Hər il olduğu kimi, bu il də aprel ayının 24-də dünyada anti-Türkiyə və ümumiyyətlə, antitürk qüvvələr öz aralarında həmrəylik göstərərək qondarma erməni soyqırımı mifi ətrafında birləşəcəklər. Tarixdə olmamış, sadəcə güclənən türkçülüyün və sürətlə böyüyən Türkiyənin əleyhinə şər-böhtan kampaniyası aparan bir yığın ölkə yenə də dişlərini qıcıyaraq öz mənfur məqsədlərini ortaya qoyacaqlar. Niyə, guya bir əsr öncə Osmanlı Türkiyəsində milyonyarım erməni məhv edilib, türklər bu dırnaqarası xalqa qarşı soyqırımı törədib.
Əsl həqiqət isə başqadır, ermənilər tarixən dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayıblar və indinin özündə də Türkiyə və Azərbaycan, hətta Gürcüstan torpaqlarında bu qəsbkar ideyanı reallaşdırmaq kimi bir utopiya içindədirlər. Bir dəhşətli hal da var ki, ermənilər digər xalqlarla birlikdə yaşamaq istəmirlər və ümumiyyətlə, özlərini hər zaman başqa millətlərdən təcrid edirlər. Nəticəsi budur ki, hazırda Ermənistanda yalnız ermənilər yaşayır, bir də barmaqla sayılacaq sayda yezidi kürdlər. Onlarla da ki, erməniləri siyasi məqsəd birləşdirir. PKK terror təşkilatı ilə işbirliyi içində olan Ermənistan türklərə qarşı düşmənçilikdə yezidi kürdləri kart olaraq istifadə edir. Yəni ermənilər özlərini kürd xalqına dost göstərməyə çalışırlar...

Ermənilərin türk millətinə qarşı düşmən mövqeyi tarixən mövcud olub və onlar bu müstəvidə ən iyrənc üsullardan yararlanıblar. Erməni terrorçu dəstələri hələ XIX əsrin ikinci yarısında - 1862, 1878, 1880, 1884, 1890 və 1892-ci illərdə Türkiyənin müxtəlif ərazilərində kütləvi qırğınlar törədərək 2 milyondan çox türkü qətlə yetiriblər. Yalnız 1890 - 1892-cı illərdə “Hncaq” terror təşkilatı tərəfindən 65 min əliyalın türk öldürülüb.
Əlbəttə, Osmanlı iqtidarı ölkə ərazilərinə qarşı müxtəlif istiqamətlərdən hücum edən Fransa, İngiltərə, Yunanıstan, hətta şimaldan Rusiya və sairlə müharibə apardığı bir vaxtda ermənilərin daxildə silahlı qiyam qaldırmasına və necə deyərlər, Osmanlı qoşunlarına arxdan zərbə vurmasına göz yuma bilməzdi. Gündən-günə artan erməni millətçiliyi artıq qətllərə meyillənirdi. Təsəvvür edin: onlar ilk olaraq 1890-cı ildə Ərzurumda qiyam qaldırırlar və qısa vaxt ərzində Van, Sason, Adana və sairdə də dövlətə itaətdən çıxdılar. Hətta o qədər azğınlaşdılar ki, 1905-ci ildə sultana sui-qəsd cəhdi etdilər. Odur ki, 1915-ci ildə xəyanətkar ermənilərin bir qismini aktiv hərbi rayonlardan köçürməyə qərar verdi. Məhz ermənilərin “soyqırımı” kimi uydurduğu tarixdə - aprelin 24-də 2345 cinayətkar erməni lider həbs edildi.
Əslində, bu qərar Osmanlı kimi başqa ölkələrdə də verilib və müharibə şəraitində sırf ölkənin təhlükəsizliyini nəzərdə tutur. Məsələn, İkinci Dünya Müharibəsi zamanı SSRİ hökuməti də Türkiyə ilə sərhəddə yaşayan Mexseti türklərini və ya Krımda yaşayan türkləri sovet imperiyasının ucqar daxilinə köçürmüşdü.
İndi ermənilər iddia edirlər ki, o dövrdə sürgünə məruz qalan ermənilər milyonyarım olub. Bir sıra xarici ölkələrin arxivlərində qorunan sənədlərdən aydın olur ki, əslində Osmanlı hökumətinin qərarı ilə köçürülən ermənilərin sayı cəmi yarım milyonmuş.
Qondarma erməni soyqırımı iddialarını əlüstü qəbul edən türk düşməni ölkələr, bununla guya türkiyəyə təzyiq göstərməyə çalışdılar. Baxın: qondarma soyqırım iddialarının ölkələr tərəfindən tanınması prosesi 1965-ci ildən gündəmə gəlib. Kilsənin irəli sürdüyü bu iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə o vaxtdan böyük bir kampaniyaya çevrilib.
Bu arada qeyd edək ki, qondarma soyqırımı ilk olaraq Uruqvay tanıyıb. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb və bu qərarı 2004 və 2005-ci illərdə yenidən təkrarlayıb. Uruqvaydan sonra Kipr (yunan Kipri) 1982-ci il aprelin 29-da analoji qərar qəbul edib. Ümumiyyətlə, dırnaqarası soyqırımı tanıyan ölkələrin sıralaması aşağıdakı kimidir: Uruqvay 20 aprel 1965, 2004 və 2005-ci illərdə, Kipr (yunan Kipri) 1982-ci ildə, Argentina 1993, 2003, 2004, 2005, 2006 və 2007-ci ildə, Rusiya 1995 və 2005-ci illərdə, Yunanıstan 25 aprel 1996-cı ildə, Kanada 1996, 2000 və 2004-cü illərdə, Livan 1997 və 2000-ci illərdə, Belçika 26 mart 1998-ci ildə, Vatikan 2000-ci ildə, İtaliya 17 noyabr 2000-ci ildə, Fransa 18 yanvar 2001-ci ildə, İsveçrə 16 dekabr 2003-cü ildə, Slovakiya 30 noyabr 2004-cü ildə, Niderland 21 dekabr 2004-cü ildə, Polşa 19 aprel 2005-ci ildə, Almaniya 1 iyun 2016-cı ildə, Venesuela 14 iyul 2005-ci ildə, Litva 15 dekabr 2005-ci ildə, Çili 2007-ci ildə, Boliviya 2014-cü ildə, Braziliya 2015-ci ildə, Lüksemburq 2015-ci ildə, Bolqarıstan 2015-ci ildə, Avstriya 2015-ci ildə, Suriya 2015-ci ildə, ABŞ (ABŞ-dakı ştatlardan əksəriyyəti qondarma soyqırımı çoxdan tanıyıb) 2019-cu ildə qondarma soyqırımı tanımaq haqda qərar qəbul edib.

Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində yalan iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdirə biliblər.
Siyahıya nəzər yetirdikdə aydın olur ki, qondarma soyqırım kartını əlində tutaraq Türkiyəyə qarşı çıxan ölkələrin əksəriyyəti Amerika və Avropanın xristian subyektləridir. Bu siyahıya Rusiyanı da daxil edə bilərik. Ermənilərə dəstək verənlərdən yalnız ikisi – Suriya və Livan Yaxın Şərqin müsəlman subyektləri, Türkiyənin qonşuları, tarix boyu xeyri-şəri bir olan dövlətlərdir.
Qondarma soyqırımı tanıyan beynəlxalq birlik statusundakı təşkilat, ermənilərə hər zaman dəstək vermiş ölkələri öz sıralarında cəmləyən Avropa parlamentidir. Orada da qanun layihəsini gündəmə Fransadan olan parlamentarilər çıxarıb.
Maraqlıdır ki, qondarma soyqırımı tanımaqda bu xristian təəssüfkeşliyinin məqsədi nədir? Hə, belə başa düşülür ki, ilk olaraq "soyqırımı" dünya miqyasında tanınmalı, ardıyla da eyni qərarı Ankaraya qəbul etdirilməli, bundan sonra "soyqırım"dan ziyan çəkmiş ermənilərin varislərinə təzminat ödənilməli və nəhayət, Türkiyənin şərqin ərazilərindən ermənilərə torpaq verilməlidir.

Ermənilər və Qərbdəki havadarları sadəcə tanınmayla kifayətlənmirlər, adıçəkilən ölkələrin əksəriyyətində "soyqırımı" abidələri qoyulub, bədnam iddialarını təbliğ edən 45 min sayt yaradılıb, filmlər çəkilib, bəzi ölkələrdə (məsələn, Almaniyada) mövzu dərsliklərə salınıb, kitablar yazdırılıb və nəhayət, indi də başlayıblar “demokratik Avropada” "soyqırımı yoxdur" sözünü deyənlərin cəzalandırılmasına.
Ermənilər qətlləri yalnız Anadoluda törətməyib, Azərbaycanda da yüzlərlə kəndi yandırıb-yaxıblar. Onlar Bakı, Şuşa, İrəvan və Naxçıvan mahallarında, Qarabağ, Borçalı, Qazax, Zəngəzur, Gəncə, Quba, Tiflis və sair yerlərdə də Azərbaycan türklərini kütləvi şəkildə məhv ediblər. Əlbəttə, ermənilər cəzasız qalan bu siyasəti 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1994-cü illərdə də Azərbaycan xalqına qarşı tətbiq ediblər. Bununla da ötən əsrdə Azərbaycan xalqı 4 dəfə soyqırımına məruz qalıb və yüzminlərlə azərbaycanlı bu məkrli siyasətin qurbanına çevrilib. Ən son olaraq XX əsrin faciəsi adlanan Xocalı soyqırımını törədən ermənilər öz qaniçən xislətlərini bütün dünyaya sübut etdilər.