Elektrikli avtomobillərə natrium investisiyası

11:00 08.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Elektrikli nəqliyyat vasitələrinin akkumulyatorlarında litium yerinə natrium istifadə edilməsi istiqamətində aparılan araşdırmalar sektorun strukturunu da dəyişdirə bilər.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, elektrikli avtomobil akkumulyatorlarında istifadə edilən litium yerinə natriuma qoyulan investisiyaların həcmi artıb. Bu dəyişiklik xəbərlərdə bu sözlərlə qeyd edilib: “Bir çimdik duz avtomobil sənayesinin yeni dünya nizamını alt-üst edə bilər”.

Natrium ion əsaslı batareyaların enerji istehsalını daha səmərəli etdiyinə və litiumla müqayisədə soyuq hava şəraitinə daha davamlı olduğuna diqqət çəkilib. Həmçinin, natrium litiumla müqayisədə daha ucuzdur.

Digər tərəfdən, natrium batareyaları litium batareyalarından bir kiloqram üçün yarıya qədər az enerji saxlayır. Buna görə də, litium batareyaları ilə eyni gücü təmin etmək üçün natrium batareyaları daha böyük olmalıdır.

Təhlildə həmçinin qeyd olunub ki, natrium batareyalarına keçid Çinin elektrik avtomobil sənayesində hökmranlığını poza bilər.

Amerikanın elektrikli avtomobil şirkəti Tesla-nın baş direktoru İlon Mask keçən ay verdiyi açıqlamada, hökumətlərin kommersiya tədbirləri görmədiyi təqdirdə Çin şirkətlərinin qlobal rəqiblərini "məhv edəcəklərini" söyləyib.

Çin dünyada litiumun üçüncü ən böyük istehsalçısıdır, ABŞ isə bütün məlum natrium ehtiyatlarının 90 faizinə malikdir.

Fransız-İtalyan avtomobil nəhəngi “Stellantis” və Çin şirkəti BYD, natrium əsaslı elektrik avtomobil akkumulyatorlarına böyük investisiyalar qoyub.

“Stellantis” yanvarın 12-də natrium əsaslı akkumulyatorlar istehsal edən Avropanın “Tiamat” şirkətinə sərmayə qoyduğunu açıqlayıb. Yeni akkumulyatorların istehsalına 150 milyon avro ayrıldığı halda, “Tiamat”a nə qədər sərmayə qoyulduğu açıqlanmayıb.

Çinin elektrikli avtomobil bazarının aparıcı adlarından olan BYD yanvarın 5-də verdiyi açıqlamada Jiangsu bölgəsində natrium ion batareyaları istehsal edəcək xüsusi obyekt üçün 10 milyard Çin yuanı sərmayə qoyulduğunu açıqlayıb.

Bundan əlavə, Hindistanda yerləşən çoxmillətli enerji şirkəti Reliance Industries, 2021-ci ilin dekabr ayında Britaniyada natrium ion batareyaları istehsal edən Faradion şirkətini 100 milyon funta satın alıb.