Ermənilər tarixi eksponatlarımızı Ermənistana daşıyıb - Arxeoloq

17:43 16.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

30 illik işğal müddətində ermənilər təbii sərvətlərimizin talan edilməsi ilə yanaşı, tarixi abidələrimizə, maddi mədəniyyət nümunələrimizə də xeyli ziyan vurublar. Tarixi və mədəniyyəti olmayan bir millət, bizim qədim dövrlərə aid abidələrimizin bir qismini dağıdıb, bir qismini ümumiyyətlə məhv edib və özününküləşdirməyə çalışıb. Hətta, zaman-zaman burada guya ermənilərə aid qədim şəhərlər tapdıqlarını da iddia etməkdən çəkinməyiblər. Onların çirkin əməlləri nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların ərazisində, kurqanlar, küp qəbirlər, Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələr dağıdılaraq məhv edilib.

Ölkəmizin, eləcə də bəşəriyyətin mədəni irsinin tərkib hissəsi olan bu obyektlərin, tarixi eksponatların bəzilərinin sonrakı taleyi isə, hələ də məlum deyil. 

Görəsən işğal müddətində ermənilərin qanunsuz olaraq apardıqları qazıntılarda əldə etdikləri eksponatlar indi haradadır? Düşmən hansı tarixi abidələrimizi məhv edib, hansıları dəyişdirməyə çalışıb? Təbii ki, tarixi irslərimiz arasında dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası xüsusi önəmə malikdir.

Bütün bu suallara aydınlıq gətirmək üçün hafta.az-ın əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibliyə müraciət etdi. Onun sözlərinə görə, Azıx mağarası 1960-cı ildə aşkar edilmişdir. Elə həmin vaxtdan da öyrənilib, 20 ildən artıq müddətdə burada arxeoloji qazıntı işləri aparılıb. Qazıntılara rəhbərliyi görkəmli alim, mərhum professor Məmmədəli Hüseynov edib:

“Azıx mağarasında aparılan tədqiqatlar göstərib ki, Quruçay vadisində ibtidai insanlar hələ 2 milyon il öncə məskunlaşıblar. Tədqiqatlar ibtidai insanların həyat tərzini, ovçuluq və yığıcılıqla məşğul olduqlarını göstərib. Burada daşdan hazırlanmış çoxsaylı əmək alətləri, mağara sakinlərinin ovlayıb yedikləri heyvanların sümükləri aşkar edilib. Azıx Mağara düşərgəsi, Nazirlər Kabinetinin 2-avqust 2001-ci il tarixli qərarı ilə, dünya əhəmiyyətli abidələr sırasına daxil olunmuşdur. Abidənin unikallığı ondadır ki, qədim daş dövrünə aid mağara tipli abidə olaraq çoxtəbəqəli bir abidədir. Burada qədim daş dövrünün, paleolit dövrünün müxtəlif mərhələləri öz əksini tapıb. Avrasiya məkanında bu cür mağara tipli düşərgələrdə belə abidələrə çox nadir hallarda rast gəlinir. Abidə ibtidai insanların, 2 milyon il əvvəl Cənubi Qafqazda məskunlaşmasının tarixini öyrənmək üçün unikaldır”.

Arxeoloq bildirdi ki, təkcə Azıx mağarasında deyil, işğal müddətində digər ərazilərimizdə də qanunsuz olaraq arxeoloji qazıntı işləri aparılıb:

“Bura dünya birliyi tərəfindən qəbul edilmiş tarixi Azərbaycan ərazisidir. Azərbaycanın sərhədləri daxilində, kənardan gəlib qanunsuz olaraq qazıntı aparan şəxslər, həm Beynəlxalq Hüququ, həm də Azərbaycan qanunlarını pozublar. Azıx mağarasından və eyni zamanda digər işğal edilmiş ərazilərimizdə qanunsuz olaraq aparılmış qazıntılar nəticəsində toplanılan materialların haraya aparılması araşdırılmalıdır. Bütün eksponatlar ölkəmizə təhvil verilməlidir. Təəssüf ki, indi, bu tapıntıların harada olduğu məlum deyil. Çox böyük ehtimalla onlar Ermənistanda saxlanılır. İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı, tarixi obyektlərə dəyən zərərin müəyyənləşdirilməsi, qanunsuz olaraq edilən qazıntıların abidələrə vurduğu ziyanlar, Beynəlxalq Hüququn və Azərbaycan qanunlarının pozulması məsələləri araşdırılacaq. Ümüd edirik ki, qeyri-qanuni olaraq çıxarılan maddi mədəniyyət nümunələrinin yerləri müəyyənləşdirilər və ölkəmizə təhvil verilər”.

N.Müseyibli onu da qeyd etdi ki, dırnağarası erməni və xarici alimlər ilk növbədə sərhədlərimizi qanunsuz keçdikləri üçün cinayət törədiblər. Onların qanunsuz əməlləri bununla da bitmir:

“Bundan əlavə Ermənistan 1954-cü ildə qəbul edilmiş Haaqa (hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında)  konvensiyasının, 1999-cu il protokolunun üzvüdür. Onlar faktiki olaraq həmin protokolu qəbul etsələr də, qaydalarını kobud şəkildə pozublar. Düşünürəm ki, beynəlxalq səviyyədə də bu məsələ araşdırılacaq”.

Mütəxəssis sonda onu da qeyd etdi ki, ermənilərin əsasən dağıntılara məruz qoyduqları tarixi obyektlər İslam mədəniyyəti dövrü abidələridir:

“Bu abidələrin üzərində ərəb epiqrafikası ilə müsəlmanlara, azərbaycanlılara aid olması barədə yazılar var. Məscidləri, qəbir üstü türbələri və üzərində bizə aid olması ilə bağlı işarələr olan digər mədəni nümunələri ermənilər sistemli şəkildə məhv ediblər.Məqsəd isə, buradan azərbaycanlıların izlərini silmək olub. Digər kateqoriya isə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus xristian məbədləridir. Həm Albaniya dövləti mövcud olduğu dövrdə, həm də, ondan sonrakı dövrlərdə bu məbədlər mövcud olub, lakin, sonradan, 19-cu əsrdə bu ərazilərə köçürülən ermənilər, albanlardan qalma xristian abidələrini özününküləşdirməyə çalışıblar. İşğal müddətində də, həmin obyektləri bərpa adı ilə ilkin vəziyyətini dəyişdirib erməniləşdirməyə çalışıblar”.

Daha ermənilər bizim torpaqlarımızda, tarixi abidələrimiz üzərindən məkirli siyasətlərni davam etdirə bilməyəcəklər. Bu gün Azərbaycan öz müqəddəratını özü həll edərək, dünyaya bir daha xalqının, dövlətinin və ordusunun gücünü göstərmiş oldu. Zəfəri ilə tarix yazan gənc ölkəmiz, Qarabağı işğaldan azad etməklə təkcə gələcəyini deyil, keçmişini də əsarətdən qurtardı.

Banu Hüseynli

Oxunma sayı 1697