Əraqçını Bakıya gətirən səbəblər...

14:45 11.12.2025
Yazını böyüt
Yazını kiçilt

İranın xarici işlər naziri Abbas Əraqçinin Bakı səfəri müxtəlif aspektlərdə təhlil olunur. Bu səfərin İran–Azərbaycan münasibətlərində yeni dönüş yaradacağı qeyd olunur.

Bu səfər İran–Azərbaycan münasibətlərinə yeni nə vəd edir?

Bununla bağlı Hafta.az-a danışan siyasi şərhçi Aydın Quliyev hesab edir ki, İranın xarici işlər nazirinin Azərbaycana budəfəki səfəri maraqlı bir dövrə təsadüf edir. Onun fikrincə, Azərbaycanla İranın münasibətlərində yeni bir mərhələnin başlandığı şübhəsizdir.

A.Quliyev qeyd edib ki, 2 il əvvəl Tehranda səfirliyimizə qarşı törədilmuş terror aktından sonra bir il  İran–Azərbaycan münasibətlərində soyuqluq, fasilə yarandı:

“Həmin vaxt Tehran terrorla bağlı araşdırmanı sürətləndirmədiyi üçün İranla Azərbaycan arasında görülməli bir sıra işlər təxirə salındı. Son vaxtlar İran–Azərbaycan münasibətlərində aktivləşmə ortaya yeni görülməli vacib işlər çıxardıb. Xüsusilə də Azərbaycan Ermənistan arasında normallaşma prosesindəki yeni mühitdə də İran-Azərbaycan münasibətlərinin aktivləşməsinə ehtiyac var”.

A.Quliyev eyni zamanda qeyd edib ki, Şimal–Cənub nəqliyyat dəhlizinin reallaşması üçün görüləcək işlər var.  O hesab edir ki, Azərbaycan, İran, Rusiya arasında bu yaxınlarda imzalanmış Şimal– Cənub nəqliyyat dəhlizinin qərb qolunun gücləndirilməsi ilə bağlı sənəd deyilənlərə sübutdur:

"Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın mövqeyində hiss olunan əhəmiyyətli dəyişiklik münasibətlərə yeni nəfəs verməlidir. İran, artıq öz ərazisindən Araz çayı üzərindən Naxçıvana keçid imkanı verilməsinə razılaşıb. Araz dəhlizinun işləməsi İranın Naxçıvan üzərindən Ermənistanla avtomobil və dəmir yolu əlaqəsi qurması, zahirən asan görünsə də, Zəngəzur dəhlizi açılmalıdır. Dəhliz açılmasa, İran Arazdan keçərək Naxçıvan üzərindən Ermənistanla heç bir əlaqə qura bilməz. İran tərəfi yaxşı anlayır ki,  Azərbaycan öz üzərindən Rusiyadan, Mərkəzi Asiyadan gələn yüklərin Ermənistana daşınması ilə bağlı məhdudiyyəti götürübsə, deməli Zəngəzur dəhlizinin açılması ilə bağlı məhdudiyyət yaratmaq mənasızdır. Ona görə də yeni mərhələdə İran-Azərbaycan münasibətləri ilə bağlı zəngin yol xəritələrindən danışmaq mümkündür”.

Tahirə Qafarlı