Bir qrup deputatın Qarabağın Azərbaycanın ərazisi kimi tanınması ilə bağlı təklif-tezisindən sonra Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasında əsl dava başlayıb.
Hafta.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazır.
Nəşrin məlumatına görə, "Vətəndaş müqaviləsi”nin deputatları Marina Karapetyan, Sona Qazaryan, Lena Nazaryan və Arsen Torosyan sentyabrın 13-də səhər saatlarında Nikol Paşinyan parlamentə gəlməmişdən əvvəl qapalı fraksiya iclasında bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı tələbinə baxılması və sərhəddə davam edən gərginliyə son qoyulması mümkündür.
"Yəni Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq və bununla da bu mövzunu həmişəlik bağlamaq. Bəyanat, xoşbəxtlikdən, birmənalı qəbul edilməyib. Amma mənbələrimizin bildirdiyinə görə, adıçəkilən deputatlar geri çəkilməyiblər və bu gün də deputat həmkarlarını inandırmağa davam edirlər ki, hazırda yeganə çıxış yolu budur"- deyə erməni qəzeti davamında yazır.
“Mən fraksiyanın qapalı iclasını şərh etmək fikrində deyiləm”, - deyən Sona Qazaryan “Joqovurd”a müsahibəsində belə bir təklifin olduğunu inkar etmədən bildirib.