Əvvəl ərəblər, indi isə hindlilər...

21:54 22.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 502,7 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 29,2 faizi Rusiya, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,5 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Ukrayna və Küveyt, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla İsrail və Oman, 1,faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,1 faizni kişilər, 32,9 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətən Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,3 dəfə, Çindən - 2,1 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 49,7 faiz, Omandan - 47 faiz, İrandan - 46,5 faiz, Səudiyyə Ərəbistanından - 42,8 faiz, İtaliyadan - 38,7 faiz, Yəməndən - 35,9 faiz, Türkmənistandan - 33,0 faiz, Polşadan - 31,8 faiz, Küveytdən - 29,3 faiz, Misirdən - 29,2 faiz, Özbəkistandan - 25,6 faiz, ABŞ-dan - 21,9 faiz, Ukraynadan - 20,5 faiz, Türkiyədən - 19,6 faiz, Almaniyadan - 19,3 faiz, Tacikistandan - 17,8 faiz, Rusiyadan - 16,9 faiz, Bəhreyndən - 14,3 faiz, Fransadan - 13,5 faiz, Gürcüstandan - 11,8 faiz, BƏƏ-dən 7,5 faiz artıb.

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6 faiz artaraq 258,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 faiz artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 576,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75 faizi hava, 23,8 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edək ki, son illər Hindistandan Azərbaycana səfər edən turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Azərbaycana ikinci ən çox valyuta gətirən turistlər də Hindistandandır. Məsələn, keçən ilin altı ayında bu şəxslər 84.33 milyon manat xərcləyərkən, cari analoji dövrdə bu rəqəm 254.13 milyon manata yüksəlməklə yalnız Rusiyadan geri qalır.

Bəs, görəsən, Hindistandan Azərbaycana turist axınının artmasına səbəb nədir?

Mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyir ki, hazırda Azərbaycanın turizm nümayəndəliyindən məhz biri Hindistanda yerləşir: “Bu nümayəndəliklər Azərbaycanın turizm məkanı kimi tanıdılmasına, uyğun marşrutların hazırlanmasına və həmin bölgələrdən turistlərin cəlb olunmasına xidmət edir. Hindistandan gələn turistlərin sayında əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artım olub. Bu ölkədən turistlərin çox gəlməsi 2016-cı ildən sonra başlayıb. Bu dövrdə il ərzində 6000-ə yaxın turist gəlirdisə, 2017-ci ildə bu rəqəm 14 minə çatıb. 2018-ci ildə 39 min, 2019-cu ildə isə 65 min olub. Pandemiya dövründə isə təbii olaraq, bu rəqəmlər azaldı. Artıq bu rəqəmlərdə yenidən artım müşahidə olunur. Hindistandan gələn turistlər individual deyil, əksəriyyəti qrup halında səfərlər edirlər”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli isə bildirir ki, son vaxtlar ölkəmizə təkcə Hindistandan deyil, digər ölkələrdən gələn turistlərin sayında artım var: “Hindistandan, Cənubi Koreyadan gələn turistlər 2.3-2.5 dəfə artım var. Bu, təkcə Hindistanla bağlı artım məsələsi deyil. Turist sayı azalan ölkələr də var. Əvvəl ərəb ölkələrindən daha çox turist gəlirdi, indi azalma var. Əlbəttə, ümumi götürəndə artım müşahidə olunur. Qonşu ölkələrlə müqayisədə çox azdır. Məsələn, Gürcüstandakı turist sayının statistikasına baxsaq, orada 2022-ci ildə 5.4 milyon turist gəlib. Azərbaycanda hələ ötən il də 35 faizlik artım olmuşdu. Yəni ötən il də, bu il də artıb, ilin axırına iki milyona hələ çıxıb-çıxmayacağı bəlli deyil. Gürcüstanda 2022-ci ildə 5.4 milyon idisə, ötən il gələn turist sayı 6-7 milyona çatmışdı. Əvvəl Hindistandan gələn turistlərin sayı çox az olub, indi bir qədər artıb. Bu artım da rəqəmlərdə böyük görünür. Ümumi şəkildə Azərbaycana gələn turistlərin sayı qonşu Gürcüstandan 2.5-3 dəfə azdır. Gürcüstanın ərazisi, əhalisi Azərbaycandan azdır. Bunlara nisbətdə Gürcüstana gələn turist sayı 2.5, 3 dəfə bizi üstələyir.  Bizim turizm potensialımız çox böyükdür. Hələ quru sərhədlər bağlı ola-ola turizm sayı 35 faizlə rekord vurub. Gürcüstan 5-6 milyon turist qəbul edə bilirsə, Azərbaycanda infrastruktur, təbiətinin gözəlliyi ən azı 8-10 milyon turisti rahat qəbul edə bilər”.