Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə kəskinləşib. Bir tərəfdə müharibədə uduzan və üçtərəfli bəyannaməyə imza atan Paşinyan, bir tərəfdə Azərbaycanda separatçılığın əsasını qoyan Robert Köçəryan, digər tərəfdə isə İrəvanda sırf Ermənistanın maraqlarından çıxış edən üçüncü tərəf arasında mübarizə gedir. Seçkidə kim qalib gələ bilər? Hansının hakimiyyətə gəlməsi Dağlıq Qarabağ məsələsinə necə təsir göstərə bilər?. Politoloqlar hafta.az-a şərhlərində məsələyə birmənalı yanaşıb.
Fikrət Sadıqov, politoloq:
- Paşinyanın partiyası seçkilərdə qalib gələ bilər. Onun reytinqi bir mərhələ aşağı düşsə də, digəriləri ilə müqayisədə müəyyən üstünlük təşkil edir. Bu ona işarə edir ki, xalq bu ağır vəziyyətdən çıxmaq istəyir.

Onlar digər dövlətin torpaqlarında vuruşmaq, qan tökmək istəmirlər. Keçmiş Qarabağ klanının siyasi addımlarından artıq cana doyublar. Bunlar başa düşürlər ki, artıq geriyə addım yoxdur. Geriyə addım atılsa da, havadarı olan Rusiya tam mənada onların tərəfdarı deyil. Rusiya sadəcə neytral bir mövqedə dayanıb. Biz öz torpaqarımızı azad edə bildik, bu məsələyə son qoyuldu. Bütün bu revanş, yenidən hansısa bir Azərbaycan şəhərini işğal etmək kimi fikirlər hamısı illüziyadır, öz daxili auditoriyasına yönəlmiş sərsəm bəyanatlar, şüarlardır.
Köçəryanın dövrü artıq keçib. Gərək nəsə bir möcüzə olsun və Rusiya qismində onlara böyük dəstək verilsin ki, hakimiyyətdə bir yer tutsunlar
Amma iyuna qədər hər şey dəyişə də bilər. Məsələn, aparıcı dövlətlərin Qafqazda siyasəti. Hazırda Bayden “soyqırımı” ifadəsini dilə gətirərək, Ermənistanda müəyyən siyasi qruplaşmaları yenidən dirçəltdi. Hesab edirlər ki, ABŞ onlara dəstək verəcək. Bu özü-özlüyündə yeni bir kontektdir. Özü-özlüyündə Cənubi Qafqazda Ermənistanla bağlı Rusiya -ABŞ arasında yaranan qarşıdurma amilidir. Hər halda Köçəryanın partiyası birləşdirilmiş siyasi qüvvə kimi Paşinyanı keçsə də, onun baş nazir seçiləcəyini düşünmürəm. Çünki Köçəryanın dövrü artıq keçib. Gərək nəsə bir möcüzə olsun və Rusiya qismində onlara böyük dəstək verilsin ki, hakimiyyətdə bir yer tutsunlar. Manukyan və digər qüvvələri nəzərdə tuturuqsa, onların belə bir geniş miqyaslı şansının olmasını düşünmürəm. Onu da istisna etmək olmaz ki, onlar bəlkə də parlamentə seçilə bilər. Yaranmış daxili siyasi vəziyyətdə onların da müəyyən şansları olmalıdır. Paşinyanın daha şanslı olması Rusiya ilə əlaqəlidir. Hazırda Paşinyan Rusiyanı tam qane edir. O sözəbaxan bir siyasətçiyə dönüb. Gurultulu şüarlarla gələn, Qərbə üzünü tutan, NATO, Avropa İttifaqı haqqında danışan Paşinyan indi üzüsulu Moskvaya baş əyir. Və onun əsas havadarı hazırda Rusiyadır. İndi ABŞ-da çalışır ki, erməniləri müəyyən dərəcədə dəstəkləsin. Baydenin “soyqrım” ifadəsi də təsadüfi deyil. O da hakimyyətə bir dəstəkdir. Bu da bir həqiqətdir ki, onlar heç nəyə nail ola bilməyiblər. Vaxtilə Rusiya Dövlət Duması da soyqırımı tanıdı, Amerkanın müxtəlif ştatları da bunu tanıdı. Heç bir nəticəsi olmadı. Ermənistan boğulur, iqtisadi böhran içindədir. Ermənistanın iki dövlətlə sərhədləri bağlıdır. Onların belə bir dəstəyi heç nəyə nail olmayıb, Ermənistanı hansısa bir işıqlı yola çıxartmayıb. Bu hamıya aydındır.
Ermənistanda keçirilən seçkilərdə kimin şanslı, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ermənilərin Qarabağ siyasəti dəyişməyəcək.
Sadəcə, aralarında fərq olacaq. Biri daha radikal, yumşaq, başqası daha mötədil ola bilər. Ermənilərin Qarabağ siyasəti, ərazi iddiaları yoxa çıxmayacaq, bu, birmənalıdır. Azərbaycan olaraq belə bir vəziyyətdə öz prinsipial mövqeyimizdən dönməməliyik. Erməniləri müxtəlif layihələrə cəlb etsək də, Dəmr Yumruğumuzu başlarının üstündə saxlamalıyıq. Burada başqa bir mövqe nümayiş etdirmək də mümkün deyil. Onların çoxəsrlik iddiaları heç vaxt geri çəkilməyəcək.
Qabil Hüseynli, politoloq:
Ermənistanda seçkiyə gedən tərəflər içərisində Paşinyanın rəhbərlik etdiyi qrup daha çox mütərəqqi düşünən, daha çox ölkədə müəyyən münasibətlər balansını yaratmağa çalışan qüvvədir.

Ermənilərlə bağlı “yaxşı erməni” kəlməsini işlətmək mümkün deyil. Onların ağına da lənət, qarasına da. Qarabağda olan Robert Köçəryan, Serj Sərkisyan və onların ətrafında olan digər Qarabağdan olan ermənilər daha təhlükəlidirlər. Bunların əlinə hakimiyyət düşsə, ölkələrini yenidən qana qərq edəcəklər. Güman edirəm, prosesləri tənzimləyən tərəf Rusiya olacaq. Rusiya da seçki saxtakarlığında ustadır. Əgər seçkilər saxtakarlıqla həyata keçirilərsə, istədiyi adamı hakimiyyətə gətirə bilər. Paşinyan seçki sistemində dəyişikliklər edib. O, dünya seçki sisteminin təmin etdiyi seçki qanununu qəbul etməklə seçkiyə ictimai nəzarəti gücləndirib. Həm də seçki saxtalaşdırmaları minimuma endirilib. Baxaq görək, Rusiya burada necə hərəkət edəcək, Rusiyanın hansı siyasi texnologiyaları burada işləyəcək? Bunların hamısı çox mühüm əhəmiyyətə malikdir. Hər halda belə görünür ki, Rusiya da Paşinyan hakimiyyətini qorunub saxlanılmasının tərəfdarı kimi çıxış edir. Hər hansı bir hadisə Rusiyanın mövqeyinin dəyişməsinə gətirib çıxarda bilər”.
Rusiya da Paşinyan hakimiyyətini qorunub saxlanılmasının tərəfdarı kimi çıxış edir
Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, o işğalçı mövqeyindən çıxış edəcək. Paşinyan ölkədə əməkdaşlığın tərəfdarı kimi çıxış edə bilər. Proseslər də onu göstərir ki, ölkədə kommunikasıya xətlərinin açılması, tərəflər arasında ticarət əlaqələrinin, yolun açılması, Türkiyə ilə Azərbaycanın münsibətlərinin inkişaf etdirilməsi onun proqramında var. Amma Köçəryan, Sərkisyan, Manukyan və nə bilim daha kimlərsə elə hərəkət edirlər ki, heç bir sülhə gəlmək istəmirlər. Elə hesab edirlər ki, bu cılız balaca dövlət guya bizimlə əməkdaşlıq eləsə, Mehri dəhlizini açsa biz qazanacağıq. Bunlar Mehri dəhlizi ilə Azərbaycan dəmir yollarına qoşulurlar. Azərbaycan dəmir yolu bölgənin ən nəhəng qovşağıdır. Bu dəmir yolları vasitəsilə Avropaya da getmək mümkündür, Asiyaya da. Yəni ucuz sərnişindaşımaların hamısını Mehri dəhlizini açmaqla dünyanın qapılarını üzlərinə aça bilərlər. Onlar narahatdır ki, bu Mehri dəhlizi Türk birliyini möhkəmləndirir. Soruşan lazımdır ki, siz nə vaxta qədər onun-bunun əlində oyunçağa çevriləcəksiniz? Siz niyə başınızı aşağı salıb öz rifahınızın, dövlətçiliyinizin inkişafı ilə məşğul olmursunuz? Bunlar boylarından yuxarı tullanmaq istəyirlər. Birdəfəlik anlamırlar ki, “dənizdən-dənizə” ideyası saxta tarixçilərin uydurmasıdır, bu mümkün deyil. Sən inkişaf etmiş sənaye ölkəsi deyilsən. Təkmilləşmiş, sosial cəmiyyət qurmuş və dünyaya örnək ola biləcək bir cəmiyyətin yoxdur. Sən qonşularla normal münasibət yarada bilmirsən. Rusiya da artıq özü üçün götür-qoy edib Paşinyanın üzərində dayanacaq.
Natiq Cəfərli, politoloq
İyun ayında baş tutacaq seçkilərin gedişatında seçkilərlə bağlı çoxşaxəli təsirlərin olduğu görünür. Burada Rusiyanın da rolu var, erməni diasporunun da, erməni kilsəsinin də. Görünən odur ki, son sorğularda Paşinyan komandasının reytinqi digər qruplardan üstündür.

Düzdür, bu, 2018-ci il seçkilərində Paşinyanın göstərdiyi göstəricilərdən az qala iki dəfə azdır. O zaman Paşinyan daha üstün səs çoxluğu ilə seçilmişdi. 44 günlük müharibədə Ermənistanın hərbi məğlubiyyəti Paşinyanın reytinqinə mənfi təsir göstərib. Daha bir maraqlı cəhət odur ki, hansı qüvvələr ki, daha çox revanşist şüarlarla çıxış edirlər, bunlar keçmişdə hakimiyətdə olan qüvvələrdir. Onların dayağı çox deyil. Əhali Sarkisyan-Köçəryan siyasətindən o qədər narazı idi ki, indi revanş olaraq geri qayıtmasını istəmirlər. Ona görə nə qədər qəribə səslənsə də, Paşinyan və onun komandasının şansı çoxdur. Ola bilər ki, seçkilərdən sonra elə bir konfiqurasiya yaransın ki, təkbaşına hökumət qurmaq çətin olsun və müəyyən koalisiyaların qurulması, müəyyən təşkilatların orada təmsil olunması mümkündür. Azərbaycana revanşist yanaşan qüvvələr anlayırlar ki, indiki dövrdə Azərbaycanla hərbi döyüşlərin yenidən başlaması az qala Ermənistanın dövlətçiliyini də sual altına qoya bilər. Çıxışlarında ən yaxşı halda bir neçə ildən sonra hansısa formada güclənərək güclü ordu quraraq müəyən addımların atılmasından danışırlar. Bu gün Ermənistanda müharibənin yenidən qızışdırılması ilə bağlı çıxışlara tərəf çıxan, buna çağırış edən seçkidən sonra müharibə olacaq deyən qüvvələr yoxdur.
Görünən odur ki, erməni cəmiyyətində də müəyyən dərəcədə indiki durumda əsas günahın işğal siyasəti olduğunu anlamağa başlayacaqlar
Çağırışlar, müəyyən hərəkətər, qızışdırıcı addımalar var, amma ağlı başında olan bilir ki, mümkün deyil. Ona görə də əsas mübarizədə təkcə tərəflər arasında deyil, xarici təsirlərin də həlledici rolu olacaq. Burada Rusiyanın özünün siyasi oyunları var. Son zamanlar Qərbdən də Paşinyan komandası ilə bağlı müəyyən mesajlar gəlir. Baydenin “soyqırımı” deməsi, proseslə bağlı açıqlama verməsi seçkilər zamanı Paşinyan və onun komandasına dəstək deməkdir. Əslinə qalsa, Paşinyanın seçkiləri udması, hakimiyyətdə qalması bütün başlanan danışıqların pozitiv dinamikada inkişafı üçün şansları artıracaq. Paşinyan Azərbaycanla normal münasibətlərin olmasının həyati vacib olduğunu, dəhlizin açılmasının, kommunikasiya xəttlərinin həyati vacib olduğunu deyir. Məğlub olmuş Ermənistan cəmyyətində bunu söyləmək elə də asan deyil. Görünən odur ki, erməni cəmiyyətində də müəyyən dərəcədə indiki durumda əsas günahın işğal siyasəti olduğunu anlamağa başlayacaqlar. Erməni seçicisi köhnə vəziyyətə qayıtmaq istəmir. Ona görə də zəifləmiş Paşinyan Rusiya üçün indi daha məqbul sayılır. Paşinyan əvvvəl Qərbə inteqrasiyanı sürətlə aparıdı, indi zəifləyib. Rusiya Paşinyanın dəyşməsinə müqavimət göstərəcək.
Hesab edirəm ki, Azərbaycanın hərbi qələbəsini gələcəkə iqtisadi, diplomatik qələbəyə çevirmək, yeni islahatların keçirilməsi üçün daha sərt addımlar atılmasına ehtiyac var. Bunun üçün Azərbaycanın daxilində yeni idarəetmə sisteminin qurulmasına ehtiyac var. Azərbaycan sülhün tərəfdarı kimi çıxış etməlidir. Azərbaycanın, daxili islahatlarının əsas hədəfləri ondan ibarət olmalıdır ki, 5 ildə rus sülhməramlıların Qarabağdan çıxarılması üçün zəmin hazırlansın. Bunun üçün erməni tərəfi ilə münasibətlərin normallaşmasına, sülh müqaviləsinin bağlanmasına, sərhədlərin müəyyənləşməsinə zəruri ehtiyac var. Yoxsa, münaqişə ehtimalı davam etdikcə, sülhmməramlıların Azərbaycan ərazilərində qalması da labüd hala gələcək”.