Fələstin münaqişəsinin XARİCDƏN İDARƏ OLUNAN OYUNÇULARI (GÜNDƏM)

09:10 08.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail ordusu yenə Qəzzə zolağını bombalayır. Avqustun 5-də başlayan hücumlar bu gün üç gündür şiddəti ilə davam edir, ölənlər isə birmənalı şəkmildə mülki insanlardır. Həlak olanların arasında kiçik, bu dünyada qayğıdan başqa heç nə arzulamayan körpələr də var.

Hər kəs kimi mən də istənilən müharibənin, ölüm-itimin əleyhinəyəm. Deyirəm ki, həmişə sülh olsun, millətindən, dinindən, irqindən asılı olmayaraq, hamı birlikdə, dost, qardaş kimi yaşasın. Amma reallıq başqa diqətini edir, ikigündənbir eşidirik ki, İsrail tərəfi Qəzzədən raket atıldığını deyib fələstinlilərin başına bomba ələyir. Günah kimdədir, bu günahı sonu faciə ilə bitəcəyini bilə-bilə niyə işləyirlər, bax bunu günahkarların öz vicdanına buraxıram. Amma bildiyin tək şey odur ki, heç kim durduğu yerdə partizanlıq eləmir, mütləq səbəb var. Bombalayan tərəfin də əsasları var – qisas alır. Bəs bu toqquşmanı kim və niyə törətdi, istər İsrail, istərsə də Fələstin (xüsusilə də Qəzza tərəfi) heç bir dəfə oturub danışdımı, bu mənasız qarşıdurmanı sonlandırmaq barədə düşündülərmi? Bəlkə tərəflərdən heç biri digərinə güzəştə getmək istəmir, əsl düyün buradadır...

Əslində 75 ildir davam edən İsrail-Fələstin savaşı yalnız Qərbə sərf edir. Birincisi, onlar bu 75 ildə sözügedən münaqişədən istifadə edərək nələr əldə etmədilər! Bir vaxtlar kapitalizm və sosializm qütbləri də məhz İsrail-Fələstin münaqişəsi üzərində öz cəbhələrinin miqyasını genişləndirirdi, ABŞ, Böyük Britaniya, digər Qərbi Avropa subyektləri ərəb neftini, qazını, digər sərvətlərini daşımaq üçün onilliklər boyunca bu münaqişənin alovu arxasında gizləndilər. Nəhayət, sosializm süquta uğradı - daha SSRİ yoxdur, “Soyuq müharibə” başa çatıb, baxmayaraq ki, yenidən gündəmimizə qayıdır, amma münaqişəyə çözüm görünmür. Bir vaxtlar nisbətən yumşalma hiss olundu tərflərin münasibətində, əlüstü Türkiyənin humanitar yardım missiyasını həyata keçirən gəmiyə silahlı basqın edən İsrail səhv etmirəmsə, 9 əliyalın hüquq müdafiəçisini qətlə yetirdi. Təbii ki, bunun acı nəticələrini İsrail indi də yaşayır. Ərəb ölkələri İsraillə əlaqələri normallaşdırmağa başladılar, budur, ikigündənbir yəhudilər Əl-Əqsaya basqın edir, Qəzza bombalanır və sair. Maraqlıdır, region ölkələri ilə yaxşı əlaqələr istəyən İsrail niyə özünün aqressiv obrazını yaradır? Bəlkə təhrikedici qüvvələrin planları məcbur edir, ola bilər. Hər halda ABŞ öz səfirliyinin binasını müsəlmanların Qüds, yəhudilərin isə Yerusəlim  adlandırdığı şəhərə İsrailə sevgisindən köçürməyib, bununla müsəlmanlarla İsrail arasında uçurumu bilərəkdən, planlı şəkildə dərinləşdirdi.

Bəs Qəzzədakı fələstinlilərə nə olub ki, zaman-zaman İsrail ərazisini kustar üsulla hazırlanmış raketlərlə atəşə tuturlar? Özü də bu raketlər hara gəldi düşür. Allah eləməsin, Qəzzadan idarəolunan raketlə hansısa vacib obyekt vurulmuş olsaydı, bəlkə də Qəzzanın hücumunda bir məntiq görmək olardı. Sanki qəzzalılar ara-sıra beş-on əldəqayırma rekti İsrailə atırlar ki, gəlin şəhərlərimizi bombalayır, onlarla, yüzlərlə qadın-uşaq bilmədən, günahsız insanlarımızı qətlə yetirin.

Bir məsələyə dərininə getmədən aydınlıq gətirim ki, Qəzza zolağı deyilən ərazi Fələstin dövlətinin bir hissəsidir. Bütün Fələstinin prezidenti Mahmud Abbas olsa da, Qəzzaya İslam Müqaviməti Hərəkatının – HƏMAS-ın lideri İsmayıl Haniyə rəhbərlik edir. İki başçı arasında heç vaxt sular durulmayıb, İsmayıl Haniyə yeri gələndə heç Mahmud Abbası lider olaraq qəbul eləmir - özü müstəqil qərar verir və sair. Bir növ iki fərqli coğrafiyaya ayrılmış Fələstinin iki lideri olduğu kimi, hər hissədə çox sayda əlavə kiçik liderlər də var. Kortəbilik hökm sürür Fələstində, xüsusilə Qəzzada. Ərazisi olduqca kiçik, əhalisi isə 2 milyondan artıq olan Qəzzada onlarla qruplaşma var ki, hər birinin də öz lideri, öz nizamnaməsi, qayda-qanunu və sair. İndi gəl bu qədər qruplaşmanı vahid platforma ətrafında cəmlə.

Məhz bu kortəbiliyin və qarmaqarışıqlığın nəticəsidir ki, üç gündür Qəzzanın min əziyyətlə tikilib-qurulan şəhərləri bombalanır, mərmi partlayışları altında min əziyyətlə böyüdülən fələstinli övladlar həlak olur.

Bayaq qeyd etdim ki, İsraili hər addımında ABŞ, İngiltərə dəstəkləyir, elə bilirsiniz Fələstindəki qruplaşmaları xaricdən himayə etmirlər? Əvvəllər onları SSRİ qoruyurdu, indi İran, başqa bir sıra ölkələr. Elə son hücum zamanı İsrail bəyan etmişdi ki, İslami Cihad Hərəkatı və onun silahlı qanadı olan “Seraya Qüds”ü hədəf alır. Bu təşkilat isə məhz İran tərəfindən himayə edilir.

Bu arada, İsrail son dövrdə Qəzzada İslami Cihadın yüksək rütbəli rəhbərliyini tamamilə məhv etdiyini bildirir. Sonda Qəzza zolağının Şimal Regional Komandanı Teysir əl-Cəbari, Cənub Regional Komandanı Xalid Mənsur və Raket Birliyinin komandiri Rafet əz-Zimilinin həyatını itirdiyi bildirilib. Qəribədir ki, İsrail hələlik “Qəssam” liderlərinə və mövqelərinə zərbə endirməyib. Niyə, çünki HƏMAS-ın silahlı qanadı olan “Qəssam” Briqadaları atışmalarda rəsmi şəkildə iştirak etməyib və İsrail bunu qiymətləndirib.

Qruplardan söz düşmüşkən, bayaq da qeyd etdim ki, Qəzza zolağında onlarla bir-biri ilə əlaqəli və ya müstəqil qruplar fəaliyyət göstərir. Onlardan bəziləri haqda qısa məlumat verirəm:

1. İzəddin əl-Qəssam Briqadaları, HƏMAS-ın silahlı qolu olan qrupdur. Qəzzada ən böyük silahlı təşkilatdır. 1991-ci ildə yaradılıb.

2. “Yerusəlim Seriyyas”, İranın dəstəklədiyi İslami Cihadın silahlı qoludur. Qəzzada ikinci böyük qrupdur. 1981-ci ildə təsis edilib.

3. Əl-Əqsa Şəhidləri Briqadaları, “Fəth” təşkilatının silahlı qanadı olan strukturun Qəzzada da varlığı var. 2000-ci ildə təsis edilib.

4. Səbir Hərəkatı, Qəzzada yeganə şiə quruluşu olan hərəkat, birbaşa İranla bağlıdır. Qrup 2014-cü ildən fəaliyyət göstərir.

5. Xalq Müqavimət Hərəkatı - Nasir Səlahəddin Briqadası, Qəzzanın üçüncü böyük strukturu olan qrup, 2000-ci ildə keçmiş “Fəth” üzvləri tərəfindən yaradılıb. Qrupun tərkib hissələrindən biri olan "Liva əl-Tövhid" Qəzzada mühüm cihadçı birləşmələrdən biri kimi təsvir edilir.

6. Əbu Əli Mustafa Briqadaları, Fələstinin Azadlığı Xalq Cəbhəsinə bağlı struktur, 1967-ci ildə yaradılıb və 2001-ci ildə adını dəyişib.

7. Fələstinin Qurtuluş Xalq Cəbhəsi - Baş Komandanlıq, 1968-ci ildə yaradılan qrup Əsəd rejimi və İrandan dəstək alır. Qrupun üzvləri hətta Suriyada da döyüşür.

8. Mücahid Briqadaları, 2001-ci ildə qurulan bu struktur “Fəth”dən ayrılan Mücahidlər Hərəkatının hərbi qoludur.

9. Fələstin Milli Müqavimət Briqadaları, Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhənin silahlı qoludur, 1969-cu ildə yaradılıb.

10. Əl-Ənsar Briqadaları, qrup 2007-ci ildə “Fəth”dən ayrılan Mahmud Abbasa qarşı olan Əhrar Hərəkatının silahlı qoludur.

11. Seyf əl-İslam Briqadaları, Qəzzanın ən mütəşəkkil sələfi strukturu olan qrup, son illər təşkilatlanma prosesini davam etdirir.

12. Nasir Səlahəddin Briqadaları - Liva ət-Tövhid, qrupun 2000-ci ildən sonra digər qruplaşmaları tərk edən cihadçılar tərəfindən yaradıldığı məlumdur.

13. Camaat ət-Tövhid vəl Cihad, ilk dəfə 1997-ci ildə yaradılan qrup Misirdə də fəaliyyət göstərib. Qrupun təsiri zəifdir.

14. Ceyşül Umma, 2005-ci ildə yaradılan cihad tərəfdarı qrup, Qəzzada sələfi ideologiyasını müdafiə edir, “Əl-Qaidə” ilə əlaqəlidir.

15. Ceyşül İslam, Duğmus qəbiləsinin 2006-cı ildə qurduğu quruluş sələfi qrupları arasında ən qədim birləşmələrdən biridir.

16. Mücahid Şura Məclisi, əsasən 2006-cı ildə İraqda yaradılıb, 2012-ci ildən isə Qəzzədə fəaliyyət göstərən struktur. 2014-cü ildə İŞİD-ə qoşulub. Qəzzada qrupun fəaliyyəti bir az zəifdir...

Buyurub siyahıya baxın, siyahıda 16 silahlı təşkilatın adını qeyd elədim. Bu təşkilatların əksəriyyətinin adını İŞİD-lə, “Əl-Qaida” ilə hallandırıldığını eşitmişik. Konkret olaraq, siyahıda sonuncu qeyd etdiyim Mücahid Şura Məclisinin ilk lideri məhz İŞİD-in başçısı kimi tanıdığımız və ABŞ tərəfindən öldürülmüş Abdullah İbn Raşid əl-Bağdadi olub. Bağdadidən sonra isə təşkilata qısa müddətə Əbu Musab əl-Zərqavi rəhbərlik edib.

Göründüyü kimi, 16 silahlı təşkilatlardan bir çoxu İran, bir hissəsi İraq, nə bilim hansısa ərəb ölkəsi tərəfindən gizli və ya açıq himayə olunur. Məqsəd nədir, nə istəyirlər - lap əvvəldə dediyim kimi, müharibə, qan istəyirlər. Bunlar Yaxın Şərq xalqlarını rahat buraxmayacaqlar, sülh və rifaha qovuşmalarına imkan verməyəcəklər. Amma Allah insanlara digər yaratdığı canlılarla müqayisədə ən üstün bəxşişini – ağıl, düşünmək qabiliyyəti verib. Həm israillilər, həm də fələstinlilər oturub məhz ağılla fikirləşməli, dünənədək olanları bir yana qoymalı, heç kimi dinləmədən özləri birlikdə qərar verməlidirlər...

Oxunma sayı 827
Siyasət rubrikasından digər xəbərlər