Fermerin taxılı satmaq kimi bir problemi olmayacaq - Ekspert

15:02 16.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Ukrayna arasında davam edən müharibə nəticəsində bir çox ölkələrin taxıl təminatında ciddi problemlər yaranıb. Qeyd edək ki, Azərbaycan da ənənəvi olaraq taxılı Rusiyadan alır. Amma Prezident İlham Əliyev bu yaxınlarda Dövlət Televiziyasına müsahibəsi zamanı bildirib ki, Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alır: “Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, artıq biz özümüz də gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal edilir”.

Prezident Əliyev bildirib ki, bu amillər reallıqdır: “Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”.

Xatırladaq ki, Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuəsində dərc edilən məlıumata əsasən Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkədə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır. Məlumatda deyilir ki, Azərbaycanın ərzaq buğdası ilə özünü təminetmə səviyyəsi orta hesabla 59.5 faiz təşkil edir, tələbatın təxminən 40-45 faizi idxal hesabına ödənilir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukrayna olub.

Yeri gəlmişkən, Rusiya Taxıl İttifaqı bu il oktyabrın 4-7-dək Bakıda "Qlobal Taxıl Görünüşü" adlı XII Beynəlxalq Taxıl Ticarəti Konfransı keçirəcək. Qurumun məlumatında deyilir ki, Azərbaycanın unikal coğrafi mövqeyi var: “Azərbaycanın unikal coğrafi mövqeyi bu ölkəni Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasındakı pozitiv imici bu ölkəni “Taxıl qapısı” kimi seçməyə imkan verir“.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirib ki, son illər Azərbaycanda ərzaqlıq buğda istehsalının stimullaşdırılması üçün ciddi addımlar atılır: “Artıq gələn ildən Prezident İlham Əliyevin “Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” imzaladığı fərmana əsasən, ölkədəki bəzi buğda istehsalçılarına subsidiyalar yeni qaydada veriləcək. İlkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə, un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək. Eyni zamanda, səhv etmirəmsə, dövlət fermerlərdən 68 qəpiyə taxıl almağı da nəzərdə tutur. Yəni, fermerin taxılı satmaq kimi bir problemi olmayacaq. Bunlar olduqca vacib addımlardır və fermerləri daha çox ərzaqlıq buğda istehsal etməyə sövq edəcək”.

Ekspert omu da vurğulayıb ki, ötən ilə qədər Azərbaycanda taxıl əkini sərfəli deyildi: “Çünki məhsuldarlıq az olurdu, aqrotexniki qulluq düzgün aparılmırdı, əldə olunan məhsul ucuz satılırdı və s. Ona görə fermerlər başqa istiqamətlərə maraq göstərirdilər. Amma qeyd etdiyim qərarlardan sonra vəziyyət ciddi şəkildə dəyişəcək və ölkədə bu addımlar ərzaqlıq buğda istehsalına müsbət təsir göstərəcək. O ki qaldı siyasi məqamlara, ölkə Prezidenti açıq şəkildə bəyan edib ki, bu istiqamətdə hansısa problem yoxdur. Nəzərə alsaq ki, bizim də əsas taxılımız Rusiyadan gəlir. İnanıram ki, Prezidentin də vurğuladığı kimi, bu sahədə hansısa problemimiz olmayacaq”.      Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, Azərbaycan taxıla olan ümumi ehtiyacının 57-58 faizini daxili yığım hesabına həyata keçirə bilir: “Hasilatdan asılı olaraq yerdə qalan taxılı xaricdən idxal edirik. 40-42 faiz taxılı müxtəlif ölkələrdən idxal edirik ki, burada əsas yeri Rusiya tutur. Yəni ərzaq üçün taxılı Rusiya, Ukrayna və Qazaxıstandan idxal edirdik ki, indiki məqamda Ukraynanı bu sıralamadan çıxarırıq. Rusiya və Qazaxıstanla əlaqələrimiz qaydasındadır. Məlum məsələlərə görə heç bir dünya ölkəsi Ukrayna ilə ixracı təşkil edə bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycanda taxıl problemi gözlənilmir. Hələ 8-9 aylıq buğda ehtiyatımız var. Eyni zamanda, taxıl və un məhsullarının təkrar ixracı üzərində də İqtisadiyyat Nazirliyinin nəzarəti var. Yəni narahatlığa əsas yoxdur. Hələlik isə ümumi şəkildə bahalaşma riski ilə üzləşə bilərik”.

Onun sözlərinə görə, hökumətin qarşısına qoyduğu əsas məqsəd ərzaqlıq buğdanın təminat səviyyəsini 75 faizə qədər qaldırmaqdır: “Bizim işğaldan azad olunmuş ərazilərimiz olduqca bərəkətlidir, iqlim və torpaq taxıl istehsalını artırmaq üçün əlverişlidir. Bunlar isə dövlətin diqqətindədir. Ona görə də istehsalı artırmaq üçün müxtəlif addımlar atılır ki, bunlardan biri də subsidiya məbləğinin artırılmasıdır. Əvvəl subsidiya əkin sahəsinə görə verilirdi, yaxşı deyildi, fermeri məhsuldarlığı artırmağa həvəsləndirmirdi. İndi isə subsidiya məhsula görə verilir, əgər çox məhsul istehsal edirsənsə, daha çox subsidiya əldə edirsən”.

Oxunma sayı 122