Azərbaycan Qərbi Zəngəzur ərazisində dövlət sərhədlərinin bərpası, tarixi ərazilər üzərində nəzarətin özümüzə qaytarılması prosesini davam etdirir. Növbəti belə proses Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində, Qaragöl hövzəsində reallaşdırılıb.
Lakin gözlənildiyi kimi, Ermənistan Azərbaycan ordusunun tarixi və hüquqi torpaqlarında növbəti yerləşməsini çox ağrılı və ciddi etirazla qaşılayır.
Hazırda İrəvanda siyasi həyat qaynayır, parlament seçkiləri ərəfəsində bütün siyasi qüvvələr məlum olaylardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar.
Başlayaq baş nazir vəzifələrini yerinə yetirən Nikol Paşinyan hökumətindən. 44 günlük müharibə dövründə olduğu kimi, erməni baş nazir və komandasının üzvüləri yenidən telefon "diplomatiyası"na başlayıb.

Fransa, ABŞ, Rusiya, Litva, ATƏT, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı... Hətta Cənubi Qafqaz bölgəsinə heç bir aidiyyatı olmayan dövlətlərə belə Azərbaycanın guya Ermənistanın "suveren əraziləri"nə müdaxilə etdiyinə dair şikayətlər edilir. Özlərini növbəti dəfə "yazıq və köməksiz" kimi təqdim etməyə çalışırlar. Səbəb isə aydındır: vəziyyəti gərginləşdirmək, bununla beynəlxalq aləmin diqqətini cəlb etmək, seçkilər öncəsi bu amildən istifadə edərək müharibədə alınan məğlubiyyətin sonucu olaraq aşağı düşən reytinqlərini yüksəltmək. Hətta, 30 il ərzində Sovet İttifaqı dönəmində Azərbaycana məxsus sərhəddəki mənimsənilmiş ərazilərin hər vəchlə geri qaytarılmasını əngəlləmək.
Paşinyanın oyununu ifşa edən digər bir mühüm məqam isə Ermənistan Baş Prokurorluğu tərəfindən azərbaycanlı hərbiçilərin Qaragöl ərazisinə yerləşməsi ilə bağlı başlanılan “cinayət işi”dir. Paşinyan özü də təhlükəsizlik şurasının iclasında Azərbaycan əsgərlərinin tarixi və hüquqı cəhətdən bizim ərazilər sayılan Qaragöl ətrafında yerləşməsi prosesinin necə baş verdiyini bilmədiyini söyləyib.
Halbuki, prosesin son altı ayda necə həyata keçirildiyi aydındır. Tərəflər GPS vasitəsi ilə sərhəd dirəklərinin harada qoyulmalı olduğunu dəqiqləşdirir və mövqelər müəyyənləşir. Bu məsələdə hakimiyyətin daxili siyasi təzyiqlərdən qorxaraq bəlkə də əvvəllər əldə olunmuş razılaşmalardan boyun qaçırmaq istədiyi qənaətinə də gəlmək mümkündür. Çünki son üç gün ərzində bir-birinin ardınca verilən bəyanatlar tamamilə ziddiyyət təşkil etməkdədir.
Əgər ilkin açıqlamalarda prosesin razılaşma əsasında həyata keçirildiyi, Azərbaycanın Ermənistan sərhədlərini keçmədiyi bəyan edilirdisə, sonradan bu fikirlərin tamamilə əksi söylənilməyə başlanıldı.
Paşinyanı hakimiyyətdən devirməyə çalışan digər siyasi qüvvələrə gəldikdə isə, onlar Şurnux kəndinin geri qaytarılması prosesində olduğu kimi, bu dəfə də sərhədlərin müəyyənləşdirilməsini “ərazi itkisi”, hakimiyyətin Ermənistanın "milli maraqlarını və suverenliyini" qoruya bilməməsi kimi qələmə verməklə, hər yolla məsələni şişirtməyə və gündəmdə saxlamağa çalışırlar.
Ermənistandan fərqli olaraq Azərbaycanın sərhədlərin müəyyənləşdirilməsi prosesinə dair mövqeyi və baxışı çox təmkinli və qətiyyətldir. Xarici İşlər Nazirliyinin bəyanatından müəyyən məqamlara fikir verək:

"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır".
Bəyanatdan da göründüyü kimi, rzsmi Bakı beynəlxalq hüquq normaları və 9 noyabr, 11 yanvar razılaşmalarına əsasən bu prosesi həyata keçirir. Müzakirələr üçün hansısa beynəlxalq təşkilatlara, dövlətlərə yox, məhz Ermənistanın özünə xitab edir.
Maraqlıdır, indiki Ermənistan mətbuatının gündəmini zəbt etmiş Qaragöl ərazisi barədə nə bilirik?
Hazırda mübahisə və gərginlik predmetinə çevrilmiş, yüksək dağlıq ərazilərdə, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir.

Göl Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda Böyük işıqlı dağının (3548 m) şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və Kicik İşıqlı (3452 m) dağı ilə, şimaldan Canqutaran (2790 m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunub. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir. (Mənbə: Laçın rayon İcra Hakimiyyətinin rəsmi saytı)
Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 kv.km-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir. Gölün suyunun şəffaflığı 4,6 metrdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi.
Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Ətraf ərazilərdə qarın qalınlığı isə 40-45 sm-ə kimi olur. 1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həmdə onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Lakin 90-cı illərin əvvəllərindən etibarən Qaragöl və ətraf ərazilər Ermənistanın işğalı altına düşüb. İşğal dövründə Qaragöl Dövlət Qoruğunun ərazisi talanıb, bitki örtüyünə ciddi ziyan vurulub.
İndi Ermənistan iddia edir ki, gölün 30 faizi bu ölkənin ərazisinə daxildir, Azərbaycan sərhədçiləri isə gölü tamamilə nəzarət altına alıblar. Habelə İşıqlı zirvəsini nəzarətə götürüblər və oradan Ermənistan ərazisinin bir çox hissəsi, o cümlədən Sisyan aerodromu tam nəzarət altında qalır.
Göründüyü kimi, ərazi həm zəngin su hövzəsi, həm də Ermənistanın strateji məntəqələrinə nəzarət baxımından mühüm əhəmiyyətə malikdir. Ona görə də, İrəvan hər vəchlə bu əraziləri geri qatarmaq istəmir. Hətta Azərbaycanın "ölkənin suveren ərazilərinə müdaxiləsini" əsas gətirərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını prosesə cəlb etmək istəyir. Lakin ekspertlər də bildirir ki, KTMT-nin məlum prosesə müdaxiləsi üçün heç bir əsas yoxdur.
KTMT-nin məsələyə müdaxiləsi yalnız üzv dövlətin ərazi bütövlüyünün pozulması faktı sübut olunacağı təqdirdə mümkündür. Azərbaycan və Ermənistan sərhəddində isə belə bir müdaxilədən söhbət gedə bilməz.
Sərhədlərin delimitasiyası keçən əsrin 50-ci illərində SSRİ Nazirlər Kabineti yanında kartoqrafiya və geodeziya Baş İdarəsi tərəfindən hazırlanmış, 1975-ci ildə Silahlı Qüvvələr üçün Müdafiə Nazirliyinin 6-cı tipoqrafiyasında çap edilmiş xəritələr əsasında aparılır. Bu xəritələr administrativ-ərazi bölgüsünü həyata keçirtmək üçün ATƏM-in 1975-ci ildə Helsinki konfransının Yekun Aktı əsas tutularaq qəbul edilmiş SSRİ-nin 1977-ci il Konstitusiyası ilə əlaqədar hazırlanıb.
Xatırladaq ki, bu sənədlər Ermənistan və Azərbaycan dövlət sərhədlərinin delimitasiyası ilə bağlı yeganə hüquqi sənədlər sayılır. Bu səbəbdən Qaragöl 1975-ci ildə Azərbaycan SSR ərazisinə aid idisə, 2021-ci ildə də Azərbaycan ərazisinə daxil edilməlidir.
KTMT-yə gəldikdə isə, təşkilat bu istiqamətdə sərhəddin hər iki dövlət tərəfindən tanınmamasına qədər hər hansı qərar qəbul etməyəcək. Səbəb isə çox sadədir. Defakto və de-yure Azərbaycan və Ermənistan arasında dövlət sərhəddi yoxdur. Çünki, dövlət sərhəddinə dair razılaşma mövcud deyil və sərhəd toqquşması da yaşanmır.
Hüquqi baxımdan əgər Ermənistan əraziləri dəqiqləşdirilməyibsə, sərhədlər yoxdursa Azərbaycan tərəfinin yüz metr irəliyə getməsi müdaxilə sayılmır.
Rusiyalı hərbi ekspert İqor Korotçenko da "Vestnik Kavkaza"ya açıqlamasında bildirib ki, KTMT-nin bu məsələyə müdaxiləsi üçün heç bir əsas yoxdur. Bu tamamilə Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı texniki məsələdir:

"Orada hər hansı hərbi əməliyyatlar keçirilmir. Rusiya Prezidenti Vladimir Putin də Nikol Paşinyana ilk növbədə atəşkəs rejiminə əməl edilməsi ilə bağlı xəbərdalıq edib. Fikrimcə, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı məsələ İrəvan təfindən süni şəkildə siyasiləşdirilir. Bütün bunlar Ermənistanın hazırkı rəhbərliyi tərəfinlən özünü qurban kimi təqdim etmək məqsədilə oynanılan siyasi oyundur. Sərhədlərin müəyyənləşdirilməsi prosesi işğal faktı kimi qabardıla bilməz. Bu səbəbdən biz yalnız heç bir atəşin açılmadığı, hərbi əməliyyatların getmədiyi, sadəcə sərhədlərin demilitasiyası prosesinin həyata keçirildiyi adi prosesdən maksimum yararlanmaq cəhdlərinin şahidi oluruq".
Göründüyü kimi, Ermənistan siyasi dairələri hələ də Azərbaycanın ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığının təmini prosesində qarşılıqlı anlaşma və əməkdaşlıq yolunu seçmək əvəzinə öz xislətlərinə uyğun davranır, beynəlxalq aləmdən mədəd umurlar. Halbuki, prosesin tez bir zamanda məntiqi sonluqla yekunlaşması mexanizmi çox sadədir. Bizim olanı bizə qaytarmaq.
Bu məsələdə Azərbaycanı hədələyən, erməni dilində bəyanatlar verən xarici ölkələrə isə Azərbaycan Prezidentinin Naxçıvan səfəri zamanı dövlət televiziyasına müsahibəsində onlara ünvanladığı sərt bəyanatları yenidən oxumağı məsləhət görərdik.
Azərbaycan yalnız öz sərhədlərini qoruyur və heç kimin torpağında gözü yoxdur (Qərbi Zəngəzur Azərbaycanın tarixi topaqları olsa belə). Bu prosesdə hüquqlarımızı tapdalamaq, təxribatlara yol vemək istəyənlər isə "dəmir yumruğun" yerində olduğunu unutmamalıdır.