Azərbaycan və Bolqarıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, “Orduda daxili təhlükəsizliyin təmin edilməsi üzrə işçi görüşü” keçirilib.
Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimovla görüşüb.
Görüş zamanı Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olan nümayəndə heyəti Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevlə görüşüb.
Qonaqlara Hərbi Polis İdarəsinin yaranma tarixi, fəaliyyəti, əsas vəzifələri və icra etdiyi funksiyalar barədə ətraflı məlumat verilib.
Həmçinin görüşdə növbəti illərdə hər iki ölkənin hərbi polis heyətlərinin müştərək təlimlərdə iştirak perspektivləri müzakirə olunub.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Görüşlərdə qarşılıqlı hədiyyələr təqdim edilib.