“Son zamanlar Azərbaycana dünyanın aparıcı dövlət rəsmilərinin səfəri, mütəmadi telefon zəngləri, eləcə də region dövlətlərinin səlahiyyətli nümayəndələrinin səfərləri, siyasi məsləhətləşmələrin keçirilməsi Azərbaycanın real hərbi və iqtisadi gücünə söykənən beynəlxalq nüfuzunun göstəricisi kimi, həm də regionun siyasi mənzərəsinin əsaslı dəyişdirilmə ehtimalının yüksək olması ilə bağlıdır”.
Bunu hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov Almaniya prezidentinin Azərbaycana səfəri kontekstində digər Avropa dövlətlərinin rəhbər şəxslərinin ölkəmizə səfərlərini şərh edərkən qeyd edib.
“Bir neçə gün əvvəl Fransa və Almaniyanın "Arte France" telekanalının "28 dəqiqə" verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanması heç də təsadüfi və texniki səhv deyildi. Nəinki Almaniyada, bütün Avropada xüsusi siyasi nüfuza malik prezident Frank Valter Ştaynmayerin Azərbaycana səfəri də gedən qlobal dünya düzənində aparıcı xətdə yerini möhkəmlətmək istəyidir”.
V.Dadaşov bildirib ki, Azərbaycana rəsmi səfərlərin, təmasların artması eyni zamanda mümkün sülh müqaviləsi ilə bağlı olsa da, faktiki olaraq Ermənistanı qorumaq cəhdidir.
“Azərbaycan heç bir halda Sovet dövründə Ermənistana qanunsuz verilmiş torpaqlar üzərində tam legitimlik qazandıran sülh müqaviləsi imzalamayacaq. Ermənistan mütləq Azərbaycanın irəli sürdüyü şərtləri -Minsk qrupunun ləğvi, Ermənistan Konstitusiyasının ərazi iddiaları ilə bağlı müddəalarının dəyişdirilməsi tələbi yerinə yetirməlidir. Əks halda və ən yaxşı nəticədə Azərbaycan Ermənistanı 1920-ci il Paris sülh konfransında tanındığı ərazilər daxilinə sıxışdıra bilər. Ehtimal edilən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə əlaqədar Azərbaycanla xaricdən təmasların intensivləşməsi əlbəttə ki, Ermənistanın mövcudluğunu qorumaq məqsədi daşıyır”.