adlı xüsusi yemək var ki, o bütün Əlcəzair ailələrində, şəhər və ya kəndlərdə, dağlarda, dağlıq bölgələrdə və Sahara səhrasında bişirilir. UNESCO-nun mədəni irs siyahısına yenicə daxil edilən bu yemək, xoşbəxt yeni ili müjdələmək üçün kəsilmiş kənd toyuğu ilə birlikdə təqdim olunur.

“Yennayer” süfrəsində özünəməxsus yeməklər – şirniyyatlar, yaşıl bitkilərdən hazırlanmış "yeddi tərəvəz" yeməyi, əsasən quş və qoyun ətindən hazırlanmış isti yeməklər, quru əncir, badam, fındıq, xurma kimi quru meyvələr və sair olmalıdır.

Əlcəzairin bəzi bölgələrində insanlar ili xeyirli başa vurmaq üçün ədviyyatlı və ya acı qidalar yeməkdən çəkinirlər. Bayram günü süfrəyə qoyulan yemək sərvət, məhsuldarlıq və ya bolluğu simvollaşdırır.

Ölkənin fərqli bölgələrində bayram ənənələri də bir-birindən azacıq da olsa fərqlənir. Məsələn, Çelifian ailələri “Yennayer”i çox xüsusi atmosferdə qarşılayırlar. Onlar bayrama həftələrlə əvvəldən hazırlıq görürlər: qadınlar yeni qab-qacaq alır, ənənəvi yeməkləri bişirmək üçün lazımi ərzaqlar tədarük edilir, ailənin hər bir üzvüüçün yeni pal-paltar alınır. Uşaqlar da bu fürsətdən istifadə edərək bölgələrinin ənənələrini və mədəniyyətlərini kəşf edir və özlərinə xas şadyanalıqla qeyd edirlər. Bayramda ənənəvi yeməkləri analar və ya nənələr hazırlayır, qızlar isə evi təmizləyirlər. “Yennayer”, Çelifian ailələrinin yenidən birləşməsi üçün fürsət sayılır, hamı əzizləri, yaxınları ilə bayramlaşır, bayram günü kazıb və kimsəsizlərə sədəqələr paylanılır. Bayram ziyafəti xüsusi ab-havada baş verir, ilin daha yaxşı keçməsi üçün masaya müxtəlif yeməklər düzülür. Hamı masada oturur və ortaya qoyulmuş iri sinidəki yeməkdən yeyilir. Daha sonar quru meyvələr – çərəz yeyilir, çay içilir və səhərədək söhbət edib şənlənir insanlar.

2017-ci il dekabrın 27-də ölkə prezidentinin verdiyi qərarla, 2018-ci ildən bəri milli bayram kimi qeyd edilən "Yennayer"in dövlət orqanları tərəfindən qeyd edilməsi, Əlcəzair xalqının müxtəlifliyi və azadlığı, qüruru və ləyaqəti ilə təcəssüm olunan min illik Amaziq komponentinin təsdiqidir.

Bu il, Bərbər dili və mədəniyyətinin təbliği üzrə dövlət qurumu olan Amazighity High Commission tərəfindən 9-12yanvar 2021-ci il tarixlərində Yennayer 2971-in milli və rəsmi şənliklərini qarşılamaq üçün, paytaxt Əlcəzairin təxminən 430 kilometr cənub-şərqində yerləşən Batna vilayəti təyin edilib.

Ötən il Azərbaycanda yaşayan Əlcəzair icması ilə birlikdə Bərbər Yeni ilini keçirərək "Yennayer" mərasimini təşkil edən Əlcəzairin Bakıdakı Səfirliyi, bu il Covid-19 pandemiyası səbəbindən sanitar-epidemoloji vəziyyətlə bağlı, bu birlik və barışıq tədbirinin təşkilini təxirə salmalı olub.

Yeni ildə yenidən görüşmək ümidilə, Səfir xanım Səlimə Abdelhak və Səfirliyin bütün işçi heyəti bütün Əlcəzair xalqına can sağlığı, sevinc və əmin-amanlıq diləyirlər. Eyni arzular bu dünyavi ənənəni paylaşan bütün Məğrib xalqlarına da ünvanlanır.

Oxunma sayı 1496