“Ermənistan-Türkiyə sərhədlərinin tam açılması vacibdir” - Simonyan

14:28 05.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanla Türkiyə arasında sərhədin tamamilə açılması regionun transformasiyasında növbəti vacib addımdır".

Hafta.az-ın yazdığına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 32-ci iclasında bildirib.

Mirzoyan avqustun 8-də Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderləri tərəfindən imzalanan bəyannamənin tarixi əhəmiyyətini vurğulayıb. "Bu bəyannamə ATƏT-in məsuliyyət zonasındakı ən qeyri-sabit və müharibədən əziyyət çəkən bölgələrdən birində sülhü təsdiqləyib", - deyə o bildirib. Nazir həmçinin xatırladıb ki, tərəflər Ermənistan-Azərbaycan sülh müqaviləsini paraflayıblar və münaqişənin sonunu simvolizə etmək üçün ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk Prosesi strukturlarının ləğvini birgə təklif ediblər.

Mirzoyanın sözlərinə görə, Vaşinqton sammiti regionda nəqliyyat əlaqələri üçün real imkanlar açıb. Sammit daxili, ikitərəfli və beynəlxalq əlaqələrin qurulmasına, eləcə də Cənubi Qafqazı təhlükəsiz logistika mərkəzinə çevirməyi hədəfləyən "Tramp Yolu"nun həyata keçirilməsinə kömək edib. Mirzoyan həmçinin Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaq barədə açıqlamasını alqışlayaraq bildirib ki, "Konkret və praktik nəticə olaraq, ilk taxıl daşımaları artıq Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu xətti ilə Ermənistana çatıb".

Nazir həmçinin Ermənistanın Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınları üçün tranziti asanlaşdırmağa hazır olduğunu bildirib. "Ermənistanla Türkiyə arasında sərhədin tam açılması qeyd etdiyim zəncirdəki növbəti vacib halqadır və regionun transformasiya prosesini tamamlayacaq. Biz Türkiyə ilə ikitərəfli münasibətlərin tam normallaşdırılmasına yönəlmiş dialoqu fəal şəkildə davam etdiririk. Bu kontekstdə qeyd etmək istərdim ki, cəmi bir neçə gün əvvəl iki ölkənin müvafiq qurumlarının nümayəndələri Gümrü-Qars dəmir yolunun yenidən qurulması və istismarı ilə bağlı texniki müzakirələrin ikinci mərhələsini keçiriblər", - deyə o bildirib.