Ermənistandan Xankəndinə yeni yol - “Laçın dəhlizi”nin ləğvinə aparacaq?  

11:20 03.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İyul ayında Laçın dəhlizindən yan keçən Xankəndi ilə Ermənistanı birləşdirən yeni yol istifadəyə verilir. Bu yol istifadəyə veriləndən sonra, Laçın dəhlizindəki beşkilometrlik dəhlizin taleyinin necə olacağı müzakirə olunur.

Maraqlıdır, dəhlizin eni azaldılıb tək yol saxlanılacaq, yoxsa 5 kilometr ərazi olduğu kimi qalacaq: Bu yol Azərbaycan üçün nə dərəcədə uğurludur? İstifadəyə verilən yola nəzarəti necə həyata keçirmək lazımdır? Hafta.az məsələni ekspertlərlə müzakirə edib.

Qabil Hüseynli, politoloq:

- Laçından Xankəndinə, oradan da Ermənistana keçən yolu Azərbaycan çəkir və həmin yol Azərbaycanın dövlət mülkiyyətidir. Yeni Laçın yolu istiqamətini dəyişib, Laçın şəhərindən, Qayğı qəsəbəsindən yan keçməklə Həkəri çayının üstündən çəkilmiş körpü vasitəsilə Ermənistana gedir. Gələcəkdə həmin yola nəzarət  Azərbaycanın suverenliyi altında olan bir yol kimi dəyərləndirilir. Yeni yolun 5 kilometrlik məsafəsi bir çox insanlarda da fərqli  təəssürat yaradır. 5 kilometrlik məsafəyə nə Rusiya nəzarət edə biləcək, nə də digərləri. Azərbaycanın buradakı uduşu ondan ibarətdir ki,  yol Azərbaycan Yollar İdarəsi tərəfindən tikilir, bütünlüklə Azərbaycanın mülkiyyəti olacaq. Azərbaycanın burada təhlükəsizliyi təmin etmək hüquqları yaranacaq.  Bu məsələ 10 Noyabr üçtərəfli müqavilədə özünün əksini tapmışdı.  Laçın şəhəri və Qayğı qəsəbəsi yenidən Azərbaycanın suverenliyi altına qayıdacaq.  Burada nəyinsə ermənilərin xeyrinə, nəyinsə zərərinə olduğunu söyləmək  çətindir. Əksinə, bu, Azərbaycan tərəfinin bölgədə suverenliyinin yayılması baxımından müsbət rol oynaya bilər. Yeni yol köhnə “Laçın dəhlizi”nin ləğvinə aparacaq. Sülhməramlıların nəzarətində olan ərazilərdə Azərbaycanın həmin yola nəzarəti məsələsi mübahisə yaratsa da, gedən proseslərdən belə aydın olur ki, həmin yola Azərbaycan özü nəzarət etməli olacaq. Yolun təhlükəsizlik məsələləri  Azərbaycanın üzərinə qoyulub. Yol bizim mülkiyyətimizdə olduğu üçün  Azərbaycanın hüquqları da reallaşacaq.

Natiq Cəfərli, politoloq:

- “Laçın dəhlizi” anlayışı leksikondan çıxarılmalıdır.  Üçtərəfli bəyanatda “Laçın dəhlizi” ifadəsi işlədilsə də, həmin terminin açıqlaması yoxdur. Ona görə də Azərbaycan Zəngəzurla bağlı israrla deyirdi ki, əgər siz Zəngəzur yoluna “dəhliz” deməyimizi istəmirsinizsə, onda siz də  “dəhliz” deməyin. Bu da Ermənistandan asılı olacaq. Əgər sənədlərdə “dəhliz” ifadəsinin qalmasında israrçı olacaqlarsa,  Zəngəzur  da eyni statusda bir yola çevrilməlidir. Son  hadisələr Zəngəzurun “dəhliz” kimi  önəmini artırır. Yeni yolun açılması Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşlarının inteqrasiyasında mühüm rol oynayacaq.  Ermənistandan  gələn dəstək, kommunikasiyalar azaldıqca,  Xankəndi və ətrafının Azərbaycana inteqrasiya olunmaqdan başqa yolu qalmayacaq. “Dəhliz” ifadəsi özündə müəyyən hüquqi statusu ehtiva edir. Lakin “dəhliz”in heç bir hüquqi statusu yoxdur. Ona görə də, biz “Laçından, Xankəndidən Ermənistana gedən yol” anlayışında dayanmalıyıq.  Əvvəl bu yol Laçın şəhərinin düz mərkəzindən keçirdi və bu da Laçın şəhərinə tamamilə Azərbaycan Ordusunun nəzarətetmə imkanlarını  məhdudlaşdırırdı.  Şəhərin bir qisminə nəzarət etsək də, yola yaxın hissəyə tam nəzarəti  hələ tam bərpa etməmişik.

Yay aylarında yeni yolun açılışından sonra artıq şəhər tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Bu, Azərbaycanın təmir-bərpa işlərinə başlamasına, minalardan təmizlənməsinə imkanlar yaradacaq. Yeni çəkilən yolun Ermənistandan Azərbaycan ərazisinə birləşən hissəsində  Azərbaycanın gömrük keçid və sərhəd məntəqələrinin  olması məsələsində israr etməliyik. Azərbaycan ərazisinə keçən  istənilən avtomobillər Konstitusiyamıza və qanunvericiliyimizə görə ölkənin sərhəddində yoxlanılmalıdır və bu, Azərbaycanın müstəsna hüququdur.  Çox güman, əsas müzakirə mövzusu həmin o giriş hissədə sərhəd-keçid məntəqələrinin qurulması, pasport nəzarətinin aparılması  məsələsi olacaq. Bu məsələ həll olunandan sonra, artıq Ermənistan tərəfdən Xankəndidə yerləşən qondarma rejimə qeyri-qanuni silah  göndərilməsi, başqa qeyri-qanuni dəstəyin verilməsinin qarşısını ala biləcəyik. Bu gün istifadə olunan köhnə yoldan tək nəqliyyat yolu kimi istifadə olunmurdu, oradan həm də müəyyən kommunikasiya xətləri keçirdi. Yeni yol açılandan sonra  Azərbaycan tərəfinin o xətləri tamamilə kəsməyə ixtiyarı var. Xankəndi Azərbaycanın əsas şəhərlərindən biridir. Əgər onun qaz, telefon, internet xətti, işıqla təmin olunması lazımdırsa, artıq Azərbaycan ərazisində öz şəhərini kommunikasiyalarla təmin etmək üçün işləri üzərinə götürüb həll etməlidir. Yəqin ki, gələcəkdə müzakirə olunan məsələlərdən biri də, bu olacaq. Köhnə yolun kəsilməsi Ermənistanla Xankəndinin qeyri-qanuni bağlantısının qoparılmasında mühüm rol oynayacaq.