Ermənistanın prezidenti niyə istefa verdi? - Müzakirə

17:55 24.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Prezidenti Armen Sarkisyanın gözlənilməz istefa qərarı gündəmin başlıca müzakirə mövzularındandır. Maraqlıdır, Armen Sərkisyan vəzifəsindən niyə və ya kimin istəyi ilə istefa verib, Gözləntilər nədir? Azərbaycan politoloqları hafta.az-a bu gözlənilməz istefanın səbəblərini aydına çıxarıblar.

Politoloq Elxan Şahinoğlu hafta.az-a bildirib ki, Ermənistan prezidenti Armen Sarkisyanın istefa səbəbləri ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan üçün bir il ərzində müsbətə doğru heç nə dəyişməyib. Bu isə o deməkdir ki, Armen Sərkisyan bir il əvvəlki kimi düşünür, ölkəsi üçün perspektiv görmür.

Politoloq bildirib ki, Ermənistan prezidenti Armen Sarkisyan bir il əvvəlki açıqlamasında ölkəsinin çoxvektorlu böhran içərisində olduğunu izah edərkən bugünkü istefasının səbəblərini zatən açıqlayıb.

“Armen Sarkisyan belə izah ediridi: “Dövlət aparatı şok vəziyyətindədir, müharibə sonrası durum ağırdır, pandemiya ilə mübarizə müsbət nəticə vermir. Biz Dağlıq Qarabağın əksər ərazisini və minlərlə gəncimizi itirdik. Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemlər var və bu da ciddi böhran yaradıb. Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışırlar. Ermənistandan köç böhranlı miqyas ala bilər”.

E.Şahinoğlu bildirib ki, Armen Sərkisyanın Böyük Britaniya ilə sıx bağlılığı var, kapitalı da bu ölkədədir, həmçinin bu ölkənin pasportuna sahibdir. Ona görə də Armen Sərkisyan böyük ehtimalla digər imkanlı ermənilər kimi ölkəsini tərk edərək Londondakı qazanc gətirən işlərinə qayıdacaq.

Politoloq İlyas Hüseynov bildirib ki, Armen Sarkisyan erməni siyasətçilər arasında ən ağıllı, nüfuzlu və təhlükəli siyasətçidir.

“Onun Böyük Britaniyada, Vatikanda, ABŞ-da və xüsusilə də ərəb dünyasında çox geniş əlaqələri vardır. O, tez-tez BƏƏ-yə rəsmi səfərlərə gedirdi. Düzdür, onun orada şəxsi biznesi var, lakin eyni zamanda, BƏƏ-nin şeyxi ilə kifayət qədər möhkəm münasibəti mövcuddur.

Onu Serjik Sarkisyan təyin etmişdi. Generalların qiyamı zamanı xüsusi canfəşanlığı sayəsində 1-ci posta öz iddiasını ortaya qoymaqla yanaşı, xalq arasında reytinqə işləyən bəzi addımlar atdı”.

Politoloq hesab edir ki, A.Sarkisyanı istefaya iki səbəb vadar edə bilər:

Birincisi, ola bilər ki, Fransaya meyilli komanda Britaniyaya bağlılığı ilə seçilən təmsilçisini uzaqlaşdırmaq qərarına gəlib; Yaxud, Armen Sarkisyan xarici dostlarından dəstək alıb, indi Nikol Paşinyanın yerinə iddialı olacaq. 

Politoloq bildirib ki,  Ermənistan Respublikasının Konstitusiyasına əsasən, yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərini Ermənistan Milli Assambleyasının sədri - Alen Simonyan həyata keçirəcək. Yunanıstanda istirahətləri ilə məşhurlaşan Simoyanın Ermənistanın prezidenti postunda oturması Paşinyanın maraqları daxilindədir. Düşünürəm ki, böyük ehtimalla Simonyan elə Ermənistanın 5-ci prezidenti olacaq.

Politoloq zəruri hadisələr zəncirini qeyd edərək, bir sıra məqamlara diqqət çəkib.

“A.Sarkisyan BƏƏ-yə uçur, qayıdır, müalicə üçün məzuniyyətə gedir. Eyni zamanda, Alen Simonyan ABŞ-a səfər edir və Amerikadan qayıtdıqdan sonra prezident istefa verir. Ermənistanın Konstitusiyasına uyğun olaraq növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilməlidir.  Yeni prezidentin seçilməsi istefa verdiyi gündən 25 gündən tez və 35 gündən gec olmayaraq keçirilə bilər. Bütün deputatlar namizəd irəli sürə bilər, yəni Köçəryançılar və Sarkisyançılar da cəhd edə bilərlər... Yeni prezidenti seçmək üçün minimum 80 səs lazımdır. N.Paşinyanın parlamentdə 79 yeri var. Sual yaranır: parlamentdəki “Qarabağ klanı” arasında “paşinyançı” kim olacaq?  Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, ikinci turda deputatların 65 səsi kifayət edəcək. Onda N.Paşinyan böyük ehtimalla öz marionet namizədini prezident kürsüsünə oturdacaq”.

Politoloq Turan Rzayev bildirib ki, Sarkisyan özü istefasını onunla əsaslandırdı ki, guya onun əlində daxili və xarici siyasətə təsir edəcək imkanlar yoxdur. Politoloq Sarkisyanın bu açıqlamasını gülünc və bir o qədər də absurd hesab edir.

“Məsələ ondadır ki, Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri açıq-aşkar göstərilir. Hər halda bunu Armen Sarkisyan özü də bilməmiş deyil. Hesab edirəm ki, Armen Sərkisyanın vəzifəsindən istefa verməsinin əsas səbəbi birbaşa onun özü ilə bağlıdır. Belə ki, Sarkisyan prezident olanda Ermənistanın Baş nazir Serj Sərkisyan idi. Serj Sərkisyanın Kremlə sadiq olması Armen Sərkisyanı Ermənistan prezidenti olmaqla kifayətləndirirdi. Lakin Nikol Paşinyanın gözlənilmədən, özü də inqilabla hakimiyyətə gəlməsi Armen Sərkisyanın hakimiyyət iştahını daha da artırdı. Daha dəqiq desək, Armen Sarkisyan ilk başda Nikol Paşinyanı özü üçün elə də ciddi rəqib görmürdü.

Armen Sərkisyan üçün Serj Sərkisyan daha ciddi fiqur idi. Paşinyan isə inqilabla hakimiyyətə gəlmişdi. O elə hesab edirdi ki, Paşinyanı rahatlıqla hakmiyyətdən uzaqlaşdıra, beləcə prezident səlahiyyətlərini artıraraq hakmiyyəti öz əlinə ala biləcək. Prinsip etibarilə Ermənistanın 44 günlük müharibədə məğlub olması və bu məğlubiyyətdə Paşinyanın əsas günahkar kimi göstərilməsi də Sərkisyanın bu ümidlərini artırdı”.

Politoloq son zamanlar Armen Sərkisyanın xarici siyasətdə aktivlik nümayiş etdirməsinə diqqət çəkib.

“Sərkisyanın bir diqqət çəkən cəhəti də onun Böyük Britaniya ilə sıx əlaqələrinin olmasıdır. Hazırda onun əsas biznesi və maliyə kapitalı məhs bu ölkədədir. Bu həm də ondan xəbər verir ki, o da Paşinyan kimi Qərb tərəfindən dəstəklənirdi. Lakin son hadisələrdən sonra Sarkisyan da anladı ki, Qərbin əsas fiquru o yox, Paşinyandır. Sarkisyan buna görə də Paşinyanla mənasız mübarizəyə girib həm erməni diasporu ilə münasibtələrini pozmaq, həm də öz nüfuzunu aşağı salmaq istəmir”.

Politoloq hesab edir ki, Sərkisyanın istefası Paşinyana sərf edir.

“Bir müddətdir Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiya islahatlarına hazırlaşır. Düzdür, onun konstitusiya islahatlarına razılıq verməsinin görünən səbəbi məlum Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi Bakı və Ankaranın ortaq tələbi olsa da, istisna deyil ki, burada Paşinyanın öz maraqları da var. Daha dəqiq desək, Paşinyan islahatlar keçirərək prezidentin səlahiyyətlərini artırmaq, daha sonra da özü prezident olmaq istəyir. Buna görə də o, Armen Sarkisyanın səlahiyyət müddətinin 2025-ci ildə başa çatmasına qədər gözləmək istəmədi.

Armen Sərkisyanın istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Prezidenti isə parlament seçəcəck.  Parlamentdə isə səs çoxluğu Paşinyanın blokuna malikdir. Ehtimal ki, Paşinyan indiki məqamda özünə sadiq bir formal prezidenti başa gətirib Ermənistanda tək güc olacaq. Konstitusya islahatlarından sonra isə özü prezident olacaq. Ancaq bu da bir reallıqdır ki, bunu qısa müddətdə etməsi mümkün deyil”.

Siyasət rubrikasından digər xəbərlər