Ermənistanın KTMT daxilində heç bir nüfuzu yoxdur - Politoloq

16:25 29.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işini yekunlaşdırıb. Soçi görüşününü ardınca, Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi maraqla izlənilməklə yanaşı, digər maraqlı nüansları da ortaya çıxarıb.

Azərbaycanın  İƏT çərçivəsində Ermənistanın da daxil olduğu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr ilə görüşü, qurulan münasibətlər xüsusilə vurğulanır. Bu, Ermənistanın KTMT ilə bağlı önə çəkdiyi planlarına hansı təsiri göstərəcək və Azərbaycanın mövqelərini hansı səviyyəyə qaldıracaq?

 “Bakı Politoloqlar Klubu”nun rəhbəri Zaur Məmmədov hafta.az-a şərhində bildirib ki, Azərbaycan müstəqillik qazanandan bu yana  bir çox istiqamətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərdə dövlət maraqlarının reallaşması üçün mühüm addımlar atmağa başlayıb. Politoloq hesab edir ki, regional və beynəlxalq təşkilatlarla iş rəsmi Bakı üçün əsas proritetlərdən biridir və bu xüsusda İqdisadi Əməkdaşlıq Təşkilatı (İƏT) birgə əməkdaşlığın vacib komponentlərdən idi.

“Azərbaycan bir çox təşkilatlarda müxtəlif dövlətlərlə əlaqələrin güclənməsi istiqamətində mühüm addımlar atıb.  Prezident İlham Əliyev daima digər təşkilatlarda olduğu kimi bu təşkilatda da coğrafi cəhətdən kiçik olan Azərbaycanın böyük aktora çevirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edib. Bu mənada İƏT-in dünən 10 dövlətin iştirakı ilə keçirilən görüşü də mühüm əhəmiyyət kəsb edirdi”.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizindən birgə istifadəyə dair türk dövlətləri, İƏT arasında olan fikirlər də  çox vacibdir.

“Türkiyə lideri dünənki çıxışında Zəngəzur dəhlizinin önəmindən danışdı. Birgə memoranduma nəzər salsaq orada Azərbaycanın işğaldan azad olunan rayonlarına investisiyaların qoyuluşuna çağırış edilib. Eyni zamanda Ərdoğan orada “Zəngəzur dəhlizi” sözündən də istifadə edir ki, bu doğurdan da bu yolun dəhliz olacağını Soçi görüşündən sonra bir daha əyani sübut edir. Azərbaycan Prezidentinin keçirdiyi ikitərəfli görüşlərə, həm də ümimilikdə İƏT iclasları platformasına diqqət çəksək biz öz maraqlarımızın reallaşması məqsədinə çataraq “Aşqabaddan siyasi, iqtisadi dividentlər qazanaraq  döndük”-deyə bilərik.

Politoloq bildirib ki, etiraf edilməlidir ki, KTMT-nin ancaq adı var və Ermənistan da yaxşı bilir ki, nə təşkilat, nə təşkilata üzv olan ölkələr Azərbaycanla problem yaşanan zamanda onların imdadına çatmayacaq. 

“İlk növbədə ona görə ki, Ermənistan ədalətə qarşı çıxan, beynəlxalq hüququ pozan tərəfdir. İkincisi ona görə ki, Ermənistanın KTMT daxilində heç bir nüfuzu yoxdur. Etiraf etməliyik ki, bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər. Bəzi hallarda Azərbaycana qarşı bəyanatlar da səslənirdi. Ümumiyyətlə, bir çox hallarda məsələlərə müdaxilə etməməyə üstünlük verirdilər. Azərbaycan istər İƏT, istər Türkdilli Dövlətlər Təşkilatı və digər platformalar, ikitərəfli münasibətlər müstəvisində həmin ölkələrin hərbi, iqtisadi, siyasi cəhətdən bizə yaxınlaşmasına nail oldu.