“Minsk Qrupu ilə bağlı verilən belə açıqlamalar bizə xatırladır ki, bu qrup 30 ilə yaxın müddətdə ancaq diplomatik turizmlə məşğul olub. Bu qurum Avropanın, dünyanın bir sıra paytaxtlarında nəticəsiz görüşlər keçirməklə yadda qalıb. Bizim tələbimiz onunla bağlıdır ki, Ermənistan üzərinə götürdüyü öhtəlikləri sürətlə icra eləməlidir. Bu, onların özləri üçün də sərfəli ola bilər. Özünü regiondakı bütün layihələrdən təcrid edən Ermənistan ərazi iddialarına son qoymalıdır. Üçtərəfli işçi qrupu da işləri sürətləndirərək real addımlarını sürətləndirməlidir”.
Bunu hafta.az-a Milli Məclisin deputatı Asim Mollazadə ATƏT-in Minsk Qrupunun himayəçiliyilə nazirlər arasında üçtərəfli görüşün baş tutması ilə bağlı Fransa XİN-nin yaydığı məlumata və onların Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəklərinə münasibətində bildirib.
A.Mollazadə bildirib ki, son vaxtlar erməni rəsmilərin yersiz çıxışları onların müharibədən qabaqkı davranışlarna bənzəyir. Deputat “danışıqlara getməyəcəyik” deyən Paşinyanın, böyük ehtimalla bu bir il ərzində aldıqları zərbəni unutmamış olduğunu deyib. A.Mollazadə bütün hallarda əgər erməni təxribatları olarsa, onun qarşısının qətiyyətlə alınacağını istisna etməyib.
“Ermənistan rəsmiləri ziddiyyətli açıqlamalar verir, üzərinə düşən öhtəlikləri yerinə yetirməmək üçün bəzi oyunlar qururlar. Ermənistan nə cür sərsəmləsə də, öhtəlikləri yerinə yetirməyə məcbur ediləcək. Söhbər sərhədlərin delimitasiya və demorkasiyası, Zəngəzur dəhlizinin açılması, üçtərəfli işçi qrupunun daha səmərəli işləməsi və Rusiyanın üzərinə götürdüyü öhtəlikləri yerinə yetirib Ermənistanı sülh sazişinə imza atmağa məcbur etməsindən gedir. Əks halda Ermənistanın bu davranışlarına verilən sərt reaksiya onları daha sürətlə hərəkət etməyə məcbur edəcək”.
A.Mollazadə qeyd edib ki, Azərbaycan öz mövqeyini rəsmən açıqlayıb və üçtərəfli bəyanatdan irəli gələn müddəların Ermənistan tərəfindən sürətlə yerinə yetirilməsini tələb edir.
“Əslində baş nazirlərin müavinlərindən ibarət işçi qrupunun əsas məqsədi məhz kommunikasiyaların açılmasına yönəlib. Məlumdur ki, Ermənistan bu istiqamətdə müsbət açıqlamalar verib. Bu işlər davam etdirilməli, zəruri addımlar atılmalıdır”.