“Ermənistan bu cür təxribatlarla KTMT-nı münaqişəyə cəlb etməyə çalışır” – Fuad Çıraqov 

10:16 14.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan növbəti dəfə təxribata əl atdı – Azərbaycanla dövlət sərhədini Tovuz rayonu istiqamətindən pozaraq, mövqelərimizi atəşə tutdu. Nəticədə 4 hərbçimiz həlak oldu, yaralılarımız var. Qəribədir, koronavirus pandemiyasının əsirinə çevrilmiş, hər gün ortalama 500-600 erməninin vurusa yolxduğu, ölkə əhalisinin 1 faizinin virus daşıyıcısı olduğu Ermənistanın bu gün məlum hərbi təxribatı törətməsinə nə gərək vardı? Bəlkə yenə Suriyada, Liviyada Türkiyəınin qarşısında çıxılmaz vəziyyətdə qalmış Rusiya, əzəli vassal olan Ermənistanı Qafqazda qonşularının torpaqlarını tutmağa həvəsləndirməklə yeni hiyləsini işlədir? Ümumiyyətlə, Ermənistanın məhz indiki vaxtda Azərbaycan sərhədlərində atəşkəsi pozaraq təxribat törətməsinin məqsədi nə ola bilər? Suallarımızı cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Fuad Çıraqov deyir ki, Ermənistan ordusunun məhz indiki vaxtda Azərbaycan sərhədlərində təxribat cəhdini iki fərqli səbəb və ya versiya ilə izah etmək olar.

- Birincisi, bildiyimiz kimi hazırda COVİD-19 pandemiyası səbəbindən Ermənistanda vəziyyət çox acınacaqlıdır. Pandemiya ölkə daxilində sosial-iqtisadi problemləri daha da ağırlaşdırmaqla yanaşı, siyasi vəziyyəti, iqtidar-müxalifət münasibətlərinin daha da gərginləşməsinə səbəb olub. Son altı ay ərzində biz ölkənin ən zəngin şəxsinin eyni zamanda parlamentində ən böyük müxalifət partiyası liderinin həbsinin və tərəfdarlarının şahidi olduq. Eyni zamanda Konstitusiyaya dəyişikliklə bağlı meydana çıxmış konstitusion böhranı, müxalifətlə qarşıdurmanın, Konstitusiya dəyişikliyinə Avropa Şurasının və inistitutlarının mənfi reaksiyalarının şahidi olduq. Bu fonda Paşinyan hökuməti özünün əvvəlki ictimai dəstəyini itirməkdədir. Bu məqam isə Paşinyan hökumətini ictimaiyyətin diqqətini və qəzəbini hökumətin uğursuz siyasətinin nəticələrindən yayındırmağa sövq edə bilər. İkinci versiya isə bu təxribatın hələ də güc strukturları və təhlükəsizlik orqanları daxilində mövqeləri güclü olan köhnə hakimiyyət tərəfdarlarının indiki hakimiyyəti pis vəziyyətə qoymaq üçün cəhdi ola bilməsidir. Bu qrup yuxarıda qeyd etdiyim ağırlaşan sosial-iqtisadi vəziyyət və gərginləşən iqtidar-müxalifət münasibətləri fonunda cəbhədə gərginliyi artırmaqla hakimiyyətin mövqelərinə daha böyük vurmağa cəhd edə bilər. Belə ki, hələ keçən Paşinyan öz çıxışlarının birində açıq şəkildə “ölkədə bəzi qüvvələrin Qarabağda münaqişəni başlayaraq bəzi əraziləri Azərbaycanı təslim etməklə onu pis vəziyyətə qoymağa çalışdığını” bildirmişdi.

- Sizcə ermənilər bu hərbi təxribatı niyə Qarabağ və ya işğal olunmuş rayonlarla təmas xəttində deyil, məhz Tovuz bölgəsində - dövlət sərhədində törətdilər, burada məqsəd nə ola bilər?

- Paşinyan hakimiyyətə gələndən sonra cəbhə xəttinin bu istiqamətində ilk dəfə deyil ki, Ermənistan tərəfi təxribata gedir. Düz bir il əvvəl – ötən ilin iyulunda Ermənistan cəbhə xəttinin şimal istiqamətində Azərbaycan silahlı qüvvələrinin bölmələrinə qarşı təxribata yol vermişdi və layiqli cavablarını almışdılar. O zaman bu hadisə ilə bağlı şərh verərkən bildirmişdim ki, birincisi, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq məhz dövlət sərhəddində Azərbaycanı təxribata çəkməyə, diqqəti Qarabağ cəbhəsindən və işğal faktından yayındırmağa çalışır. İkincisi, bununla da ölkəmizin təcavüzkar obrazını yaratmaq istəyirlər. Üçüncüsü, eyni zamanda Ermənistan bu cür təxribatlarla KTMT-nı münaqişəyə cəlb etməyə çalışır.

- KTMT-dan söz düşmüşkən, hadisənin baş verməsində xarici qüvvələrin, məsələn, Rusiyanın barmağı ola bilərmi? Axı Rusiya Suriya və Liviyada, hətta müəyyən mənada Ukraynada (Krımda) Türkiyənin maneəsi ilə üzləşir. Ola bilərmi ki, Moskva Ermənistanı münaqişəni alovlandırmağa təşviq etməklə Türkiyəni Azərbaycana dəstək müstəvisində prosesə qarışdırsın və bir növ Ankaranın diqqətini əvvəl qeyd etdiyim münaqişələrdən yayındırsın. Fikir verdinizsə, Türkiyə anında və çox qəti reaksiya verdi...

- Hesab edirəm ki, son hadisənin regional güclərin maraqları və toqquşan maraqları prizmasından qiymətləndirilməsi üçün əlimizdə hələlik kifayət qədər məlumat yoxdur və hələ çox tezdir. Ən müxtəlif versiyalar və fərziyyələr irəli sürmək olar. Tələsməyək. Kollektiv Təhlükəsizlik Müqalivəsi Təşkilatının sonuncu yumşaq mövqeyi və İrəvanın gözlədiyi kimi, birmənalı anti-Azərbaycan mövqe nümayiş etdirməməsi məhz Moskvanın Paşinyan hökumətini bu hücuma təhrik etməsi versiyasını elə də inandırıcı etmir. Hər halda son hadisənin regional oyunçuların qlobal münasibətləri prizmasından qiymətləndirilməsi üçün bir qədər zamana ehtiyac var.

- Baxın, Türkiyə son dövrlərdə Suriya, Liviya, hətta müəyyən mənada İraq məsələləri ilə bağlı Moskva ilə mütəmadi dialoq içindədir. Amma təəssüf ki, iki ölkə arasında Qarabağ məsələsinin müzakirəsini nəzərdə tutan xüsusi görüşlər keçirilmir. Mümkündürmü ki, bu hadisə Türkiyə və Rusiyanı Qarabağ məsələsində masaya əyləşdirsin?

- İki ölkə arasında sırf Ermənistan - Azərbaycan münaqişəsinə dair görüşlər keçirilməsə də, bu məsələ ikitərəfli ümumi regional təhlükəsizlik məsələləri müzakirə edilərkən danışıqlar mövzusu olur.

- Nəhayət, bu hadisədən sonra Qarabağ probleminin həlli məsələsində hər hansı oyanma, danışıqlarda aktivləşmə olması ehtimalı varmı?

- Əgər danışıqlarda aktivləşmənin Minsk qrupu müşahidəçilərin təşəbbüsü ilə olacağını nəzərdə tutursunuzsa, bunu demək çətindir. Ötən illərin təcrübəsi onu göstərir ki, onlar üzərlərinə düşən vəzifəni tam yerinə yetirmirlər. Ölkə başçısı sonuncu çıxışında bu məsələ ilə bağlı ətraflı tənqidi və haqlı mövqeyi ortaya qoydu. Əgər bu çıxışdan və sonuncu hadisədən sonra da Minsk qrupu əvvəlki kimi mövqe sərgiləməyə davam etsə, hadisələrin başqa cür məcrada inkişafının bütün məsuliyyəti əvvəlla Ermənistanın, daha sonra həmsədrlərin üzərində olacaq.

Oxunma sayı 5349