Tacikistan prezidenti Emoməli Rəhmon hökumət komissiyasına birdəfəlik maddi yardımın verilməsi üçün Rəşt və Tacikabad rayonlarında zəlzələdən zərər çəkmiş ailələrin yenilənmiş siyahısını təqdim etməyi tapşırıb.
Hafta.az-ın yazdığına görə, dövlət başçısının mətbuat xidməti xəbər verir ki, “Taciksuqurta” dövlət sığorta şirkətinə sığorta müqaviləsinin olub-olmamasından asılı olmayaraq hər bir zərər çəkmiş ailəyə belə yardımın ödənilməsi tapşırılıb.
Tacikistan hökumətinin iclasında dövlət başçısı həmçinin yeni yaşayış binalarının tikintisi üçün evləri zədələnmiş ailələrə təhlükəsiz yerlərdə torpaq sahələrinin ayrılması barədə göstəriş verib. Ən qısa müddətdə zəlzələyə davamlı tikinti normaları nəzərə alınmaqla zərərçəkmişlər üçün dörd və iki otaqlı evlərin layihələri hazırlanmalıdır.
Rəşt və Tacikabad rayonlarının hakimiyyət orqanlarına bu il noyabrın 1-dək evləri və müvafiq infrastrukturu tamamilə dağılmış ailələr üçün yeni evlərin istifadəyə verilməsi tapşırılıb.
Yenilənmiş məlumata görə, zəlzələ zamanı üç yaşlı uşaq ölüb, 16 nəfər isə fiziki xəsarət alıb. 65 yaşayış binası tamamilə, 193-ü qismən dağılıb, daha 150 binaya isə cüzi ziyan dəyib. Həmçinin 193 yardımçı bina, 1 rayon xəstəxanası, 2 tibb məntəqəsi, 8 təhsil müəssisəsi və digər obyektlər zərə çəkib.
Dövlət başçısı tədris prosesinin tez qurulması üçün tədbirlərin görülməsini, bədən xəsarətləri almış insanlara vaxtında tibbi yardım göstərilməsini, sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət edilməsini, Rəşt və Tacikabad sakinlərinin operativ şəkildə dərman preparatları ilə təmin olunmasını tələb edib.