Erməni sərnişin 2 kiloluq qızıl zəncirlə Türkiyəyə uçmaq istədi

11:00 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada Türkiyə uçuşları üçün əsas hava limanı olan “Vnukovo”da maraqlı qaçaqmalçılıq hadisəsi qeydə alınıb.

Hafta.az-ın yazdığına görə, Federal Gömrük Xidməti “Vnukovo”dan Türkiyəyə uçmaq üçün boynuna 2 kilo çəkisi olan qızıl zəncirlə keçid məntəqəsindən keçmək istəyən Ermənistan vətəndaşını saxlayıb.

Bildirilib ki, 32 yaşlı erməni sərnişin "mövcud yay fəslinə uyğun gəlməyən qalın paltarı ilə diqqət çəkib", olduqca həyəcanlı görünüb və "yaşıl dəhlizdən" keçərkən gömrük polisi tərəfindən axtarılıb.

Adı açıqlanmayan sərnişin boynundakı zəncir barədə soruşduqda “Mən hər gün 50 min rublluq zəncir taxıram” deyib. Lakin araşdırma zamanı məlum olub ki, 1,7 kiloluq qızıl zəncirinin dəyəri ən azı 9 milyon rubldır (93 min dollar).

Erməni sərnişin “strateji əhəmiyyətli malların qaçaqmalçılığı haqqında qanun” əsasında saxlanılıb. Qanunun müvafiq maddəsi 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Ötən ay Federal Gömrük Xidməti Dubaydan “Vnukovo” hava limanına uçan sərnişinin baqajında ​​bəyan edilməmiş 19 milyon rubl dəyərində qol saatı aşkarlanıb. Belə ki, sərnişin 5,5 milyon rubl vergini ödəməkdən yayınarkən tutularaq həbs edilib. Sərnişinin saatı müsadirə olunub.