Ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşaması... - Ekspertdən maraqlı açıqlama

18:30 26.05.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənilərlə azərbaycanlıların yaxın zamanda dinc yanaşı yaşaması haqqında düşünmək mənə real görünmür.

Bu fikirləri hafta.az-a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, bunun uzaq perspektivdə mümkün olmayacağını da iddia eləməzdim:

"Bəli, bunun üçün ilk növbədə qondarma terrorçu rejim birdəfəlik silinməlidir. Bu da asan həyata keçirə biləcəyimiz vəzifə deyil. Ən azı, ona görə ki, həmin model həm erməni əhalinin radikal kəsimi üçün, həm də alət kimi Rusiyanın siyasəti üçün əlverişlidir. Hər bir halda bu gün biz prosesin tam əksini görürük, yəni həm erməni əhali arasında revanşıst əhval yüksəkdir, həm də Rusiya məhv edilmiş terrorçu qondarma rejimi reanimasiya etməkdədir. Təbii ki, belə şəraitdə də Azərbaycanın dövlət orqanlarının, xüsusilə də təhlükəsizlik orqanlarının üzərinə böyük yük düşür. Bu yükü daşıya bilmək üçün də ölkənin xüsusi xidmət orqanları ənənəvi yanaşmalardan kənara çıxan, bəzən isə qeyri-standart yanaşmalar tələb edən fəaliyyət proqramı hazırlayıb həyata keçirməlidir. Onların fəaliyyəti yalnız kəşfiyyat və əks-kəşfiyyat sahələrini əhatə etməklə məhdudlaşmamalıdır. Belə fəaliyyət isə yalnız müvafiq siyasi qərarlar əsasında qurula və həyata keçirilə bilər..."