Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Vəlid əl-Hireyci prezident Rəcəb Tayyib Ərdoğanın Krallığa səfərinin iki ölkənin 2029-cu ildə 100-cü ilinə çatacaq tarixi əlaqələrin dərinləşdirilməsi səylərinin davamı olaraq gəldiyini bildirib. Əl-Hireyci həmçinin Səudiyyə Ərəbistanı-Türkiyə əlaqələrinin qurulmasının 100-cü ildönümü olan 2029-cu ilədək önümüzdəki beş il ərzində liderlərinin məqsədlərinə çatmaq üçün daha çox körpü qurmağı və davamlı olaraq çalışmağı səbirsizliklə gözlədiklərini bildirib.
Hafta.az-ın yazdığına görə, “Şarkul Avsat”a müsahibəsində əl-Hireyci bildirib ki, “Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı xüsusi münasibətlərdə uğurun əsas sütunlarından biri biznes sektorudur, çünki ikitərəfli əlaqələr rəqabətdən çox inteqrasiya ilə xarakterizə olunur. O, həmçinin qeyd edib ki, iki ölkə birbaşa investisiyaların təşviqi, daxili ticarətin inkişafı və şaxələndirilməsi sahəsində əməkdaşlığa can atırlar.

“Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləzizin prezident Ərdoğanın dəvəti ilə 22 iyun 2022-ci il tarixində Türkiyəyə səfəri beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olub. Vəliəhdin səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm sıçrayış oldu. Bu, iki ölkə liderlərinin ikitərəfli münasibətləri tarixi qardaşlıq əsasında gücləndirməyə davam etmək, iki ölkənin və xalqların ümumi maraqlarını qorumaq və regionun daha yaxşı gələcəyini təmin etmək əzmindən əlavə, bütün sektorlarda görkəmli nailiyyətlərə, tərəfdaşlıqlara və sonrakı əməkdaşlıq müqavilələrinə səbəb oldu” deyən nazir müavini əlavə edib ki, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında seçilən əlaqələrin uğur sütunlarından biri biznes sektorudur. Çünki ölkələr bu sektorda rəqabətdən çox bir-birini tamamlayan xüsusiyyətlərə malikdir. Səudiyyə Ərəbistanı Türkiyənin enerji məhsulları və sənaye üçün əsas materiallar baxımından ehtiyac duyduğu hər şeyə sahib olsa da, Türk məhsulları və podratçılıq sənayesi 2030-cu il hədəflərinin məqsədinə çatmaq üçün tikinti sənayesində artan ehtiyaclarını qarşılamaq məqəsdilə Səudiyyə Ərəbistanında yaxşı bir bazar tapacaq.
“Vəliəhd şahzadə Məhəmməd bin Salmanın Türkiyə səfəri ilə prezident Ərdoğanın cavab səfəri arasında son bir ildə biri İstanbulda, digəri isə Ər-Riyadda olmaqla iki investisiya forumu keçirilib. Forumlar zamanı biznes sektorunun dəstəklənməsi, daxili ticarətin genişləndirilməsi və ticarət mübadiləsinin artırılması məqsədilə müxtəlif sazişlər imzalanıb. Ona görə də Səudiyyə Ərəbistanı və Türkiyə G20 üzvləri kimi böyük iqtisadi potensiala malikdir. 2030-cu il hədəfləri iki ölkə arasında investisiya, ticarət, turizm, əyləncə, inkişaf, sənaye, mədənçıxarma, tikinti, nəqliyyat və infrastruktur layihələri sahələrində perspektiv əməkdaşlıq imkanlarını da əhatə edir” deyən nazir müavini bildirib ki, Krallıqdakı cəlbedici biznes mühiti cəmi kapitalı təxminən 1 milyard riala çatan 390 türk şirkətini Səudiyyə bazarına sərmayə qoymağa cəlb edə bilib. Türk şirkətləri bir çox sektorda fəaliyyət göstərir. Bunlardan ən mühümləri tikinti, istehsalat, topdan və pərakəndə ticarət və restoran biznesidir.
Əl-Hireyci qeyd edib ki, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfləri daxili ticarətin inkişafı və şaxələndirilməsi, iki ölkə arasında ticarət mübadiləsinin asanlaşdırılması, bu istiqamətdə çətinliklərin aradan qaldırılması, dövlət və özəl sektorlar arasında ünsiyyətin intensivləşdirilməsi, investisiya imkanlarının müzakirəsi və müxtəlif sahələrdə konkret tərəfdaşlığa çevrilməsi üçün daim çalışırlar.

“İki ölkə birbaşa investisiyaları təşviq etmək üçün əməkdaşlığa can atırlar. Onlar bu sahədə müqavilə imzaladılar və həmçinin 2030 hədəflərinin işığında Səudiyyə Ərəbistanının təqdim edəcəyi nəhəng layihələrdə türk şirkətləri üçün perspektivli əməkdaşlıq imkanlarını vurğulamaq üçün 2022-ci ilin dekabrında Türkiyə-Səudiyyə Ərəbistanı Biznes və İnvestisiya Forumunu qurdular. Bunun ardınca ötən ilin martında Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Türkiyə Biznes Forumu keçirilib. Səudiyyə Ərəbistanı və Türkiyə regionun və dünyanın iki mühüm ölkəsi kimi hər sahədə əməkdaşlığa, iki ölkənin qlobal miqyasda iddialı layihələrini, ideyalarını və təşəbbüslərini qarşılıqlı dəstəkləməyə hazırdırlar. Türkiyə Ər-Riyadın “Expo 2030”a ev sahibliyi etmək namizədliyini lütfkarlıqla dəstəklədi. Türkiyə Səudiyyə Ərəbistanının iqlim dəyişikliyi ilə mübarizə səylərinə verdiyi dəstəkdən əlavə, Krallığın təşəbbüsü ilə irəli sürülən və G20 ölkələrinin liderləri tərəfindən təsdiq edilən Yaşıl Səudiyyə Ərəbistanı və Yaşıl Yaxın Şərq təşəbbüslərinin başlanmasını və bu təşəbbüslərin həyata keçirilməsini alqışlayır. Bundan əlavə, Səudiyyə Ərəbistanı və Türkiyə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və Paris Sazişinin prinsiplərinə əməl etməyin vacibliyini bir daha vurğuladılar” deyən nazir müavininə görə, Səudiyyə - Türkiyə Koordinasiya Şurasının oynadığı rol iki ölkə arasında müxtəlif siyasi, iqtisadi, ticarət, enerji, kənd təsərrüfatı, mədəniyyət, təhsil, texnologiya, hərbi və təhlükəsizlik sahələrində əlaqələri gücləndirmək məqsədi daşıyır. O deyib ki, ilk iclasını 2017-ci ilin fevralında Ankarada keçirən Şuranın ikinci iclasının bu il Ər-Riyadda keçirilməsi gözlənilir.
Cənab əl-Hireyci bildirib ki, bu il Türkiyədə baş verən zəlzələyə qarşı donorların siyahısında Səudiyyə Ərəbistanı birinci olub. Onun sözlərinə görə, vəliəhdin səxavətli göstərişi ilə onlar tibbi yardım üçün hava nəqliyyatı körpüsü qurdular. “Zəlzələdən zərər çəkənlərin xeyrinə 48,8 milyon dollardan artıq layihə müqavilələri imzalanıb və bu işlər hələ də davam etdirilir. Təbii ki, Səudiyyə Ərəbistanı sağlam prinsiplər əsasında Türkiyədəki qardaşlarının yanındadır. Səudiyyə Ərəbistanının səyləri Türkiyənin cənubunda və Suriyanın şimalında zəlzələ zonalarında zərər çəkənlərə dəstək verməyə davam edəcək”, - deyib nazir müavini.
Səudiyyə Ərəbistanı və Türkiyənin Ukraynada gedən müharibəyə də toxunan nazir müavini deyib ki, bu böhrana son qoyulması indi beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır. Onun fikrincə, Səudiyyə Ərəbistanı və Türkiyənin nöqteyi-nəzəri ondan ibarətdir ki, münaqişə BMT-nin qətnamələri və beynəlxalq normalar işığında və beynəlxalq sülhün xeyrinə başa çatdırılmalıdır.
Cənab əl-Hireyci deyib ki, Səudiyyə Ərəbistanı Rusiya və Ukrayna arasında vasitəçilik etmək üçün bir neçə dəfə cəhd edib, Türkiyə isə böhran başlayandan bəri taxıl müqaviləsini saxlamaq üçün vasitəçilik edə bilib. Şübhəsiz ki, iki qardaş ölkənin - Səudiyyə Ərəbistanı və Türkiyənin Rusiya-Ukrayna böhranı ilə bağlı baxışların və perspektivlərin yaxınlaşması Rusiya və Ukraynanın böhranı sona çatdırmaq üçün tərəfləri təşviq etmək üçün birgə işləmək imkanı verir.
Nazir müavini Türkiyə-Misir əlaqələrinin son vaxtlar artmasına da münasibət bildirib. Deyib ki, Səudiyyə Ərəbistanı Türkiyə ilə Misir arasında əlaqələrin inkişafını dəstəkləyən bəyanat yayıb. Səudiyyə Ərəbistanı bu yaxınlaşmanı regionda daha yaxşı atmosfer yaratmaq üçün yeni fürsət və inkişafın, sabitliyin, iş yerlərinin yaradılmasının, kommersiya tərəfdaşlığının və investisiyanın prioritet olduğu təhlükəsiz Yaxın Şərqə doğru irəliləmənin vacib hissəsi kimi görür.