Fast-fud fri kartofları - Menyu

11:18 18.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Yaşadığımız dövrdə “McDonalds” kartofu olaraq tanıdığımız xırt-xırt kartof qızartması böyükdən-kiçiyə hər kəsin sevimli yeməyinə çevrilib. Fast-fud fri kartofunu sevənlər xüsusən də azyaşlılardır. Bu, məhz məşhur ayaqüstü yemək xidməti göstərən restoranlarda ən ləzzətli halı ilə istehlakçılara təqdim olunur.  

Kartof qızartmasının mənşəyi mütəxəssislər arasında mübahisə mövzusudur. Liege Universitetinin professoru Pierre Leclerc Brüsseldə keçirilən "Fransız kartofunun mənşəyi" adlı tədbirdə çıxışı zamanı deyib:

"Belçikalılar kartof qızartmasını sevirlər, lakin son vaxtlara qədər heç kim onunla ciddi elmi şəkildə məşğul olmayıb".

Fransada ilk kartof qızartmasının Parisin ən qədim körpüsü olan Port Neuf üzərində hazırlandığı güman edilir. Tarixçi Ferriere 1978-ci il Fransız İnqilabından az əvvəl küçə satıcılarının kartof fri bişirdiyini bildirib. Artıq bu nəzəriyyə elmi dairələrdə çoxdan qəbul edilmişdir.

Bu gün daha çox dadlı kartof yemək istəyənlər restoranlara üz tutur, ancaq onu ev şəraitində hazırlamaq  da mümkündür. Olduqca sadə  görünən bu yemək, əslində, heç də məsum deyil. Bəs görəsən, kartof frilərdə bizi hansı təhlükələr gözləyir? Kartof fri alan zaman nələrə diqqət edək?

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən qida mütəxəssisi Ağa Salamov bildirdi ki, restoranlarda bişən kartof friərin tərkibində kartofdan başqa hər şey var.  Sənaye üsulu ilə hazırlanıb ölkəyə idxal olunan bu qida özlüyündə çox zərərli maddələri cəmləşdirir:

“Tərkibində 7-8 qatqı maddəsi var ki, bu da orada kartofun təbiiliyini itirməsinə səbəb olur. Belə yemək boş karbohidrat sayılır. Tərkibində liflər olmadığına görə, insanlar onu istehlak etdikdə yenidən acırlar. Həmçinin kartof frilərin harada bişməsi də nəzərə alınmalıdır. Bilmək vacibdir ki, yemək hansı yağda bişirilərək hazırlanır. Fri kartoflar fri yağlarında bişdiyindən, bu da orqanizmə ikiqat zərər deməkdir. Sözügedən yağlar orqanizm tərəfindən mənimsənilmir, ona görə də mütəmadi istifadəsi bədxassəli şişlərin əmələ gəlməsinə, qaraciyər, ürək, qan-damar sistemi xəstəliklərinin yaranmasına səbəb olur”.

Mütəxəssis deyir ki, kartof frini ildə bir və ya iki dəfə yemək heç də ziyanlı deyil. Lakin mütəmadi istifadə çoxlu sayda xəstəliklərə yol aça bilir:

“Yaxşı olardı ki, uşaqları və yaşlıları kartof fri yeməkdən çəkindirək. Ümumiyyətlə, risk qrupuna daxil olan hər bir şəxs üçün bu yeməyin istehlakı böyük təhlükə hesab olunur. Təbii ki, il ərzində bir və yaxud iki dəfə özəl günlərdə yeyilməsi ziyanlı hesab olunmur. Nəzərinizə çatdırmaq istərdim ki, kartof qızardıqda daxilində xərçəng hüceyrələri əmələ gətirən hissələr meydana gəlir. Buna görə də təmiz və mənşəyi bəlli olan yağlarla ev şəraitində bu yeməyi hazırlamaq daha məqsədəuyğundur. Yaxşı olardı ki, evdə kartof fri hazırlamaq istəyən şəxslər onları yağlı kağızların üzərinə düzüb, daha sonra sobaya versinlər. Mütləq şəkildə kartof bişirən zaman onu çox qızartmaq olmaz”.