“Etibar Məmmədovun vəkili olmamışam”

22:00 30.10.2013
Yazını böyüt
Yazını kiçilt
Əsasən son 25 ilin olayları barədə mükalimə apardığımız bu siyasət adamı Azərbaycan siyasi arenasının fəal, həm maraqlı, həm də ziddiyyətli “döyüşçülərindən” biridir. Azərbaycanın müstəqilliyi onun üçün ülvi dəyər deyil, torpaqlarımızın erməni işğalı altında olduğu bir vaxtda o, paytaxtımızda erməni filmləri festivalı keçirmək eşqinə düşüb... AXC-nin yaradıcılarından olsa da, 20 Yanvar faciəsi ərəfəsində təşkilatın rəhbərliyini xalqı bilərəkdən qırğına sürükləməkdə suçlayaraq istefa verib. Keçmiş ASDP sədri, politoloq Zərdüşt Əlizadə ilə “Labirint”dəki “səyahətimizi” izləsəniz, maraqlı, həm də ziddiyyətli və mübahisəli məqamların şahidi olarsız...

- Zərdüşt bəy, tələbəlik illərində, yəni ötən əsrin 60-cı illərinin ortalarında heç eşitmişdiniz ki, kimsə SSRİ-yə qarşı təbliğat aparır, Azərbaycanın müstəqilliyini istəyir?
- Xeyr, eşitməmişdim. O zaman əhalinin əksəriyyəti yalnız sovetlərə uyğunlaşmaq barədə düşünürdü… Ümumiyyətlə, Azərbaycanın müstəqilliyi mənim üçün ülvi dəyər deyil. Mənim üçün ülvi dəyər insanın azadlığı və xoşbəxtliyidir. Dünyada 193 ölkə var, onların böyük əksəriyyətində insanlar bədbəxt vəziyyətdə yaşayırlar...

- Siyasi təşkilatlanma barədə ideyanız ilk dəfə nə vaxt, kimlərin təsiri ilə yarandı?
- 1988-ci ildə biz Bakı Alimlər Klubunun üzvləri, mən, Tofiq Qasımov, Eldar Namazov və s. o zamankı I katib Ə.Vəzirovla görüşdükdən sonra onun zəmanənin nəbzini tutmaması qənaətinə gəldik. Bundan sonra qərara aldım ki, Azərbaycan Xalq Cəbhəsi yaranmalıdır. Əvvəlcə Bakı Alimlər Klubunu yaratdıq...

- Yeri gəlmişkən, Alimlər Klubu necə yaranmışdı, kimlərdən ibarət idi? Uzun illərdir belə fikirlər səslənir ki, həmin qurum o vaxt Azərbaycanın ikinci katibi olmuş V.Polyaniçkonun təlimatıyla yaradılıb...
- Bunu nadan düşüncəli insanlar danışır. 1988-ci ilin fevralında Qarabağda hadisələr başlayandan sonra Elmlər Akademiyasındakı mitinqlərdə mərkəzi komitə üzvləri boş-boş çıxışlar edirdilər: “Narahat olmayın, emosiyalara qapılmayın, partiyamız hər şeyi həll edəcək” və s. Oraya müxtəlif institutlardan adamlar gəlirdi. Və hər dəfə mitinq dağılandan sonra narazı alimlər qalıb müzakirə edirdik ki, bunların boş danışığından bir şey çıxmayacaq, yığışıb təkliflər hazırlayıb cəmiyyətin müzakirəsinə vermək, çıxış yolu axtarmaq lazımdı. Moskvada Alimlər klubu var idi, bizdə isə yox idi... Bu minvalla Fizika İnstitutundan Tofiq Qasımov, Ağacavad Salamov, Mirbaba Babayev, Şərqşünaslıq İnstitutundan mən, Altay Əfəndiyev, İncəsənət İnstitutundan Sənubər Bağırova, Tarix İnstitutundan Leyla Yunusova və s. Bakı Alimlər Klubunu yaratdıq. Ancaq bu təşkilatı qeydiyyata almırdılar. Və sürətlə inkişaf edən hadisələrin gedişində Bakı Alimlər Klubunu AXC əvəzlədi...

- 1988-ci ilin oktyabrında Üzeyir Hacıbəyovun ev muzeyinin zirzəmisində keçirilmiş yarımgizli tədbirdə nələr müzakirə edilirdi?
- 13 oktyabr 1988-ci ildə Üzeyir Hacıbəyov ev muzeyində və ondan əvvəl Yasamalda “Cəngi” İdman Konsert Birliyinin zalında iki tədbiri mən təşkil etmişdim. Hər üç tədbir AXC-nin yaradılması istiqamətində müxtəlif mövzularda müzakirələr aparmaq məqsədilə keçirilirdi. Qeyd etdiyiniz üçüncü tədbirdə isə mən AXC-nin məramnaməsinin qaralamasını yazmışdım, onun müzakirəsi aparılırdı...

- Həmin tədbirdə rəhmətlik dünya şöhrətli alimimiz Xudu Məmmədov da iştirak etmişdi...
- Bəli, Xudu Məmmədov da o tədbirdə iştirak edirdi. Təəssüf ki, elə oradaca ürək tutmasından vəfat etdi. Deyilənə görə, bu, onun üçüncü infarktı idi. İki həkim briqadası gəlsə də, görkəmli ziyalımızı xilas etmək mümkün olmadı. Çox dəyərli, təmiz, vətənpərvər insan idi, Azərbaycan elminin ən savadlı nümayəndələrindən biri idi...

- Belə fikirlər də var ki, o yığıncaqda Xudu müəllimi kimlərsə qəsdən əsəbiləşdirib...
- Yox, həmin iclasda aparıcı mən idim. Onu heç kəs əsəbiləşdirmədi. Sadəcə, hər kəs öz fikrini söyləyirdi. Məsələn, Xudu müəllim mötədilliyə, ehtiyatlı olmağa çağırırdı, İsa Qəmbər isə deyirdi ki, bu kommunist rəhbərliyi ehtiyat, mötədillik anlamır, heç öz qoyduqları qanunlara da riayət etmirlər... Sadəcə, görünür, tale belə imiş. Xudu müəllim bizim tədbirdən əvvəl “Qayğı” cəmiyyətinin qurultayında da iştirak etmişdi, deyilənə görə, orada bir az əsəbiləşmişdi...

- Bəs Xudu Məmmədovun AXC lideri olmaq məsələsi var idimi?
- Düzü, o zaman təşkilatlanma o dərəcəyə çatmamışdı ki, biz sədr məsələsini müzakirə edək. Amma Xudu müəllim sağ qalsaydı, mən əminəm ki, onun olduğu yerdə digər namizədlərin müzakirəsinə heç bir ehtiyac qalmazdı...

- Zərdüşt bəy, “Çənlibel”, “Varlıq”, “Yurd” təşkilatları necə və kimlər tərəfindən yaradılmışdı?
- Onlardan mənim xəbərim yoxdu. “Çənlibel” dərnək tipli bir qurum idi, orada millətçilər yığışıb türk, Azərbaycan tarixini müzakirə edirdilər. Bildiyimə görə, orada əsas aparıcı şəxslər Məhəmməd Hatəmi Tantəkin, Nemət Pənahlı, İsa Qəmbər idi...

- Qardaşınız Araz Əlizadə müsahibələrindən birində qeyd edir ki, AXC formalaşan zaman mən Zərdüşt bəyə məsləhət gördüm ki, “Varlıq”la “Çənlibel”in birləşməsinə imkan verməsin...
- O zaman yalnız Araz yox, bir sıra ziyalılar da deyirdilər ki, “Varlıq” mafioz bir qurumdu, partiya mafiyasının təşkilatıdı. Ancaq birincisi, AXC açıq bir struktur kimi yaranırdı; kim istəyirdi, daxil olurdu. İkincisi də mən o zaman elə düşünürdüm ki, vətən elə bir ülvi məfhumdur ki, heç kəs digər maraqlarını ondan önə çəkməz. Təəssüf ki, tarix göstərdi ki, yanılırmışam...

- Özünü dissident adlandıran keçmiş AXC üzvü Nadir Ağayev 16 iyul 1989-cu il tarixini Azərbaycanın fəlakətlərinin başlanğıc günü hesab edir...
- Bəli, Nadir Ağayev AXC-yə sıravi üzv kimi gəldi və bir müddət sonra Əbülfəz Əliyevi və ətrafını tənqid etməyə başladı. Mən onunla razıyam...

- Həmin gün təsdiqlənmiş AXC-nin 15 nəfərdən ibarət idarə heyətinin formalaşması proseduru necə həyata keçirilmişdi?
- Bir neçə təşkilat birləşmişdi və həmin təşkilatlardan üç nəfər; mən, İsa Qəmbər və Leyla Yunus həmin 15 nəfərin siyahısını tutduq. Sonradan İsa Qəmbər özü bizimlə razılaşdırılmamış şəkildə universitet müəllimi Nəriman Zülfüqarovu çıxardı, yerinə Pənah Hüseynovu yazdı. Əvvəlcədən razılaşdırılmışdı ki, 8 nəfər AXC Müvəqqəti Təşəbbüs Mərkəzindən, 7 nəfər isə “Varlıq”dan olmalıdır...

- AXC-nin keçmiş SSRİ DTK-nın təlimatları əsasında formalaşması barədə fikirlərə münasibətiniz?
- Məndə elə bir məlumat yoxdu, əgər digərlərində varsa, onlardan soruşun. Mən AXC-ni sidq –ürəklə ölkənin demokratikləşməsi, Qarabağın qorunması naminə yaradırdım, digərlərinin əsl niyyəti nə idi, onu zaman göstərdi...

- Bu ilin iyulunda eks-prezident Ayaz Mütəllibov da AXC-nin “KQB” tərəfindən yaradılması fikrini səsləndirdi...
- Belə bir fikir var ki, o vaxt Sov. İKPMK Siyasi Bürosu DTK-ya SSRİ-ni demontaj (yenidən qurmaq) etmək tapşırığını vermişdi. Çünki real sosializm sistemi iqtisadi baxımdan səmərəsiz bir quruluş idi. İkincisi də sosializm ideologiyası partiya nomenklaturasına xalq mülkiyyətini ələ keçirməyə, onu özəlləşdirməyə imkan vermirdi. Ona görə də Xalq Cəbhələri də yaranmalıydı, liberal ziyalılar rəhbərliyi ifşa etməli idi, ondan sonra da hər şey dağılmalı idi. Bu barədə Rusiya interpolunun keçmiş rəhbəri, hüquq elmləri doktoru Vadim Ovçinski də yazır...
Hələ Litvada “Sayudis” xalq hərəkatı hakimiyyətə gələndən sonra parlament “İllüstrasiya” haqqında (hər bir vətəndaşın özü barədə DTK-da olan məlumatların açılmasını tələb etməsi) qərar verdi. Bundan sonra məlum oldu ki, “Sayudis”in Ali Seyminin 35 üzvündən 17-si DTK agenti imiş. Onlardan baş nazir başda olmaqla, vəzifədə olanlar hamısı istefa verib şəxsi həyatını yaşamağa başladı. Azərbaycanda DTK daha güclü olduğundan AXC-də lap çox DTK casusu ola bilərdi. Onların kimliyini dəqiq deyə bilmərəm. Amma o məlumdur ki, həmin casusların apardığı siyasət Azərbaycan xalqının xeyrinə deyildi...

- 1990-cı il yanvarın 7-də siz AXC sıralarından istefa verdiniz...
- İstefamın əsas səbəbi AXC-də radikal qanadın düzgün olmayan fəaliyyəti, nizamnamənin addımbaşı tapdanması, təşkilatın partmafiyanın əlində hakimiyyətə gəlmək üçün dəyənəyə çevrilməsi, xalqı şüurlu surətdə qırğına və məğlubiyyətə sürükləməsi idi. Bütün bunları gördüyümdən artıq cinayətkar hesab etdiyim o dəstədə qalmağı mümkün hesab etmədim...

- Amma 20 Yanvar faciəsindən sonra sizin radikal hesab etdiyiniz Etibar Məmmədov, Nemət Pənahlı, Rəhim Qazıyev və s. həbs edilərək Moskvada Lefortovo zindanında yatıb çıxdılar və xalqın gözündə qəhrəmana çevrildilər, siz is kölgədə qaldınız...
- Mən onsuz da kölgədə idim, çünki kütlənin səviyyəsi belə idi. Mən meydandakı mitinqdə seçkilərdən danışanda hamı mənə təəccüblə baxırdı, ancaq kimsə erməniləri lənətləyəndə onu qəhrəman sayırdılar...

- Bəs nə əcəb 1990-cı ildə “radikal” deyərək bəyənmədiyiniz Etibar Məmmədovun 1998-ci ildə prezidentliyə namizəd kimi vəkili oldunuz?
- Elə bir şey olmayıb...

- Axı o, son müsahibələrindən birində də bunu söyləyib?
- O, müsahibələrində nə danışır, özü bilər. Həqiqət isə belə olub. Etibar Məmmədov 1998-ci il seçkiləri zamanı müraciət etdi ki, gəl mənə kömək et, ASDP bizi dəstəkləsin. Ona dedim ki, indiki şəraitdə seçilə bilməyəcəksən. O, güldü. Onda təklif etdim ki, seçkilərdə istədiyin nəticəni qazana bilməsən də, gəl biz xalqa bir nümunə göstərək. Sən ermənistanlısan, mən bakılı... Bir demokratik islahatlar platforması təklif edək. Sən də orada yaz ki, Zərdüşt Əlizadəyə baş nazir vəzifəsini verəcəyəm. Bilirəm ki, nə sən prezident olacaqsan, nə mən baş nazir. Sadəcə, xalqa göstərək ki, tayfabazlıq ziyanlı şeydi, müxtəlif tayfaların nümayəndələrinin birləşməsi mümkündür. O, əvvəlcə razılaşdı, dedi sizin partiyadan vəkil ola biləcək şəxslərin siyahısını verin, biz də verdik. Sonra məlum oldu ki, o, baş nazir vəzifəsini ət kombinatının müdirinə söz verib... Mənim də məqsədim xalqa maarifləndirici ruhda bir model göstərmək idi. Etibar Məmmədov həmin modeli qəbul etmədiyi üçün dedim, səninki səndə, mənimki məndə. Yəni bizim müttəfiqliyimiz baş tutmadı və mən onun vəkili olmamışam..

- Azərbaycan ictimai-siyasi səhnəsində bir “küsülü qardaşlar” sindromu var: Sərdar Cəlaloğlu - Qurban Məmmədov, Rəsul Quliyev – Telman Quliyev, Rüstəm İbarhimbıyov - Maqsud İbrahimbəyov və Zərdüşt Əlizadə - Araz Əlizadə... Görəsən bunu da “KQB” edir, yoxsa?..
- Mən seçkilərdən sonra bir söz dedim; qanan qanar, qanmayan qanmaz. Dedim ki, Arazla küsülü olmağıma görə məni qınayanlar yəqin bu debatlardan sonra mənə bu barədə sual verməzlər... Bununla da məsələ bitdi...

- Araz Əlizadə deyir ki, aranızın dəyməsinə əsas səbəbkar Arzu Abdullayeva olub?
- Bu, onun öz işidi, gedin ondan soruşun. Mənim də, Arzu Abdullayevanın da, Mübariz Əhmədoğlunun da, Məmməd Süleymanovun da fəaliyyəti göz qabağındadır. Heç kəs gizli fəaliyyət göstərmir...

- 1989-cu ildə AXC-nin liberal qanadında sizinlə bərabər Əlikram Hümbətov da var idi...
- O liberal qanadda deyildi. Sadəcə, nizamnaməyə əməl edirdi. Sonra o da nizamnaməni tapdaladı: 14 yanvar 1990-cı ildə Lənkəranda çevriliş etdi...

- Bəs Ə.Hümbətovu hansı üstün keyfiyyətlərinə görə ASDP sıralarına qəbul etdiniz?
- O, həbsdən çıxdıqdan sonra biz onu partiya sıralarına qəbil etdik.
O zaman biz Qarabağ, Azərbaycanın demokratikləşməsi uğrunda fəaliyyət göstərən hər bir şəxsi qəbul edirdik. Bizim partiyada kommunist partiyasındakı kimi anket forması yox idi. Həyat tarixçəsini, ailəsində qolçomaq olub-olmadığını və s. öyrənmirdik. Siz əgər Əlikramın pis adam olmağına işarə vurursuzsa, o, pis adam deyil...

- Deyəsən, sizin Bakıda erməni filmləri festivalı keçirmək fikriniz vardı?
- Bəli, keçirmək istəyirdim. Bu məqsədlə Ermənistandakı dostum Georgi Vanyana müraciət etdim ki, bizə bir neçə bədii cəhətdən kamil, abırlı erməni filmi göndərsin. Ancaq o dedi ki, rejissorlar razılıq vermir. Çünki oradakı millətçilik xəstəliyi bizdəkindən daha dərindi... Amma əgər icazə versəydilər, mən belə bir festival keçirərdim... Bütün dünyada mədəniyyət, incəsənət xalqların anlaşmasına, yaxınlaşmasına xidmət edir...

- Bəs torpaqlarımızın erməni işğalı altında olduğu indiki şəraitdə siz bunu şəhid ruhlarına təhqir kimi qəbul etmirsiniz?
- Torpaqları erməni xaqı, erməni ordusu işğal edib? Erməni xalqı buna cavabdeh deyil. Erməni hakim zümrəsi, erməni dövləti cani bir qurumdu və erməni xalqını əsarətdə saxlayır.

- Axı ermənilərin xeyli hissəsi bilavasitə hərbi əməliyyatlarda, soydaşlarımızın qovulmasında, güllələnməsində, əsirlərimizə olmazın işgəncələr verilməsində iştirak ediblər?
- Döyüşlərdə bütöv erməni xalqı iştirak etməyib ki, bir 10 nəfər iştirak edib...

- Siz həqiqətən problemə qlobal, humanist prizmadan yanaşsanız belə, bunu erməni işğalının acısını yaşamış, torpağını, övladlarını, ailələrini itirmiş sadə insanlara anlata bilməzsiniz. Cəmiyyət sizi Əkrəm Əylisli kimi “top atəşinə tutar”...
- Xeyr, xeyr. Əkrəm Əylisli özünü müdafiə edə bilmədi, amma mən özümü müdafiə etməyi bacararam...

Sultan Laçın
rubrikasından digər xəbərlər