Latın Amerikası ölkəsi Nikaraqua Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin qardaşı oğlunu Bəhreynə səfir təyin edib.
Hafta.az-ın yazdığına görə, Nikaraqua vətəndaşlığı alan Məhəmməd Ferrara Laştar bu ilin mart ayında Tunisə, aprel ayında isə Türkiyəyə diplomatik nümayəndə təyin edilib. Nəhayət, Nikaraqua hökuməti onu Bəhreyn fövqəladə və səlahiyyətli səfir təyin edib.
Laştar əvvəllər Yaxın Şərqin bir çox ölkəsində Nikaraqua adından diplomatik missiyalar həyata keçirib. O, 2021-ci ildən Nikaraqua hökuməti adından işlədiyi üçün ABŞ-ın sanksiya siyahısındadır.
Göründüyü kimi, Qəddafinin yaxınlarına uzaq Latın Amerikası ölkələrində yüksək hörmət qoyulsa da, öz ərəb milləti onlarla düşmən kimi rəftar edir. Məsələn, daha əvvəl də xəbər verdiyimiz kimi, 2015-ci ildə ərəb ölkəsi Livanda saxlanılan Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi o vaxtdan bəri məhkəməsiz-filansız məhbəs həyatına məhkum edilib. Bu səbəbdən də o, etiraz olaraq aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livandakı Amal Hərəkatına bağlı şiə milislər tərəfindən qaçırılıb, sonra həbs edilib. Şiə milislər Qəddafinin sərbəst buraxılması üçün 1978-ci ildə Liviyada yoxa çıxan Livan şiə lideri Musa Sədr haqqında məlumat tələb edirdilər. Sədr yoxa çıxanda Əməl Hərəkatının lideri idi.
1978-ci ildə baş verənlərin məntiqi baxımdan Hannibal Qəddafiyə dəxli olmadığını anlamaq istəməyən Livan şiə qrupları heç bir günahı olmayan bir insanı həbsdə çürüdürlər. Axı 1978-ci ildə Musa Sədr yoxa çıxanda Hannibal Qəddafinin cəmi 3 yaşı olub. Belə ağır hadisələrin məsuliyyətini isə dövrün 3 yaşlı körpəsinin boynuna qoymaq insanlıqdan kənardır.
Yeri gəlmişkən, vəkilləri aclıq aksiyası keçirən Qəddafinin tezliklə azadlığa buraxılmasını tələb edir və onun başına gələcəklərə görə Amal Hərəkatının məsuliyyət daşıdığını bildirirlər.